Rövnəq Abdullayevlə Azad Rəhimov arasında "soyuq küləklər" əsir
11:56 20-08-2014
İQTİSADİYYAT
Rövnəq Abdullayevlə Azad Rəhimov arasında "soyuq küləklər" əsir
AFFA ilə Gənclər və İdman Nazirliyinin münasibətləri niyə "sərinləyib"?
Uzun müddətdir maliyyə böhranı ilə üzləşən Bakının "Neftçi" futbol klubunun uşaq komandasında da problemlər yaranıb.
Belə ki, "Neftçi"də uşaqların qiyamı" başlıqlı yazıda vurğulanırdı ki, "Neftçi"nin uşaqlardan ibarət qrupları milli olimpiya komandalarının təlim-məşq bazasında ("Neftçibaza" adlanan məkanda) hazırlıq keçir. Bu baza şəhərin mərkəzində - Azadlıq prospektində yerləşdiyi üçün valideynlər uşaqlarını məşqə rahat gətirə bilir.
Amma klubda yaşanan maliyyə böhranı "Neftçi"ni bu bazadan imtina etməyə vadar edib. Klub icarə haqqı olaraq hər ay bazaya 7 min manat ödəməlidir. Artıq 5 aydır ki, vəsait ödənilmir. Baza rəhbərliyi isə borcu tələb edir. Vəziyyətin cıxılmaz olduğunu görən klub rəhbərliyi uşaqları Lökbatanda yerləşən stadiona köçürmək istəyir.
Ancaq uşaqların valideynləri bu qərarla razılaşmır. Avqustun 3-də milli olimpiya komandalarının təlim-məşq bazasında valideynlərin etiraz aksiyası keçirilib. Onlar klub rəhbərliyindən tələb ediblər ki, bazaya borc ödənilsin və uşaqlar burda məşq keçsinlər.
Valideynlər bildiriblər ki, əks təqdirdə, uşaqlarını "Netçi"dən ayıracaqlar. Valideynlərlə söhbət edən "Neftçi" rəhbərliyi uşaqların Lökbatana aparılıb-gətirilməsi üçün avtobus ayrılacağını bildirsə də, valideynlər buna inanmayıblar. Onlar "avtobusa verməyə pulunuz varsa, elə bazaya olan borcu ödəyin" deyiblər.
Artıq bu problem həllini tapıb. "Neftçi"nin adının çəkilməsini istəməyən rəhbər şəxslərindən birinin publika.az-a verdiyi məlumata görə, klubla valideyinlər arasında kompromis variant əldə edilib. Bundan sonra "Neftçi"nin uşaq komandaları Bayılda yerləşən stadionda məşq edəcəklər.
Məlumat verən mənbə bildirib ki, bu qərarın da arxasında pərdəarxası oyun var. Belə ki, Bayılda yerləşən stadion Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) məxsusdur və qurumun baş katibi Elxan Məmmədovun nəzarətindədir. Valideyinlərin etirazından maksimum yararlanan baş katibin diqtəsi "Neftçi" rəhbərliyini məcbur edib ki, Bayıl stadionunu seçsin. Bu stadiondan istifadəyə görə nə qədər icarə haqqı ödəniləcəyi isə açıqlanmır.
Onu da qeyd edək ki, milli olimpiya komandalarının təlim-məşq bazası Gənclər və İdman Nazirliyinin balansındadır. Baş katib nazirliyin balansında olan stadionlardan yararlanan bütün klublara göstəriş verib ki, AFFA-nın nəzdində olan arenalardan istifadə etsinlər.
Mənbələr yaranmış bu situasiyanı AFFA ilə Gənclər və İdman Nazirliyi arasında gedən "soyuq müharibə" ilə izah edirlər. Bildirilir ki, Rövnəq Abdullayevin rəhbərlik etdiyi AFFA ilə Azad Rəhimovun rəhbərlik etdiyim Gənclər və İdman Nazirliyi arasında "soyuq küləklər" uzun müddətdir əsir. Bu iki qurumun arasının "sərinləməsinin" dəqiq səbəbi bəlli olmasa da, zaman-zaman AFFA ilə adıçəkilən nazirliyin münasibətlərinin qaydasında olmadığına dair KİV-də də xəbərlər dərc edilir.
Sonuncu dəfə ötən ilin noyabrında Abdullayevlə Rəhimov arasındakı soyuqluq özünü bütün çılpaqlığı ilə göstərmişdi. Belə ki, dünyanın ən məşhur futbol klublarından biri hesab edilən "Real Madrid" keçən il noyabrın 4-də Bakıda öz məktəbini açmışdı. Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında yaradılmış "Vətən" sosial futbol məktəbinin açılış mərasimində bir sıra dövlət rəsmiləri, o cümlədən nazir Azad Rəhimov, "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin direktoru Vasif Məmmədov, "Real Madrid" Fondunun vitse-prezidenti Enriqe Sançes və digər şəxslər iştirak etmişdi. Diqqəti cəlb edən məqam isə əlamətdar tədbirdə AFFA prezidenti Rövnəq Abdullayevin iştirak etməməsi olmuşdu. Nəzərə alsaq ki, Bakıda dünyaca məşhur olan futbol klubunun məktəbi açılırdı, AFFA rəhbəri mütləq orada olmalı idi. Amma Abdullayev mərasimə qatılmadıv və bu mətbuatda adıçəkilən Assosiasiya prezidentinin sözügeedən nazirlə ədavətinin təzahürü kimi qiymətləndirildi.
Göründüyü kimi, bu soyuqluq hələ də davam edir. Onun necə yekunlaşacağını isə zaman göstərəcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17