Mikayıl Cabbarov yenidən tənqid hədəfində
11:55 08-08-2014
CƏMİYYƏT
Mikayıl Cabbarov yenidən tənqid hədəfində
Onun nazirliyi kolleclərdə təhsilin keyfiyyətini niyə qiymətləndirmir?
Təhsil Nazirliyinin lisenziya verdiyi kitabda isə biabırçı səhv ortaya çıxdı
Mikayıl Cabbarovun nazirliyi bu dəfə kolleclərə görə qınaq hədəfinə gəlib. Belə ki, Təhsil Nazirliyi bu təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməməsinə görə tənqid olunur.
"Hazırda Azərbaycanda 58 orta ixtisas təhsili müəssisəsi var. Bunlardan 57-si dövlət, 1-i isə qeyri-dövlət təhsili müəssisəsidir". Bunu modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildiriblər.
Təhsil eksperti, "XXI əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə deyir ki, orta ixtisas təhsili müəssisələri, kolleclər sovet dövründə yaradılıb: "Dünyanın bir çox ölkələrində kolleclərin əksəriyyəti ali məktəblərin nəzdində yerləşirlər, məzunlar ali məktəbin bu və ya digər pilləsində təhsil almaq üçün hazırlanırlar. Bizdə kollec məzunlarının bilik səviyyəsi, çox aşağıdır. Hətta monitorinq aparılanda üzə çıxmışdı ki, pedaqoji kolleclərin məzunları müəllimlərin işə qəbulu imtahanında müsbət nəticə göstərə bilmirlər".
Ekspert düşünür ki, bəzi ixtisaslı kolleclər bağlanmalıdır: "Məsələn, maliyyə ixtisası üzrə kolleclərin olmasına ehtiyac yoxdur. İqtisad Universitetinin profili kifayət qədər genişləndirilib. Digər ali məktəblərdə də iqtisadiyyatın müəyyən sahələrində mütəxəssislər hazırlanır. Ancaq bu il Təhsil Nazirliyinin atdığı bir addımı biz təqdir eləyirik ki, bir çox kolleclərdə pedaqoji ixtisaslar yığışdırıldı".
E. Əliyev deyib ki, digər kolleclərdə də hazırlıq səviyyəsi çox aşağıdır: "Yerdə qalır digər əmək tələbatına dair ixtisaslara mütəxəssis hazırlığı aşağı səviyyədədir. Kolleclərə ayrılan vəsaitləri peşə məktəblərinə yönəltmək lazımdır. Peşə təhsili
sistemi get-gedə inkişaf eləsə, kollec təhsili sıradan çıxacaq".
Ekspert bu məsələdə Təhsil Nazirliyini də günahlandırır: "Ən dəhşətlisi budur ki, bu günə qədər kolleclərdə ki, təhsilin keyfiyyəti qiymətləndirilməyib. Kolleclərin akkreditasiyası obyektiv şəkildə aparılmayıb. Təhsil Nazirliyinin nümayəndələri iddia edə bilərlər ki, o kolleclər akkreditasiyadan keçib? Xeyr, kolleclərin o şəkildə qeydiyyata alınması saxta hesab olunmalıdır. Obyektiv akkreditasiya olsa bir neçə ixtisasların fəaliyyəti dayandırılmalı idi. Ya bu kolleclər ali məktəblərə inteqrasiya olunmalıdır, ya da kolleclərin əksəriyyəti bir kollec şəklində birləşdirməlidir. O şəkildə inkişaf etməlidir ki onun məzunları ilə, ali məktəb məzunları arasında rəqabət olsun".
Təhsil eksperti kolleclərə qəbulun bu qədər asanlaşdırılmasını plan yerləri ilə əlaqələndirib: "Kolleclərə qəbul ballarının bu qədər aşağı olması, onların saxlanılmasına xidmət göstərir. Nazirlər Kabinetinin qərarı ilə kolleclərdə plan yerləri təsdiqlənib. Plan yerlərinin doldurulmasına xidmət göstərir. Aşağı balla kolleclərə abituriyent qəbulu onu göstərir ki, bu tip məktəblərə tələbat da azdır. Yəni ən aşağı səviyyəli abituriyentlərin qəbuluna şərait yaradılır. Amma belə təhsil müəssisələrinin saxlanılması doğru deyil. O yerlərin boş qalması savadsız mütəxəssis hazırlığının həyata keçirilməsindən daha yaxşıdır. Bu təhsilin səviyyəsini də aşağı salır. Həm də keçid balı 150 bala düşdüyü halda, abituriyentlərin bir çoxu heç o balı da toplaya bilmədi. 150 baldan aşağı toplayanlarda Rusiya, Ukrayna, Gürcüstana üz tutur. Yerdə qalanları da zorən kolleclərə tələbə etmək istəyirlər".
Ekspert vurğulayıb ki, kollec məzunları ixtisaslarına uyğun iş tapa bilmirlər: "İş yerlərinin əksəriyyəti kollec məzunlarını yaxın buraxmırlar, ali təhsilli insanları işə qəbul edirlər.
Dövlət müəssisələrinə işə qəbul imtahan əsasında aparılır. Digər müəssisələrdə kollec məzunlarını işə götürmürlər. Müəssisə rəhbərləri kollec məzunlarının təhsil səviyyəsini çox aşağı qiymətləndirirlər".
Təhsil Nazirliyinin bu iradlarla bağlı mövqeyi isə maraq doğurur. Hər halda kolleclərlə əlaqədar belə fikirləri əksər ekspertlər bölüşürlər. Bu vəziyyətdə son söz isə Mikayıl Cabbarovun nazirliyinin üzərinə düşür.
Təhsil Nazirliyindən söz düşmüşkən dünən yayılan bir xəbəri də diqqətə çatdıraq. Belə ki, Cabbarovun nazirliyinin lisenziya verdiyi və satışa çıxarılan vurma cədvəli kitabında biabırçı səhvə yol verilib. "Vurma cədvəlini əzbərləməyin ən qısa və asan üsulu" adlı kitabda 5-in 8-ə vurulmasından alınan hasilin 45 olduğu göstərilib. Əslində isə cavab 40 olmalıdır.
Bu haqda məlumat verən valideynlərdən biri deyib: "Oğluma aldığım əl kitabındakı yanlışa baxın. Bu cür yanlışlıq uşaqlara mənəvi olaraq dəhşətli dərəcədə zərbədir. Bağışlanmamalıdır bu. Hörmətli nazirimiz Mikayıl Cabbarov, lütfən insanlara kitab çıxarmaq üçün lisenziya təqdim edəndə onların savadının bir daha araşdırılmasını istəyin. Bu gün ibtidai sinif şagirdinin şüurunda bu yanlışlığı yerləşdirməyiniz gələcəyin peşe sahibində işinə və təhsilə inamsızlıq yaradacaq. Vurma cədvəli tarix və ya digər humanitar fənn deyil ki, təhrif olunsun.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22