Oqtay Şirəliyevin nazirliyinin qəribə məntiqi
11:32 22-08-2014
İQTİSADİYYAT
Oqtay Şirəliyevin nazirliyinin qəribə məntiqi
Azərbaycan vətəndaşlarının müayinə və müalicə üçün xaricə axın etməsi şişirdilir?!
Ölkədə səhiyyənin durumu, istər dövlət, istərsə də özəl klinikalarda xəstələrə münasibət, problemlər girdabında olan vətəndaşlarımızı bəzən bezdirir. Bəzi hallarda əmək haqqının aşağı olması, təklif olunan tibbi xidmətin bahalılığı, həkimlərin xəstənin sağlamlığını deyil, cibini güdmələri, müayinə və dərmanların real qiymətlərdən baha olması dərdlərinə əlac tapa bilməyən xəstələrin xaricə üz tutması ilə nəticələnir.
İqtisadçı Vüsal Şəfiyevin milli.az-a bildirdiyinə görə, son dövrlərdə Azərbaycanda dövlət və özəl tibb ocaqlarının müasir tibbi avadanlıqlarla təmin edilməsi də xəstələrin xaricə axınının qarşısını almaqda acizdir. Üstəlik, bəzi klinikalarda həkim savadsızlığı və lazımsız bahalı müayinə və dərmanlardan bezən xəstələr çarəni xarici ölkələrdə axtarırlar. Azərbaycanda əhalinin çoxu əsasən 4 ölkəyə - İran, Türkiyə, Almaniya və İsveçrəyə üz tutur. Xaricə gedən əhalinin əksər hissəsi imkansız şəxslərdir ki, bunlardan da uzun müddət ölkədə müalicə alıb, ancaq səhhətində müsbət dəyişiklik olmayan xəstələr üstünlük təşkil edir. Digərləri isə yerli həkimlərə etibar etməyən çox imkanlı şəxslərdir və onlar əsasən Avropaya üz tuturlar. Son illər ərzində azərbaycanlı xəstələrin əksəriyyəti dərdlərinə İranda çarə axtarırlar. Buna səbəb isə cənub qonşumuzda olan ucuzluqdur. Gedənlərin çoxu isə Təbriz, Ərdəbil və Urmiya şəhərlərini seçir. Hətta əcnəbi xəstələrin çoxluğunu nəzərə alan İran parlamenti Təbriz şəhərində şəhərciyin salınması məsələsini də müzakirəyə çıxarıb. Hazırda isə xüsusi avtobuslarla bu ölkəyə sərnişindaşıma işləri həyata keçirilir. Hər gün ölkəmizin müxtəlif yerlərindən İrana 150-200 nəfər xəstə yollanır. Sərhədin o tayında isə İran klinikaları ilə əlbir işləyən və taksi fəaliyyəti ilə məşğul olanlar öz xidmətlərini təklif edirlər.
Ekspert deyib ki, İran səfirliyi ötən il bu ölkəyə üz tutan Azərbaycan vətəndaşlarının sayını açıqlamışdı. Məlum olmuşdu ki, 1 milyona yaxın azərbaycanlı müxtəlif məqsədlərlə İrana yollanıb. Onların hansı məqsədlə bu ölkəyə getdiyi bilinməsə də viza alanların 80 faizinin müalicə üçün səfirliyə müraciət etdiyi məlum olub. Bununla da demək olar ki, hər il 800 minə yaxın vətəndaşımız İrana tibbi yardım almaq üçün üz tutur. Əcnəbi ölkələrə gedənlərin sayında daha çox onkoloji xəstələr üstünlük təşkil edir. Statistikaya görə, 2012-ci ildə onkoloji xəstəliyə tutulanların sayı 31954 nəfər olub. İldən-ilə artan temp üzrə gedən xəstəliyin qurbanlarının sayının son açıqlanan rəqəmlərə görə 35 minə yaxınlaşdığı məlum olub. Digər tərəfdən, bu ölkəyə ən çox gedənlər sırasında uşağı olmayan xəstələr də xüsusi yer tutur.
Asəf Miriyev adlı vətəndaş isə Bakıda özəl klinikalarda 4 il müddətində 5-6 min manat xərclədiyini və uşağının olmadığını bildirib: "Mənə Bakıda özümdə və yoldaşımda çoxlu problemlər olduğunu və bu müalicənin uzun çəkəcəyini söylədilər. Yanına getmədiyim həkim qalmadı, hərəsi də pulumu alıb bahalı dərmanlar yazdı. Bir sözlə, soyuldum. Naəlac qalıb tanışımın vasitəsi ilə Təbriz şəhərində xəstəxanaların birində oldum. Həkim mənə dedi ki: "Baba, səndə heç bir problem yoxdur. Yoldaşını da bir az müalicə edəndən sonra uşağınız olacaq". Həqiqətən belə oldu: yoldaşım 15 gün müddətində müalicə kursu keçdi, bütün xərclər də daxil olmaqla 800 manata yaxın xərcim çıxdı və sonunda övladımız oldu".
