Uğursuz dövlətin uduzmuş adamı və yeni məzhəkə
09:30 19-08-2014
İQTİSADİYYAT
Uğursuz dövlətin uduzmuş adamı və yeni məzhəkə
Ermənistan prezidenti Serj Sarkisyan ötən ilin payızından bəri şanslarını sürəkli olaraq əldən verib. İdarə etdiyi ölkənin Avropa Birliyinə assosiativ üzvlük məsələsini həll edərək erməniləri Avropaya inteqrasiya yoluna yönəltmək, sonra isə, perspektivdə, ölkənin NATO ilə əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə qaldırmaq imkanlarına malik bu adam Rusiyanın göstərişlərini yerinə yetirməyə üstünlük verdi.
Halbuki Avropa Birliyi və NATO-ya inteqrasiya perspektivi Ermənistanın gələcək təhlükəsizliyini təmin edəcək, ermənilərin iqtisadi və sosial inkişafını şərtləndirəcək ünsürlərə çevriləcəkdi.
Ölkənin daxili siyasət arenasında da iqtidarın dayaqları möhkəmlənəcəkdi, çünki Avropa Birliyi ilə sıx əməkdaşlığa başlansaydı, müxalifətin istənilən formada etirazları məntiqsiz təsir bağışlayacaq, protest elektoratının mövqeləri zəifləyəcəkdi.
Sarkisyan bütün bunları Rusiyanın şantajı ilə bağlı xof qarşısında geri çəkilməklə əvəzlədi, "axsaq ördək" statusu qazandı. Belə "ördəyin" isə nə özünün, nə də komandasının hansısa perspektivlərindən danışmağa dəyməz.
İş o yerə çatıb ki, Ermənistan siyasətində ən eybəcər və başıpozuq müxalifət birləşməsinə çevrilmiş Erməni Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan ölkənin Avropaya inteqrasiyasına yönəlmiş siyasi layihəni inhisarlaşdırmağa çalışır, payızda müddətsiz və kütləvi küçə etirazları aksiyalarının keçiriləcəyini bildirir. Bu, Ter-Petrosyanın fəaliyyətinin kütləyə təqdim olunan zahiri görüntüsüdür.
Batində isə Moskvanın tapşırığının yerinə yetirilməsi durur və məhz bu məqsədlə Erməni Milli Konqresinin lideri Avrasiya Birliyinin dəstəklənməsi məsələsini gündəmə gətirərək, tərəfdarlarını Rusiyanın əmrlərinin yerinə yetirilməsinə sövq edəcək.
Ermənilər iqtidarlarını Moskvanın buyruq qulu, müxalifəti isə Qərbə can atan qüvvələr sayırlar və yanılırlar.
Ölkənin siyasi arenasında "şimaldan gələn əmrlər"lə hərəkət etməyən bir ciddi struktur da yoxdur və ən radikal müxalifətçilərdən tutmuş, iqtidarın dəhlizlərində dolaşan fiqurlaradək ən müxtəlif marionetkalar göstərişləri reallaşdırırlar.
Yerevandakı iqtidar-müxalifət qarşıdurmalarındakı "ter-petrosyançılıq" sindromunun bariz nümunələrinin aranmasına gərək yox: Rusiyanın postsovet məkanındakı yeni "inteqrasiya" layihələri kimi sırınan Avrasiya Birliyi və Gömrük İttifaqı idefiksləri ilə bağlı erməni müxalifətçilərinin açıqlamaları ilə tanış olmaq yetər.
Serj Sarkisyan rejimi ölkənin idarəolunmasında "demokratik" görüntülər yaradır, Azərbaycanı "diktatura" adlandırır. Halbuki Yerevandakı iqtidar siyasi, iqtisadi, sosial və hərbi baxımdan yarıfeodal, yarıvoluntarist sistemdir.
Ermənistan paytaxtında, habelə rayon mərkəzlərində və şəhərlərdə insanların sərbəst toplaşmaq və söz azadlıqlarına "sayğı" bəsləndiyini göstərmək üçün azsaylı qrupların etiraz aksiyalarına, piketlərinə, kiçik mitinq və yürüşlərinə icazə verilir.
Əsgər anaları ilə yanaşı, qeyri-hökumət təşkilatları və müxalifət partiyaları belə "imtiyaz"lara malikdir.
Yerevan küçələrində mütəmadi olaraq yürüşlər keçirilir, Sarkisyana söyülür, onun istefası tələb olunur. İldə bir neçə dəfə şəhərin mərkəzi meydanına on minlərlə insan yığışaraq "Hakimiyyət rədd olsun!" deyir.
Zahirən demokratiyadır, ermənilər onları qəzəbləndirən və ya narahat edən məsələlərlə bağlı fikirlərini açıqlayır, mövqelərini ortaya qoyurlar.
