Ziya Məmmədova qarşı gözlənilməz üsyan
12:59 13-08-2014
İQTİSADİYYAT
Ziya Məmmədova qarşı gözlənilməz üsyan
"London taksiləri"nin sürücüləri etiraza qalxdılar
Azərbaycana gətirilən "London taksiləri" ilə bağlı qalmaqal səngimək bilmir. Hələ bu taksilərin alınaraq ölkəmizə gətirilməsi böyük qalmaqala səbəb olmuşdu.
Belə ki, həmin taksilərin istehsalı və satış qiyməti barədə ortaya çıxan iddialar aranı qarışdırmışdı. Məlum olmuşdu ki, avtomobilləri "Marganese Bronze Holdings PLC" şirkəti ilə Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi olan "Shanghai LTI" şirkəti istehsal edib. Sonuncu Çində fəaliyyət göstərir. Bildirilirdi ki, taksilərin məhz Çində istehsal olunması bəzi suallar doğurur. Çünki həmin "kitayski" avtomobillərin paytaxt şəraitində istismarı zamanı bir sıra problemlər yarana bilər. Buna nümunə kimi 2007-ci ildə Bakıya Cənubi Koreyadan baha qiymətə alınıb gətirilən iri tutumlu DAEWO markalı avtobuslarla bağlı ajiotaj göstərilirdi.
Qeyd edilirdi ki, sonradan aparılan araşdırmalar zamanı məlum olmuşdu ki, həmin avtobusların bir qismi istismara yararsızdır. Daha dəqiqi, avtobuslar heç də təzə deyilmiş, sadəcə, yenidən təmir edilərək ölkəmizə gətirilibmiş. "London taksiləri"nin keyfiyyəti ilə bağlı sonradan yaranan narazılıqlar belə bir narahatlığın heç də səbəbsiz yerə yaranmadığını ortaya qoydu.
Hazırda isə nəqliyyat naziri Ziya Məmmədovun birbaşa nəzarətində olan "London taksiləri" ilə bağlı başqa bir qalmaqal ortaya çıxıb. Belə ki, "London taksiləri"ndə planın artırılması sürücüləri bir araya gətirib (anspress).
Etirazlarını öz işlədikləri taksi parkının rəhbərliyinə aksiya şəklində çatdırmağa çalışan sürücülərin bir çoxu, işdən gedəcəklərini də deyir. Rəhbərlik isə qiymət artımını inkar edir.
Taksi sürücüləri gündəlik planın hansı səbəbdən qaldırılmasını öyrənmək istəyirlər. "London taksiləri"nin 50-60 sürücüsü Binəqədidəki bazada rəhbərliyin keçirdiyi iclasda iştirak edib. Onlar gündəlik planın 28 AZN-dən 34 AZN-ə qaldırıldığı üçün etriaz ediblər. Rəhbərlik isə etirazın daha da geniş vüsət almaması üçün onları dinləməyi qərara alıb. İclası yarıda tərk edən sürücülərin bir qismi bu planın onların ziyanına olduğunu deyir. Çünki hazırkı planı verməkdə az çətinlik çəkmirlər.
Taksi sürücüsü Namiq Rzayev kimi digər sürücülər də iclasdakı fikirlərlə razılaşmır və planın qaldırılmasının taksilərin və onların yerləşdiyi bazanın təmiri xarakteri daşıdığını düşünürlər.
Kimi bu şərtlərlə işləməyəcəyini, kimi də elə bu gündən etibarən açarları təhvil verib gedəcəyini deyirdi. Mövcud vəziyyətə etiraz edən sürücülərin aqibətinin necə olacağını öyrənmək üçün rəhbərliklə görüşməyə cəhd etdik. Amma idarənin məsul işçilərindən biri buna imkan verməsə də bildirdi ki, heç bir plan qaldırılmayıb, burdakı söhbət başqadır.
Jurnalistlərə verilən cavab fərqli olsa da taksi sürücüləri və idarənin öz əməkdaşları narazılığın planın qaldırılması səbəbindən olduğunu deyirdilər. İsrarla "rəhbərliklə görüş mümkün deyil", deyən idarə işçiləri isə media işçilərinə ironiya ilə yaxşı yol deyib, arxalarınca su atmağı da unutmayıblar.
Su aydınlıqdır, deyiblər. Hər halda bizim gördüyümüz iş aydındır, amma bu taksi sürücülərinə, elə çoxuna aydın olmayan məqamlar hələ də qalmaqdadır.
Onu da deyək ki, "London taksiləri" ilə bağlı qalmaqallar artıq adət halını alıb. Hələ iki ay əvvəl - bu ilin iyununda KİV yazırdı ki, Bakıda keçirilən "Avroviziya" musiqi yarışması ərəfəsində paytaxta gətirilən "London taksisi" xidməti böhran dövrünü yaşayır (axar.az). Bildirilirdi ki, "bənövşəyi" taksilərin sürücüləri kütləvi şəkildə işləməkdən imtina edirlər. Mənbə deyir ki, əmək haqlarının azlığı, gündəlik plan, yanacaq xərcləri sürücüləri müflisləşdirib. Ona görə də "London taksiləri"ndə işləyənlər bir-bir maşınları şirkətə təhvil verirlər.
Vurğulanırdı ki, şirkət yaranmış krizisdən çıxmaq üçün şəhərin ictimai nəqliyyatında, müxtəlif yerlərində elan verməyə başlayıb. "Belə ki, əməkdaşımız "Koroğlu" metrosundan Mərdəkan istiqamətinə işləyən avtobusların birində sözügedən elanın şahidi olub. Elanda qeyd olunub ki, "London taksi avtomobillərində işləmək üçün peşəkar sürücü tələb olunur. Tələsin, iş yerlərinin sayı məhduddur" - mətbuatda belə yazılırdı.
Əlavə edilirdi ki, heç də yer məhdudiyyəti yaşanmır. Sadəcə, taksilər şirkətin qarajında istifadəsiz qalıb, firma ziyanla işləyir.
"London taksiləri"nin sürücülərinin açıq etiraza başlaması isə onu göstərir ki, son zamanlar bu taksilərlə bağlı yayılan məlumatlar heç də əsassız deyilmiş. Ziya Məmmədovun "taksi biznesi"nin aşkar böhran keçirdiyi və süqut etmək üzrə olduğu artıq çox az adamda şübhə doğurur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53