Məmurların "toy biznesi"nə böyük təhlükə
13:50 23-08-2014
İQTİSADİYYAT
Məmurların "toy biznesi"nə böyük təhlükə
Yas mərasimlərindən sonra növbə şadlıq evlərinə çata bilər
Məlum olduğu kimi, yas mərasimlərindəki israfçılığın qarşısının alınması üçün Qafqaz Müsəlmanları İdarəsinin 3 il öncəki müraciətinin nəticəsiz qalmasını görən hökumət inzibati yolla məsələyə əncam çəkmək qərarına gəlib. Belə ki, bundan sonra Azərbaycanda dövlət hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət edəcək.
Məqsəd yas mərasimlərində israfçılıq hallarının qarşısının alınmasıdır. Hökumət bununla bağlı konkret standartlar - menyu müəyyənləşdirib. Bundan sonra yas mərasimlərində israf qida məhsullarının verilməsinə qadağa qoyulub. Hüzr məclislərində süfrədə yalnız çay və qənd olacaq. İstisna hal kimi xurmanın olmasına məhdudiyyət qoyulmayacaq.
Ötən bir neçə gün ərzində rayon icra hakimiyyətləri başçılarının 1-ci müavinlərinin sədrliyi ilə inzibati ərazilər üzrə toplantılar keçirilib. Yerli din xadimlərinə, axund və mollaların diqqətinə çatdırılıb ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxılması hallarının qarşısının alınması üçün üzərlərinə düşən tədbirləri həyata keçirsinlər.
Dövlət qurumlarının, yeni əmrə görə, dini sahəyə nəzarət edən bu nümayəndələri yerli ruhaniləri bununla bağlı məlumatlandıraraq, dövlətin əmrini yerlərə çatdırılmasını tələb ediblər.
Ehtimal olunur ki, yas məclislərində israfçılığın qarşısının alınması üçün inzibati tədbirlərə də əl atılacaq.
Onu bildirək ki, bizə çatan bilgilərə görə, bu qadağa yalnız yas mərasimlərində açılan ehsan süfrələrinə aiddir. Digər dini əlamətdar günlər, o cümlədən Ramazan ayı, Məhərrəm ayı mərasimləri, həmçinin şəhidlər üçün açılan ehsan süfrələrinə qadağa qoyulmayıb.
Bu arada isə oxşar qadağaların toy məçrasimlərinə də tətbiq edilə biləcəyinə dair iddialar yayılıb. Həmin iddialara görə, dövlət şadlıq evlərindəki israfçılığın qarşısını da analoji üsullarla, yəni inzibati tədbirlərlə almaq niyyətindədir. Artıq bununla bağlı ilk açıqlamalar da gəlməyə başlayıb.
QMİ sədrinin müavini, İslam Universitetinin dekanı, Hacı Fuad Nurullah moderator.az-a müsahibısində deyib: "Şadlıq evlərində keçirilən toylar da QMİ-ni narahat edir. Burada da aşırı israfçılıq var. Amma bu məsələyə toxunulmur. Niyə toxunulmur? Çünki həmin yerlərin sahibləri adi insanlar deyil. Yəni böyük güc və qüdrətə-imkana sahib olan insanlardı. Onlar böyük saraylar tikiblər və insanlara elə menyular təklif edirlər ki, yaxşı qazanc götürsünlər. Hesab edirəm ki, gələcəkdə toylarla bağlı da müəyyən ölçü götürüləcək və israfçılığı heç olmasa qismən də olsa aradan qaldıra biləcəyik.
Təbii ki, toya başqa cür baxışlar var və insanlar öz şad günlərini tamam yaddaqalan keçirmək üçün israfçılğa yol verilməsini qəbul edirlər. Bu baxımdan toyda hədsiz şadyanalıq edənləri də baş düşmək çətin deyil. Amma istənilən halda hər şeyin bir ölçüsü, əndazəsi olmalıdır..."
Bizdəki məlumata görə, son günlər paytaxtın əksər şadlıq evlərinin rəhbərliyində ciddi əndişə hökm sürür. Onlar hər an hökumətin toy mərasimləri ilə bağlı da müəyyən yasaqlar gətirə biləcəyindən narahatdırlar.
Bir çoxları bunu bir o qədər də real saymır. Onloar bildirirlər ki, Azərbaycanda "toy biznesi"ndə əsas pay sahibi nüfuzlu məmurlardır. Odur ki, toy mərasimlərinə yasaqların gətirilməsi ilk növbədə məmurlara məxsus şadlıq evlərinin böyük gəlirlərdən məhrum olması deməkdir.
Amma yas mərasimlərində israfçılığı önləmək məqsədi ilə yasaqların qüvvəyə minməsi oxşar qadağaların toy mərasimləri ilə bağlı da qüvvəyə minəcəyinə dair ümidi artırır. Belədə isə bu mərasimlərdən külli miqdarda qazanc götürən bir çox iri məmurların ciddi məbləğdə gəlirlərdən məhrum olacağı qaçılmazdır.
Proseslərin bundan sonra necə cərəyan edəcəyini demək çətin olsa da, görünən odur ki, hazırda əksər şadlıq evlərinin rəhbərliyində və onların himayəçilərində dərin narahatlıfq yaşanır. Onlar böyük məbləğdə qazancı itirmək qorxusu altındadırlar. Bu qorxunun reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək. Odur ki, gözləyək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53