Bakı küçələrində şütüyən ölüm maşınları
Bakı küçələrində şütüyən ölüm maşınları

Vaqif Əsədov: "Qəzaları minimuma endirə bilərik, amma…"

Son illər Bakıda marşrut avtobuslarının törətdiyi qəzaların sayında ciddi artım var. Nəzərə alsaq ki, gündəlik şəhər həyatında çoxlarımız ictimai nəqliyyatdan istifadə edirik, deməli, bu təhlükə hamımız üçün real və hamımıza son dərəcə yaxındır.

Bu avtobuslarda ya özümüz, ya da yaxınlarımız ola bilər. Ötən gün paytaxtda daha bir avtobusun törətdiyi dəhşətli yol qəzası xəbəri gəldi. Sabunçu rayonunda "İsuzu" markalı avtobus idarəetmədən çıxaraq yol kənarındakı dəmir profillərə çırpılıb. 1983-cü il təvəllüdlü sürücü Kərimov Haqverdi Muxtar oğlu hadisə yerində keçinib. Sürücünün cəsədi xilasedicilərin köməyi ilə avtomobildən çıxarılıb. Qəzada 10-a yaxın sərnişin xəsarət alıb, onlardan biri dünyasını dəyişib. Qalan yaralı sərnişinlərin isə müalicələri xəstəxanada davam etdirilir. Ümumiyyətlə, sərnişin avtobusu idarə edən sürücülər başqaları ilə müqayisədə daha məsuliyyətli olmalıdırlar. Təəssüf ki, ictimai nəqliyyata məsul instansiyalar bu mühüm amilə diqqət yetirmirlər. Dünən hadisənin baş verdiyi yerə, "Koroğlu" metrostansiyasının həndəvərinə yollandıq. Burda doğrudan da sıxlıq, tünlük var. Bakıətrafı kəndlərdən gələn və həmin yaşayış məntəqələrinə gedən avtobusların böyük qismi burdan keçir. Keçiddən çıxan avtobusların siqnalı ara vermir. Bir çoxu maşını dayanacağa salmağı belə bacarmır. Bunu orada apardığımız müşahidələr də sübut edir. Dayanacaqda bir sürücü digərinin önünə keçir, biri digərinə çıxmaq üçün yol vermir. Söz atışmaları, avtobus daxilindən biri-birinə çığırmaları onların yollarda hansı oyunlardan çıxdığını sübut edir. Dayanacaqda dil tapa bilməyən sürücülər yollarda çətin ki dil tapsınlar. Elə belə də olur. Bir-biri ilə yarışmaları dəhşətli qəzalara və insan itkilərinə gətirib çıxarır. Müşahidələrimiz onu da göstərirdi ki, sürücülərin əksəriyyəti cavanlardır. Amma biz bütün cavan sürücülərin qəza törətdiyini də deyə bilmərik. Sürücü yaşından asılı olmayaraq təcrübəli olmalıdır.

Sürücülük vəsiqəsi
olan hər kəs marşrut avtobusu sürə bilməz

Avtobus sürücüsü Nəriman Əzimov bildirir ki, baş verən avtobus qəzalarının çoxunu gənc sürücülər törədir. O, son vaxtlar avtobusları qeyri-peşəkarlara həvalə edənlərin cəzalandırılmalı olduğunu vurğulayır: "Qəzaların çoxunu gənc sürücülərin törətdiyi sirr deyil. Çoxusunun sürücülük təcrübəsi çox aşağıdır. Belə cavanlara bu qədər insanın həyatını etibar etməyin özü təhlükəlidir. Ona görə də işə götürəndə onların sürücülük qabiliyyəti ayrıca araşdırılmalıdır. Hər əlində sürücülük vəsiqəsi olan avtobus sürücüsü ola bilməz".
Baş vermiş qəzadan təəssüflənən digər avtobus sürücüsü Rüstəm Quliyev ölən sürücünün cavanlığını ürək ağrısı ilə qeyd etdi: "Həmin sürücü yəqin tələsdiyindən qəza törədib. O da hansısa ailənin övladıdır. Belə olmasını heç kim istəməz. Amma ehtiyatlı olmaq lazımdır. Hadisə səhər baş verdiyindən sürücünün yuxulu olması ehtimalı da var. Yaxud avtobusda nasazlıq da ola bilər. Çünki hər gün bu avtobuslar xəttə çıxır". Ümumilikdə yaşlı avtobus sürücüləri gəncləri "bağışlanmaz səhvlərdə" ittiham edir.. Bəziləri isə axşam veriləcək planı çatdırmaq üçün avtobusu hər təhlükəyə atdıqlarını deyirlər.