Fəqət, bütün bunlar yaxşı hazırlanan və idarə olunan şoulardır.
Ötənilki prezident seçkilərinin nəticələri açıqlanandan sonra İrs Partiyasının sədri Raffi Hovanisyanın çoxgünlük mitinqləri, onun "Sarkisyan istefa verməyincə sakitləşən deyilik!" tipli "odlu-alovlu" bəyanatları, çoxsaylı şüarlar - nə oldu nəticə?!
Sonuc bəlli: İrs Partiyasının sədri hakimiyyətlə kuluar danışıqlara getdi, payı ödəniləndən sonra sakitləşdi və etirazların əslində yorğan davası olduğunu sübut etdi.
Ermənilər də artıq dərk edirlər ki, Yerevan küçələrindəki mitinqlərin istisnasız olaraq hamısı hakimiyyətin ssenariləri üzrə keçirilir, başa çatır və məqsəd də Serj Sarkisyan iqtidarının "siyasi tolerantlığı"nı bir daha nümayiş etdirmək olur.
Ölkədə gerçəkdən də müstəqil kütləvi informasiya vasitəsinin olduğunu deyənə indi Ermənistanda gülürlər. "Müstəqil"likdən danışan media strukturlarının hamısı bu və digər oliqarxın şirkətləri qrupları tərəfindən maliyyələşir.
Rollar dəqiq bölüşdürülüb: ən radikal, hər gün iqtidarın kölgəsini qılınclayan və hakimiyyətin devrilməsini tələb edənlərin maliyyəsi ilə Serj Sarkisyana mədhiyyələr yağdıran telekanal, qəzet, radiostansiya və saytların maliyyə mənbələri eyni olsa da, struktur fəaliyyətləri fərqlidir.
Qeyri-hökumət təşkilatlarının hamısı iqtidarın nəzarətindədir və onların adları fərqli olsa da, məqsədləri eynidir. Kütlə heç nə anlamamalı, ictimai aktivlik sektorunun iqtidarın kontrolunda olmadığını düşünməlidir.
Oyun qaydalarını pozmayanların xarici fondlar və təşkilatlardan qrantlar almasına manealər yaradılmır.
Gerçəkdən də ictimai problemlərin həllinə çalışan, kütləyə yardım etməyə çalışan QHT-lərin aqibətisə çox pis olur. Həmin qeyri-hökumət və ya ictimai təşkilatın lideri məşhur siyasətçi, ictimai xadim olsa belə, şərtlər dəyişmir.
Məsələn, sabiq xarici işlər naziri Vardan Oskanyanın yaratdığı "Civilitas" fondunun fəaliyyətinə maneələr yaradılmırdı. Lakin V.Oskanyan İrs Partiyasına qatılandan, bu təşkilatın ideoloquna çevriləndən və hakimiyyətə qarşı az-çox effektiv müxalifətçiliyə başlayandan "Civilitas" fondu ilə Vergilər Nazirliyi, sonra Baş Prokurorluq "maraqlandı".
Az sonra fond maliyyə fırıldaqlarında, vergilərdən yayınmaqda və s. suçlandı, Ermənistan parlamentində V.Oskanyanın millət vəkili toxunulmazlığından məhrum olunması məsələsi gündəmə gətirildi və "Civilitas"ın fəaliyyəti praktiki olaraq dayandırıldı.
Ermənistanın QHT sektorunda onlarla digər təşkilatın da taleyi belədir.
Siyasi müxalifətə gəldikdə isə, Serj Sarkisyanın siyasi resursları tükənmək üzrədir. Onun əlində indi ya prezident administrasiyası, ya da dövlət qurumları və Rusiyanın "Qazprom" şirkəti tərəfindən tulapayı alan 20-25 "müstəqil siyasətçi, şərhçi, analitik" var. O adamlar isə aldıqları paya görə istənilən şərəfsizliyə hazır məxluqlardır.
Avropa ölkəsinin prezidentinə çevrilmək imkanlarından imtina edən Serj Sarkisyan indi ölkəsini məsxərə obyektinə döndərmiş məğlub siyasətçidir.
Onun devrilməsi də tragikomediya ola bilər. Ermənistanda hakimiyyət dəyişiklikləri təcrübəsi tarixinə nəzər salsaq, sözügedən proses iyrənc və cinayət ruhludur.
...Erməni mediasında yer alan ehtimallara görə, Serj Sarkisyan devrilmək və ya çevriliş nəticəsində zərbələrlə qovulmaq perspektivindən qurtulmaq üçün özünə xələf hazırlayıb. Həmin adam Dağlıq Qarabağdakı separatçıların sabiq lideri Arkadi Qukasyandır.
Ehtmal doğrularsa, absurdun ən yüksək səviyyəsini görəcəyik...
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53