Ermənistan geri çəkildi
11:25 12-08-2014
CƏMİYYƏT
Ermənistan geri çəkildi
Azərbaycan hücum diplomatiyasını davam etdirməlidir
Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü başa çatdı. Görüşlə başğlı verilən rəsmi xəbərlərdən aydın olan budur ki, tərəflər daha çox atəşkəsin qorunmasını müzakirə ediblər. Amma prinsipial məsələlərlə bağlı hər hansı bir yenilik müşahidə olunmur. Elə Rusiyanın xarici işlər nazirinin açıqlaması da bunu təsdiqləyir. "Razılaşdırılmayan məsələlər elə də çox deyil, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir. Azərbaycan və Ermənistan prezidentləri Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqu davam etdirməyə hazır olduqlarını ifadə ediblər. Rusiya Federasiyası həmsədrlərdən biri kimi bu məsələyə öz töhfəsini verəcək".Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
Nazir görüşün faydalı olduğunu bildirib: "Prezidentlər həmsədr ölkələr tərəfindən təqdim olunmuş prinsiplərə sadiq olduqlarını bir daha təsdiq etdilər. Bu prinsiplərin əsasında məsələnin yalnız sülh yolu ilə həll olunması, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət dayanır".
S. Lavrov qeyd edib ki, prezidentlərin görüşündə ATƏT-in və təmas qrupunun qərarlarının həyata keçirilməsinin vacibliyi müzakirə olunub. Xarici işlər nazirlərinə tapşırılıb ki, bu işi məsələnin həllinin praktik aspektlərinin razılaşdırılması işi ilə paralel davam etdirsinlər.S. Lavrovun sözlərinə görə, razılaşdırılmayan məsələlər elə də çox deyil, əksər razılaşmalar artıq əldə olunub, lakin bir neçə konkret məqam var ki, bunlar işlənməlidir: "Necə deyərlər, şeytan detallarda gizlənir və ən mürəkkəb məsələlər hələ həllini tapmayıb".Amma məsələnin başqa maraqlı tərəfi bu dəfə Ermənistan prezidentinin tutduğu mövqe oldu. Belə ki, son illər daha çox radikallığa üstünlük verən, Azərbaycanla hərb dilində danışmağa üstünlük verən Serj Sarksyan bu dəfə güzəşt mövqeyi tutmaqla diqqəti cəlb etdi. Ermənistan prezidenti açıq şəkildə bildirdi ki, problemin hərb yolu ilə həllini doğru saymır və atəşkəsin qorunması üçün lazımi addımları atmağa hazırdır. Bu isə sözsüz ki, son günlər baş verən proseslərlə bir başa əlaqədardır. Belə ki, Ermənistan tərəfinin gözlənilmədən Azərbaycan postlarına hucum etmələri və 13 şəhid verməyimizdən sonra Azərbaycan ordusu səfərbər oldu və qarşı tərəfə ciddi zərbələr vuruldu. Hətta ekspertlər düşünürdü ki, hərbi əməliyyatlar daha geniş şəkil ala bilər. Məhz bu məqamda Ermənistan tərəfi gördü ki, Azərbaycan ordusu artıq 1992-ci ildəki ordu deyil və hazırda Azərbaycan tərəfi qat-qat güclüdür. Bununla yanaşı son atəşkəs pozulmalarında Rusiya tərəfinin məsələyə müdaxilə etməməsi də Ermənistanı narahat etdi. Çünki Ermənistan hər zaman Rusiyaya güvənib və hesab edirlər ki, hərbi əməliyyatlar başlayarsa Rusiya Ermənistana dəstək verəcək. Amma son proseslərdə Rusiya daha çox gözləmə mövqeyi tutdu. Bununla da Ermənistan tərəfi anladı ki, Rusiya heç də düşündükləri kimi mövqe sərgiləməyəcək. Ən azından ona görə ki, hazırda Krım olaylarına görə Rusiyanın özünün durumu heç də yaxşı deyil və indiki məqamda Rusiya Azərbaycan kimi bir dövlətlə üz-üzə gəlməyə risk etməz. Çünki belə bir addım Rusiyanın özünü təcrid durumuna sala bilər. Məhz bunlara görə ekspertlər hesab edir ki, Azərbaycan hazırda psixoloji baxımdan qalib durumdadır və şəraitdən istifadə etməyə ehtiyac var. Soçi görüşündə həm də əksəriyyət düşünürdü ki, Azərbaycan Avrasiya İttifaqı ilə bağlı mövqeyində hansısa dəyişikliklər edə bilər. Amma aydın oldu ki, bu məsələnin müzakirəsi ikinci dərəcəli məsələ olub və Azərbaycan tərəfi fərqli heç bir bəyanatla çıxış etmədi. Beləliklə Soçi görüşünü dəyərləndirərkən tək bir reallıq ortaya çıxır. Reallıq isə budur ki, Azərbaycanın gücü ilə artıq tərəflər razılaşır və Azərbaycan hücum diplomatiyasını davam etdirməlidir.Bunu da unutmayaq ki, yaxın zamanlarda Azərbaycan və Ermənistan prezidentlərinin Fransa görüşü də baş tuta bilər. Azərbaycan bu mərhələdən də qalib kimi ayrılmalıdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43
2024-11-26 09:44:00
2024-11-26 08:37:37
2024-11-25 23:45:45