Bəzi iri məmurlar İsmət Abbasova qarşı
10:53 14-08-2014
İQTİSADİYYAT
Bəzi iri məmurlar İsmət Abbasova qarşı
Baş nazir müavini ilə bağlı narahatlıqlar artır
Ötən ilin payızında keçirilən prezident seçkilərindən sonra formalaşdırılan hökumət kabineti ilə bağlı ən böyük sürpriz o vaxtkı kənd təsərrüfatı naziri İsmət Abbasovla bağlı yaşandı. Abbasov gözlənilmədən baş nazir müavini postuna irəli çəkildi.
Halbuki seçki ərəfəsində əksər KİV-lər əminliklə yazırdı ki, İsmət Abbasov yeni hökumət kabinetində yer almayacaq. Hətta onun rəhbərlik etdiyi nazirlikdəki ciddi korrupsiya faktları səbəbi ilə həbsini proqnozlaşdıranlar da vardı.
Bu mənada xüsusilə onun İngiltərənin paytaxtı Londonda mülklərinin ortaya çıxması kulminasiya nöqtəsi idi. Həmin vaxt sabiq kənd təsərrüfatı nazirinin İngiltərə paytaxtında yaşayan oğlunun 2 milyon və 5 milyonluq mülklərə sahib olması bərabər, dəyəri 300 min avro olan "Bentli" markalı bahalı avtomobildən istifadə etdiyi də ortaya çıxmışdı.
Bununla bərabər Kənd Təsərrüfatı Nazirliyinin müxtəlif strukturlarında ("Aqrolizinq" ASC, Dövlət Baytarlıq Xidməti və s.) ciddi korrupsiya hallarının mövcudluğuna dair faktların ortaya çıxması da təsadüfi sayılmır və bütün bunların İsmət Abbasovun vəzifə karyerasını sonlandırmağa hesablanmış planın tərkib hissəsi olduğu bildirilirdi.
Amma sonunda Abbasov nazir postu ilə vidalaşsa da, daha yüksək posta - baş nazir müavini görəvinə gətirildi. Belə sürpriz təyinat isə artıq hökumət daxilində bəzi narahatlıqlar yaradıb. Bir çox iqtidariçi qruplar İsmət Abbasovun baş nazir postuna hazırlaşmasından şübhələnir.
Hələ iyunun əvvəllərində KİV-də belə iddialar dolaşmağa başlamışdı ki, payızda hökumət kabineti ilə bağlı önəmli dəyişikliklərin olacağı və gələnilki parlament seçkiləri ərəfəsində hakimiyyətin əlini gücləndirəcək kadr islahatlarının aparılacağı proqnozlaşdırılır; gözlənilən bu dalğada önəmli ehtimallardan biri isə çoxlarının proqnozlaşdırmadığı halda keçən ilin payızında baş nazir müavini təyin edilən İsmət Abbasovun bu payız artıq baş nazir kimi fəaliyyətə başlamasıdır. Maraqlıdır ki, məhz vitse-premyerlə bağlı bu iddiaların intensivləşməsindən sonra uzun illər İsmət Abbasovun əsas gəlir qaynaqlarından biri kimi göstərilən "Aqrolizinq" ətrafında ciddi proseslər yaşanmağa başladı, bu qurumda nazir olduğu dövrdə yol verilən korrupsiya faktları ortaya çıxarıldı, onun vaxtilə "sağ əli" hesab edilən Əli Bayramov işindən yola salındı, bəzi həbslər həyata keçirildi.
Bunun ardınca Abbasova yaxınlığı ilə seçilən Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru Məmməd Balakişiyev vəzifəsindən azad olundu. Ardınca isə KİV onun rəhbərlik etdiyi dövrün təftişinə başlandığı və artıq qurumdakı korrupsiya faktları ilə bağlı lazımi tədbirlər görüldüyü barədə xəbərlərə yer verildi. Bildirildi ki, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol vermələri barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Nəticədə ciddi qanunsuzluqlar ortaya çıxıb.
Ekspertlər hesab edirlər ki, yaşananlar təsadüfə oxşamır, bu olanları İsmət Abbasovun baş nazirliyə gedən yoluna çəkilən "güclü sədd" hesab etmək mümkündür. Vitse-premyerin bu səddi necə aşacağını, ümumiyyətlə, aşıb-aşmayacağını isə zaman göstərəcək.
Amma bir fakt danılmazdır ki, hazırda Artur Rəsizadənin tutduğu post uğrunda iqtidar içindəki müxtəlif qruplar, iri məmurlar illərdir mübarizə aparırlar. Son vaxtlar isə onların bir çoxu əsasən keçmiş kənd təsərrüfatı naziri olan hazırkı vitse-premyerlə, yəni İsmət Abbasovla bağlı narahatlıq keçirirlər. Belə ki, onun gözlənilmədən baş nazir müavini görəvinə gətirilməsi təsadüfi sayılmır və bu, Abbasovun Artur Rəsizadənin yerinə hazırlandığı barədə informasiyaları intensivləşdirib.
Nazirlər Kabinetinə rəhbərlik, faktiki olaraq ölkənin ikinci şəxsi sayılan baş nazirlik postu uğrunda mübarizə aparan bəzi iri məmurlar və onların nəzarətlərindəki iqtidar içi qruplar məhz bu səbəbdən İsmət Abbasova qarşı gizli cəbhə yaradıblar. Bu səbəbdən hesab olunur ki, onu baş nazir müavini postunda qarşıda çətin dönəm gözləyir. Çünki həmin hökumətdaxili qruplar Abbasovu siyasi baxımdan, vəzifə karyerası nöqteyi-nəzərindən tamamilə zərərsizləşdirmək, sıradan çıxarmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53