"Bir sərnişinə görə ötüşürlər"

Ərazidə olduğumuz müddətdə Nəqliyyat Nazirliyinin maşın sıxlığını tənzimləyən bir müfəttişinə belə rast gəlmədik. Onların yoxluğu dayanacaqda nizamsızlığın baş alıb getməsinin əsas səbəbi idi. Bu həndəvərdə fəaliyyət göstərən taksi sürücüsü Rəhman Şıxıyev bizimlə söhbətdə bildirdi ki, bu yolda avtobus qəzaları tez-tez baş verir. Taksiçi qəzaların əsasən daha çox sərnişin götürmək istəyindən baş verdiyini deyir. O, avtobus sürücülərinin bir sərnişinə görə yollarda ötüşə çıxdığını qeyd edir: "Qəza vəziyyəti ən çox sərnişin götürmək üstündə yaranır. Hamısı istəyir ki, daha çox sərnişin götürsün. Buna görə də bəzən yolda ötüşdüklərini müşahidə etmək olar. Bu isə avtobusun içindəki sərnişinlərin həyatı üçün çox təhlükələr yaradır. Çünki sürücü qəza törədəndə özü ilə bərabər xeyli insana ziyan vurur. Avtobus sürücüləri çoxsaylı insanın həyatına cavabdeh olduğunu dərk etməlidir. Belə düşünürəm ki, maaş sistemi ilə işləsələr belə hadisələr olmaz".

Elə bil sərnişin
aparmırlar

Marşrut avtobusundan hər gün istifadə etdiyini deyən Şakir Verdiyev qəzaların çox sürətli idarəetmə üzündən baş verdiyini qeyd edir. Sərnişin bildirir ki, sürücülər deyilən iradlara fikir vermirlər: "Avtobusu yüksək sürətlə idarə edir və bu da sonda qəzalara gətirib çıxarır. Həmçinin ötmə əməliyyatlarını düzgün yerinə yetirmirlər. Çoxusunun sürücülük qabiliyyəti, peşəkarlığı aşağıdır. Elə bil insan yox, daş-kəsək aparırlar. Əksəriyyəti cavan və qeyri-peşəkardır. Elə sürücülərə maşın verən şəxslərdən bunun səbəbini soruşmaq lazımdır". Digər sərnişin Məlahət Qurbanova bizimlə söhbətində bildirdi ki, son zamanlar sürücülərin vahid formaya keçməsi yaxşı haldır. Onların sürücülük qabiliyyətinə gəlincə, xanım bu baxımdan problemlərin olduğunu qeyd etdi: "Arasında yaxşı sürücülər var, amma onların sayı azdır. Bəzən maşını elə sürətlə idarə edirlər, heç sərnişinlərin etirazına da diqqət eləmirlər. Belə görünür ki, onları sərnişinlərin həyatı deyil, yalnız pul maraqlandırır".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, yol qəzalarının çoxu sürücülərin sürət həddini aşması nəticəsində baş verir: "Sürət həddinin aşılması yol-nəqliyyat hadisələrinin yaranmasının əsas səbəbidir. Biz dəfələrlə deyirik, KİV-də də təbliğat aparılır, amma yenə də bu cür hadisələr baş verir və nəticələri də ürəkağrıdandır. Çünki yol qəzalarında həyatını itirənlər öz cəmiyyətimizin üzvləridir, buna görə də hər kəs narazılığını büruzə verməlidir. Hər kəs bu istiqamət üzrə zəruri tədbirlərin görülməsinə maraqlı olmalıdır". Vaqif Əsədov avtobus qəzalarının qarşısını almaq üçün yol hərəkətində mədəniyyət səviyyəsini yüksəltmək lazım olduğunu vurğulayır: "Fikrimcə, biz bu hadisələri minimum səviyyəyə endirə bilərik. Bunun üçün yol verilən nöqsanları aradan qaldırmalıyıq, tələbləri birmənalı şəkildə yerinə yetirməliyik. Sükan arxasında olan hər kəs kimliyindən asılı olmayaraq tələbləri yerinə yetirməlidir". Sonda qeyd etmək istərdik ki, hər bir avtobus sürücüsü sərnişinlərin həyatının 20 qəpikdən üstün olduğunu dərk etməlidir(teleqraf).