Bəzi məmurların büdcə talançılığına dair yeni iddialar
13:00 13-08-2014
İQTİSADİYYAT
Bəzi məmurların büdcə talançılığına dair yeni iddialar
Hansı rayonlardan gələn ərizə və müraciətlər orada ayrı-ayrı vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə etdiyini göstərir?
Ötən 10 ildə bir sıra rayonlarda sahibkarlıq inkişafdan qalsa da, bir sıra məmurlar yeni "ideya"lar üzərində çalışırlar. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni on illik dövlət proqramının qəbul olunması hələ də əsas müzakirə mövzularındandır.
Qeyd edək ki, rəsmilərdən biri jurnalistlərə açıqlamasında bildirmişdi ki, ölkənin regionlarının sosial-iqtisadi inkişafı üzrə indi olduğu kimi beşillik deyil, onillik dövlət proqramının qəbul edilməsi əsas hədəflərin daha uzaq məsafələrə hesablandığını göstərir (xalqxeber.az).
Məlumdur ki, son 20 il ərzində ölkədə iqtisadiyyatın inkişafının əsasını neft strategiyası təşkil edib. Ancaq gələcək illərdə ölkə iqtisadiyyatı şaxələndiriləcək və bu baxımdan orta sinfin rolu olduqca zəruridir. Onu da əlavə edək ki, indiyədək regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki dövlət proqramı qəbul edilərək, icra edilib. Bunlardan biri 2004-2008, digər 2009-2013-cü illəri əhatə edib. İki dövlət proqramının icrası üçün büdcədən yüz milyonlarla manat vəsait ayrılsa da, bəzi məmurların günahı üzündən rayonların inkişafında effektiv rol oynamadı.
Əksinə, yerli xərclərin dövlət büdcəsindən asılılığının ildən-ilə artması inkişafdan deyil, geriləmədən xəbər verir. Bu səbəbdən yenidən on illik proqramın qəbul olunmasının bəzi məmurların günahı üzündən bir sıra rayonların inkişafına təkan olacağı suallar doğurur. Məsələ burasındadır ki, Neftçala, Ağsu, Zərdab, Göyçay, Ucar rayonlarında büdcə mənimsəmələri ilə bağlı çoxsaylı şikayətlər mövcuddur. Həmin rayonlardan gələn ərizə və müraciətlər göstərir ki, ayrı-ayrı vəzifəli şəxslər öz səlahiyyətlərindən sui-istifadə edirlər.
Qeyd edək ki, bir sıra məmurlar monopoliyanı rəsmiləşdiriblər. Belə ki, Rəqabət Məcəlləsinin ölkə iqtisadiyyatına nəzarət edən məmurlara əlavə imkanlar yaradacağı da əsas gözləntilərindəndir. Mütəxəssislər bir şirkətə bazarda 35-40 faiz pay verilməsini inhisarçılığa dəstək kimi qiymətləndirirlər. Nəzərinizə çatdıraq ki, hələ 8 il bundan əvvəl Rəqabət Məcəlləsinin layihəsi parlamentə təqdim olunsa da, indiyədək onun qəbulunda problemlər yaranıb. Layihənin ikinci oxunuşdan sonra müzakirələri dayandı. Rəqabət Məcəlləsinin olmaması bir sıra rayonlarda biznes mühitinin qeyri-şəffaf olmasına, inhisarçılığın çiçəklənməsinə daha da təkan verir. Çünki bazarda rəqabətliliyin hüquqi tərəfdən tənzimlənməsi havadan asılı vəziyyətdə qalıb. Monopoliya və inhisarçılıq ayrı-ayrı rayonlarda sahibkarlıq fəaliyyətini, umumiyyətlə iqtisadiyyatımızı iflic vəziyyətə salıb.
Qeyd edək ki, "Anti-İnhisar haqqında" qanuna görə, inhisarçılıq limiti 35 faizə qədər müəyyənləşib. Lakin bu paydan yuxarı olan təsərrüfat subyektlərini hansı məsuliyyətlər gözlədiyi bəlli deyil. Bəzi məmurların hansı nəzarət tədbirləri həyata keçirmək ixtiyarı olduğu göstərilmir. Bu məsələnin Rəqabət Məcəlləsində öz əksini tapacağına ümidləri çoxalıb. Məcəllədə cəza tədbirlərinin kim tərəfindən və hansı şərtlər əsasında həyata keçiriləcəyi əksini taparsa, 35 faizlik limitin saxlanılması ədalətli olacaqmı? İqtisadçı-ekspertlərin sözlərinə görə, ölkə reallığında hər hansı bir limitin müəyyənləşməsi effekt verməyəcək. Mütəxəssislər hesab edir ki, bir şəxs müxtəlif şirkətlər adı altında inhisarçılıq mövqeyini saxlayacaq. Necə ki, indi də saxlayır.
