Oqtay Şirəliyevin səhiyyəsi ilə bağlı növbəti ciddi şikayət
14:33 16-08-2014
İQTİSADİYYAT
Oqtay Şirəliyevin səhiyyəsi ilə bağlı növbəti ciddi şikayət
Ölkədəki kənd xəstəxanalarının acınacaqlı vəziyyətini göstərən ilginc fakt
Köhnə, uçmaqda olan binalar, divarında, döşəməsində ot göyərmiş kabinetlər, tikan basmış geniş həyət. Giriş qapısının üstündəki lövhəni, həyətdə, otaqlardakı plakatları, ən primitiv tibbi avadanlıqları və tək-tək ağ xalatda gözə dəyən insanları görməsən, buranın xəstəxana olduğuna inanmazsan ("Azadlıq" radiosu).
Qaradonlu kənd xəstəxanası ilə tanışlıq bir əsrlik tarixə ekskurs etmək zərurəti yaradır. Beləcə, sözün əsl mənasında, gedib çıxırsan Nikolay dövrünə...
İmişlidə ilk tibb müəssisələri 1913-cü ildə Çaxırlı kəndində baş verən vəba xəstəliyi ilə əlaqədar yaradılıb. Qaradonlu kəndinin ən yaşlı və məlumatlı sakinlərindən olan Vaqif Şirinov deyib: "Həmin vaxt çar Rusiyası bura Zelinski soyadlı bir həkim göndərib. O, bir müddət Qaradonluda yaşayıb və camaata sədaqətlə xidmət edib. Ona tapşırıblarmış ki, yerində vəziyyəti öyrənib dəqiqləşdirsin, əgər epidemiya barədə deyilənlər təsdiqlənərsə, Mərkəzə bu məzmunda teleqram vursun: "Qaratikan çiçək açıb". Teleqram vurulub və hökumət hərəkətə keçib. Qısa müddətdə Qaradonluda taun əleyhinə stansiya və kiçik xəstəxana açılıb".
Vaqif Şirinov daha sonra bildirib ki, barəsində danışdığı tibb müəssisələri kəndin başqa ərazisində yerləşib, indi onlardan biri uşaq bağçası kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, bu xəstəxananın balansında olan binaların əksəriyyəti ötən əsrin 30-cu illərində tikilib, ən cavanının 57 yaşı var, bir neçə tikili isə uçub: "1930-cu ildə Qaradonlu rayonu yaradılanda burada inzibati binalar tikilib. 1937-ci ildə İmişli kəndi inzibati mərkəz olandan sonra idarələr də ora köçürüldü. Burada hərbi düşərgə yaradıldı. Astaradan ta Hadruta qədər olan ərazidə sərhəd xidməti bu düşərgədə təşkil edilib. Düşərgə ləğv ediləndən sonra obyekt bir müddət istifadəsiz qaldı. Nəhayət 1989-cu ildə burada Kolxozlararası Xəstəxana yaradıldı".
Qaradonlu kənd xəstəxanasında həkim işləyən Niyaz Nurullayev müəssisənin keçmiş şöhrətindən danışıb: "Bu səhiyyə ocağı 20-dən artıq kəndin əhalisinə xidmət göstərib. Burada bir gündə 10-15 cərrahiyyə əməliyyatı aparılıb. Daha çox aztəminatlı insanlara xidmət göstərdiyimizdən bura "kasıbların xəstəxanası" kimi tanınıb. İmişli Rayon Mərkəzi Xəstəxanasının aparıcı həkimlərinin əksəriyyəti vaxtilə bu səhiyyə ocağında işləyib".
Amma baxımsızlıq üzündən müəssisənin maddi-texniki bazası get-gedə zəifləyib. 2012-ci ilin martında xəstəxananın cərrahiyyə şöbəsinin fəaliyyət göstərdiyi binada yanğın olub. Niyaz Nurullayev deyir ki, bundan sonra işləmək imkanları da məhdudlaşıb: "İndi bu xəstəxanada müasir təbabətdə istifadə edilən əşya və avadanlıqların heç biri yoxdur. Həkimlərin "silahı" fonendoskop və təzyiqölçən cihazlardan ibarətdir. Balaca laboratoriyamız var, orada da cüzi qan analizi aparmaq olur".
Qaradonlu kənd xəstəxanasında 40-dək ştat saxlanır. Sanitarların işi əsasən həyətdə olur - həyəti süpürür, yaşıllıq sahələrini tikandan təmizləyirlər. Kənd yerində iş tapmaq çətin olduğundan orta tibb və texniki işçilər buradakı şəraitsizliyə dözməli olur.
Baş həkim Umudəli Hüseynov deyib ki, özü də daxil bütün həkimlərə "ailə həkimi" statusu verilib. Günün birinci yarısı bura azsayda olsa da, yerli sakinlərdən müayinə olunmaq, məsləhət almaq üçün müraciət edənlər olur. Vizual baxış və müsahibə əsasında xəstələrə diaqnoz qoyulur və müalicə təyin edilir. Adı "xəstəxana" olsa da, burada stasionar müalicə almaq imkanı yoxdur.
Xəstəxananın yardımçı binalarından birində məskunlaşan, Füzuli rayonundan olan məcburi köçkün Çimnaz Məmmədova üçün bu müəssisə həm də sonuncu iş yeri olub - o, bir müddət tibb bacısı işləyib və yaşa görə pensiyaya çıxıb. Qarı keçmiş polis əməkdaşı olan əri ilə birgə xəstəxananın başqa bir yardımçı binasında qoyun-quzu və ev quşları saxlayır.
İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Səlim Məhərrəmov Qaradonlu kənd xəstəxanası üçün yaxın vaxtlarda yeni bina tikiləcəyinə ümid etmədiyini deyib: "Xəstəxana böyük xərc tələb edir. Bina tikməklə iş bitmir, gərək onu tibbi aparat və avadanlıqlarla da təchiz edəsən. Bundan əlavə, ixtisaslı kadrlar olmalıdır. Mərkəzi Xəstəxananın özündə belə nə qədər vakant yer var, kadr tapılmır. Qaradonlu rayon mərkəzindən o qədər də uzaq olmadığından hazırkı vaxtda o kənddə böyük xəstəxanaya ciddi zərurət yoxdur. Amma ola bilər ki, gələcəkdə bu məsələyə baxılsın. Biz hələlik mərhələli şəkildə kəndlərdəki tibb məntəqələrinin binalarını yeniləyirik".
İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayevdən isə fərqli danışıb: "Səhiyyə Nazirliyinin nümayəndələri gəlib, obyektə baxıblar. Qaradonlu kənd xəstəxanasının yenilənməsi nəzərdə tutulub. Amma bu işə nə vaxt başlanılacağı barədə bir söz deyə bilmərəm".
"Unikal" olaraq qeyd edək ki, ölkədəki kənd xəstəxanalarının demək olar, əksəriyyəti təxminən eyni acınacaqlı vəziyyətdədir. Bu barədə Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyində nə fikirləşdiklərini deyə bilmərik. Amma görünən odur ki, ölkədə səhiyyənin sürətli və analoqsuz inkişafı ilə bağlı deyilənlər reallıqla əsla uyğun gəlmir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53