Vətəndaşlarımızın üz tutduğu ölkələrdən biri də qardaş Türkiyədir. Onlar daha çox paytaxt Ankara və İstanbula yollanırlar. Bununla bağlı fikirlərini bildirən iqtisadçı ekspert Famil Səfərov bu ölkəyə yollananların orta təbəqədən şəxslər olduğunu söyləyib: "Türkiyəyə əsasən maliyyə vəziyyəti
yaxşı olan vətəndaşlarımız üz tuturlar. Azərbaycanla müqayisə etsək, qiymət baxımından demək olar ki, hər iki ölkədə vəziyyət eynidir. Təklif olunan tibbi xidmətlər və müayinələrin qiyməti eyni olsa da əcnəbi vətəndaşlara tibbi xidmət baha başa gəlir. Çünki yerli əhali tibbi sığortadan yararlandığı üçün onlar az məbləğ ödəyirlər".
Ekspert bildirib ki, Türkiyə Səhiyyə Nazirliyinin açıqladığı məlumatda hər il təqribən 500 min əcnəbi vətəndaşın ölkəyə müalicə üçün gəldiyi məlum olur. Bu sıralamada Azərbaycandan gələnlər üçüncü yerdədirlər. Təxmini olaraq qardaş ölkədə ildə 10 min vətəndaşımız tibbi xidmətdən yararlanır. Bu haqda açıqlama verən Türkiyənin səhiyyə nazirinin rəsmisi ölkəyə daha çox onkoloji, stomatoloji, plastik əməliyyat və digər xidmətlərdən yararlanmaq üçün gələnlərin olduğunu deyib. Vətəndaşlarımız ən çox ürək və xərçəng xəstəliyi ilə bağlı Türkiyəyə üz tuturlar. Bu ölkədə süd vəzi xərçəngi əməliyyatı 5-15 min avro, katarakta əməliyyatı 700-3000 avro, ürək əməliyyatı 10-20 min avro, aorta-koronar şuntlama 20-30 min avrodur.
Apardığımız araşdırmalara görə, daha çox imkanlı vətəndaşlarımız inkişaf etmiş Avropa ölkələrində Almaniya və İsveçrədə tibbi xidmət almağa üstünlük verirlər. Bunlar arasında iş adamları və siyasətçilər üstünlük təşkil edirlər. Müraciət edilən xidmətlər sırasında isə ürək əməliyyatları, orqan transplantasiyası və daxili orqanlarda çətin əməliyyatlardır. Ən bahalı əməliyyat sayılan sümük iliyinin köçürülməsi bu ölkələrdə 200-500 min avrodur. 4 mərhələdən ibarət olan xərçəngin müalicəsi isə 150 min manatdır. Almaniyada 1 kurs kimyaterapiya 1900-3400 avrodur. Doğuş prosesi 3500-8000 avro arasında dəyişir. Böyrək transplantasiyası Bakıda bəzi özəl klinikalarda 15-20 min manat olsa da Avropada bunun qiyməti 30 min avrodur. Bu ölkələrdə müayinə xərcləri isə 800-1000 avro arasındadır.
Avropa ölkələri arasında ən bahalı müalicə İngiltərədədir. Burada dişin plomblanması 230 dollar, İspaniyada 100 dollar, Almaniyada isə 60 dollardır. Müayinə qiymətlərindən: bütün bədənin MRT-si 1280 avro, kompüter tomoqrafiyası - 625 avro, angioqrafiya, rentgen - 85 avro, ürəyin exokardioqramması - 160 avrodur. İsveçrədəki müayinə və müalicə qiymətləri də Bakı ilə uyğunluq təşkil edir. Burada diaqnostika 500 avrodan başlayır. Stomatoloji xidmətlər 880 avro, cərrahi əməliyyat 1800 avrodan başlayır, plastik əməliyyat 2200 avro, xərçəngin müalicəsi isə 5000 avrodan başlayır.
Məsələ ilə əlaqədar münasibət bildirən Oqtay Şirəliyevin rəhbəri olduğu Səhiyyə Nazirliyindən isə qəribə münasibət səsləndirilib. Nazirlikdən iddia ediblər ki, vətəndaşlarımızın əcnəbi ölkələrdə tibbi xidmət almaq üçün bu ölkələrə axın etməsi fikrinin yanlış olduğu və hər il əhalinin xaricə axınında azalma olduğu söylənilib.
Şirəliyevin nazirliyinin məlumatında son illərdə ölkədə səhiyyənin inkişaf etdiyi, yeni və müasir tibbi avadanlıqların gətirilməsi ilə yanaşı, həkimlərin də tibbi biliklərini daim artırdıqları vurğulanaraq insanların yerli mütəxəssislərə inanıb etibar etmələri tövsiyyə edilib.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53