Müxalifət özünü söyməklə gündəmdə qalır
11:31 22-08-2014
İQTİSADİYYAT
Müxalifət özünü söyməklə gündəmdə qalır
Zərdüşt Əlizadə müxalifəti təhqir etdi
Son günlər müxalifət yenə gündəmdədir. Amma hansısa yenilikləri ilə yox,bir-birilərini xəyanətdə ittiham etməklə. Leyla Yunusun həbsindən sonra müxalifət arasındakı parçalanmalar daha da gücləndi və demək olar ki, siyasi qüvvələr AXCP ilə Müsavat arasında parçalandı. Bundan başqa Müsavat daxilində də gərginlik son həddə çatdı. Çonuncu ittiham isə ADP sədrindən gəldi.
ADP sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan və ADP-nin, KXCP-nin, Ümid Partiyasının, VİP-in və s. müxalifət partiyalarının da təmsil olunduğu Müdafiə Komitəsinin tədbirlərinə AXCP tərəfindən qara piar kampaniyası aparılmasına kəskin münasibət bildirib. ADP sədri deyib ki, burada heç kim Əli Kərimliyə demir ki, gəl sən də mütləq şəkildə bizə qoşul:
"Gəlmir, özü bilər. Daha burada bu qədər böhtana, şantaja, ayamaya, araqarışdıranlıq etməyə ehtiyac yoxdur. Məgər onların hansısa üstünlüklərimi var?! Gəlməsələr, dünya dağılmayacaq, ya da gəlsələr, dünya dağılacaq?! İndi bunlar gəlməmək üçün bəhanələr axtarırlar. Bu gün kimlərin Azərbaycanda intriqa apardıqları bəllidir. Belə bir söz var, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Əli Kərimli və ətrafı məhz oğrudur".
S.Cəlaloğlu AXCP rəsmilərinin onların təmsil olunduğu Müdafiə Komitəsindəki partiyaları intriqant kimi qələmə verməsinə də münasibətini açıqlayıb: "Bizi intriqant kimi təqdim edənlər götürsünlər, son iyirmi ildə hansı qurum və birliklərdə təmsil olunduqlarını sadalasınlar. Hansı ki, İctimai Palatada Müsavat Partiyası onlarla əməkdaşlıq edib, Milli Şurada da eynilə. Biz Azadlıq Blokunda da bir yerə əməkdaşlıq etmişik. Yaxud biz ADP olaraq Ümid Partiyası ilə uzun illər əməkdaşlıq etmişik. Bəs bizi intriqa yaymaqda ittiham edən AXCP rəsmiləri fikirləşiblərmi ki, təmsil olunduqları hər br qurumda intriqanı elə özləri salıblar?! Bunlar belədirlər da. Harada özləri varsa, ora "həqiqi müxalifətdir". Harada yoxdurlarsa, ya da kimlər onlarla deyilsə, bu zaman həmin tərəflər "hakimiyyətə işləyən müxalifətə" çevrilir". Maraqlıdır, bəs nədən müxalifət belə bir yol tutub? Politoloq Zərdüşt Əlizadə bunun maraqlı açmasını verib:" Bilirsinizmi, mən 1988-ci ildə bu hərəkatın başında duran şəxslərdən biri olmuşam və o zaman görürdüm ki, burada ümummilli maraqlardan daha çox qrup və fərdi mənafelər bu insanları daha çox maraqlandırır. 1989-cu ildə xalqı birləşdirməli olan Xalq Cəbhəsinin qurultayında sədri fırıldaqla seçdilər. Xalqı təkamül və qanuni yolla qələbəyə aparmaq əvəzinə çalışdılar ki, ölkə zəif olsun. Xalq Cəbhəsində əvvəlcədən İsa Qəmbər-Etibar Məmmədov qarşıdurması var idi. İndi İsa Qəmbər-Əli Kərimli qarşıdurması hökm sürür. Ortada quyruq bulayan bir neçə partiya var ki, onlar da öz mənafelərini güdürlər. Yəni insanların, millətin mənafeyini güdən çox azdır. Mən müasir Azərbaycan müxalifətində Respublikaçı Alternativ Hərəkatından başqa bir vicdanlı siyasi qurum görmürəm. Ola bilsin ki, səhv edirəm, amma bəlkə də belələri var, sadəcə olaraq çox dərin qatlarda olduqlarından görmürəm. Özləri bilərlər, istəyirlər əlbəyaxa olsunlar. Ümumiyyətlə, o yerdə ki, məfkurə üçün meydan yoxdur, məfkurə mübarizəsinə hörmətlə yanaşmırlar, orada şayiə, böhtan, qovma, inzibati cəza amillərindən istifadə olunur. Bu zamanda əlbəyaxa davaların əhəmiyyəti artır. Xalq Cəbhəsi öz adına görə Azərbaycanda ilk demokratik təşkilat idi, ancaq ilk təsis konfransında fırıldaq oldu, ikinci təsis konfransında saxtakarlıq, adam döymək, böhtan yaşandı. Təsəvvür edin ki, bu proses indiyə qədər davam edir. İndiki partiyaların mütləq əksəriyyəti də həmin cəbhənin şinelindən çıxıblar. Bu mənada deyə bilərik ki, qeyri-adi bir şeylər baş vermir. Təbii ki, nizamnamə, məramnamə, demokratiya, insan haqları, fərqli fikrə hörmət məsələsində səmimilik yoxdur. Onu da təəssüflə vurğulayaq ki, bizim xalqımızda da inkişaf, dözüm aşağı səviyyədədir, fərqli fikrə dözümsüzlük var. Siyasi mədəniyyət olsa da, aşağı səviyyədədir. Əslində bunu bizim dahilərimiz-Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov təsvir edib. Azərbaycan siyasi mədəniyyətinin ən gözəl nümunəsi "O olmasın, bu olsun" əsərində ki, məşhur ziyafətdir. Məncə, bu reallıqdır".Ekspertlərdə hesab edir ki, əslində bu gün müxalifət tam olaraq tükənib və belə qovğaların yaranması sadəcə gündəmdə qalmaqla bağlıdır. Çünki müxalifətin rəqibi olan hakimiyyətlə müxalifət faktiki olaraq mübarizə apara bilmir və bu səbəbdən parçalanmalar daxilə yönəlir. Başqa bir tərəfdən isə iddia olunur ki, müxalifətin bu addımlar sırf tükənmə ilə bağlı problemdi.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53