Nəsib Məhəməliyev üçün yolun sonu göründü
09:28 19-08-2014
İQTİSADİYYAT
Nəsib Məhəməliyev üçün yolun sonu göründü
Nəsimi rayonunda nadir ağacların kəsilməsinə kəskin reaksiya!
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu ərazisində nadir ağacların kəsilməsinə kəskin reaksiya verib. Heydər Əliyev Fondundan verilən məlumata görə, iki gün əvvəl kütləvi informasiya vasitələrində Nəsimi rayonu, 20 Yanvar küçəsi, 22 nömrəli evin qarşısında 16 növdə nadir ağacların budama adı altında kəsilməsi barədə informasiya gedib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə Fondun əməkdaşları Nəsimi rayonu 20 Yanvar küçəsində ağacların kəsildiyi ərazidə olublar. Artıq qeyd olunan ünvanda ağacların kəsilməsi prosesi dayandırılıb. Dövlət nümayəndələri də ərazidə olublar.
Hadisə ilə bağlı ciddi araşdırmaya başlanılıb.
Bu arada bəzi internet resurslarında yayılan məlumata görə, Nəsimi rayonunda 20 yanvar küçəsində baş verən nadir ağacların budanılması adı ağacların kəsilməsi göstərişi rayon icra başçısıs Nəsib Məhəməliyevdən gəlib. İddiaya görə icra başçısı adı çəkilən ərazininin torpaq sahəsini bir iş adamın satıb. Həmin iş adamından əvvəlcədən külli miqdarda "beh"də alınıb. 20 yanvar küçəsindəki ağacların budaması adı altında kəsilməsi işini isə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri həyata keçirirmişlər.
Məlumat mənbənin iddiasına görə, icra başçısı Nəsib Məhəməliyev Kommunal Təsərrüfat Birliyinin rəisi Laçın Mustafayevə ağacların bir hissəsini budanılması, qalanlarının isə heç kəsin xəbəri olmadan kəsilməsi barədə göstəriş verib. Məlumata əsasən Heydər Əliyev Fondunun işçilərinin əraziyə baxşı keçirmələri zamanı isə icra başçısıs Nəsib Məhməliyev bütün günahı Mənzil Kommunla Təsərrüfat Birliyinin rəisinin üstünə atmaq istəyib, baş verənləri idarə rəisinin özbaşınalığı kimi dəyərləndirib və Kommunal Təsərrüfat Birliyinin rəisi Laçın Mustafayevin cəzalandırılacağı barədə söz verib.
Qeyd edək ki, Nəsimi rayonu Bakıda ağacların ən çox kəsildiyi, yaşıllıqların böyük sürətlə məhv edildiyi rayonlardan biridir. Mətbuatda bu rayonun rəhbərliyinin yaşıllıqlar olan əraziləri kəsərək oranı ayrı-ayrı iş adamlarına satdığı, həmçinin belə ərazilərdə rayon icra başçısının özünün müxtəlif obyektlər tikdirdiyi barədə davamlı məlumatlar dərc olunur. Əldə etdiyimiz bilgilərə görə, Nəsimi rayonunda yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi ilə bağlı müxtəlif yüksək dövlət instansiyalarına gedən şikayətlərin sayı-hesabı yoxdur.
Rayon ərazisindəki nadir ağacların kəsilməsi faktı ilə bağlı yaşananlar isə Nəsib Məhəməliyevi qarşıda çətin günlərin gözlədiyini əminliklə deməyə əsas verir. Hətta onun vəzifəsindən uzaqlaşdırılmasının da qaçılmaz olduğuna dair müxtəlif qaynaqlardan intensiv informasiyalar gəlməkdədir.
"Unikal"ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Məhəməliyev nəqliyyat naziri Ziya Məmmədovun kadrı hesab olunur. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə təhsil alan Məhəməliyev sonradan dəmiryolu sistemində çalışmış, rayonlardan birinin dəmiryolu stansiyasının rəhbəri də olmuşdur.
2006-cı ildə Nəsimi rayon icra hakimiyyətinin başçısı postuna gətirilməsinin isə məhz dəmiryolu sistemində çalışdığı vıaxtdan tanış olduğu və yaxın münasibətlər qura bildiyi nəqliyyat naziri Ziya Məmmədovun sayəsində gerçəkləşdiyi məlumdur.
Məhəməliyevin bu təyinatı onun qısa vaxtda hədsiz varlanması, eyni zamanda Nəsimi rayonunda yaşıllıqların soyqırıma məruz qalması ilə müşahidə edilib. Rayon ərazisində nadir ağacların "genosid"ə məruz qalması isə bu prosesin artıq pik nöqtəsidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın məsələyə kəskin reaksiyası həm də Nəsimi rayon icra hakimiyyətinin başçısı üçün bu vəzifədə yolun sonu kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin iyul ayının 1-də "Yaşıllıqların mühafizəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb.
Bundan başqa, ölkə başçısı Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda müxtəlif yerlərdə ağacların kəsilərək yerində ev tikilməsi ilə bağlı olduqca sərt çıxış edib: "Nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir".
Ağackəsmənin tam şəkildə dayandırılmasını zəruri sayan prezident deyib ki, aidiyyəti qurumlar təklif versin: "Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir".
Prezidentin bütün bu göstəriş və tapşırıqlarına, xəbərdarlıqlarına isə Nəsimi rayon icra hakimiyyəti və onun başçısı Nəsib Məhəməliyev tərəfindən ciddi münasibət sərgilənmədiyi artıq göz önündədir. Çətin ki, baş verən belə hallardan sonra Məhəməliyev cəzasız qala bilsin.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17