Əslində, bu həddi beynəlxalq təcrübəyə əsasən, götürüblər. Burada problem faiz dərəcəsi deyil, onun icrasıdır. Xarici ölkələrdə eyni seqmentdə fəaliyyət göstərən şirkətlərin bir nəfərə məxsus olmasının qarşısı alınır. Azərbaycanda isə fərqli mühit var. Ölkədə bir adda məhsulun satışında 3 şirkət fəaliyyət göstərəcəksə, onların hamısı eyni adama məxsus olması problemi yaranacaq. Mütəxəssislər vurğulayır ki, məcəllədə qaydaların sərtləşdirilməsi formal xarakter daşıyacaq. Formal olaraq, bazarda hər bir şirkətin payının maksimum 35 faiz saxlanıla bilər, amma bir neçə şirkət eyni qrupa, eyni insana aid olacaq. Yenə də inhisarçılıq qalacaq. Beynəlxalq təcrübəyə əsaslanan ekspertlərin sözlərinə görə, Avropa Birliyinin "İnhisarçılığa Qarşı Mübarizə Proqramı"na əsasən, bir seqment üzrə bazarın üçdə birinə sahib olan inhisarçı şirkətlərə qarşı müəyyən tədbirlər görülə bilər. Mütəxəssislər hesab edir ki, hazırda Azərbaycan bazarında 35 faizlik payı keçən şirkətlər fəaliyyət göstərir. Xüsusilə, bir sıra mallar üzrə inhisarçılıq bazarın artıq üçdə birini keçib.
Bundan başqa ərzaqla bağlı bazarda da eyni vəziyyət hökm sürür. Bəzi mütəxəssislər isə bildirirlər ki, ölkəmizdə inhisarçılıq limiti üzrə rəqəm 35 faizdən 20 faizə endirilməlidir. Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da şirkətlərin bazardakı payına uyğun olaraq inhisar meyllərinin müəyyənləşdirilməsi prinsipi var. Buna uyğun olaraq inhisarçılıqla bağlı meyarların dəyişdirilməsinə ehtiyac var. Praktiki olaraq, Azərbaycanda inhisarçılıq şirkətlərdən birinin bazarın üçdə birindən artığına malik olması halında qeyd olunur. Bu baxımdan deyə bilərik ki, inhisarçılıq meyarının bazarın üçdə birindən artığına malik olması prinsipi, əslində, kifayət qədər böyük rəqəmdir. Belə çıxır ki, hər hansı bir şirkət təkbaşına olaraq bazarın 33 faizinə sahibdirsə, deməli o, Azərbaycan qanunvericiliyinə əsasən inhisarçı sayıla bilməz.
Bütün hallarda 33 faizlik limit məsələsində söhbət bazarın əhəmiyyətli hissəsinin bir şirkət tərəfindən zəbt edilməsindən gedir. Belədə digər şirkətlərin fəaliyyət imkanları xeyli dərəcədə məhdudlaşdırılır. Ona görə də inhisarçılıq meyarının 33 faizlik rəqəmlə əlaqələndirilməsi prinsipinə yenidən baxılaraq, rəqəmin dəyişdirilməsinə ehtiyac var. Eyni zamanda, inhisarçılıq limitilə bağlı meyar elə müəyyənləşməlidir ki, proses şirkətin böyüməsinin də qarşısını almasın. Çünki limit kiçik rəqəmlərlə müəyyənləşərsə, bu, şirkətin böyüməsi yolunda ciddi əngəl ola bilər.
Nəzərinizə çatdıraq ki, inhisarçılıqda ittiham edilən şirkətlərin də bir çoxu yüksək vəzifəli bəzi məmurlara məxsusdur. Onların rəhbərlik etdikləri dövlət şirkətlərinin elan etdikləri tenderlərdə elə həmin şəxslərin himayədarlıq etdikləri şirkətlər "qalib" gəlir. Bu da məmur özbaşınalığının başqa bir göstəricisidir.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53