Oğuzda dəhşət: ata qızının sevgilisini güllələdi
13:51 23-08-2014
İQTİSADİYYAT
Oğuzda dəhşət: ata qızının sevgilisini güllələdi
Qızının sevgilisini güllələyən ata 12 il müddətinə azadlıqdan məhrum edildi
Oğuz rayon sakini, 1958-ci il təvəllüdlü Binyami Yusifov qızının sevgilisi Rüfət Salmanovu öldürüb. Teleqraf.com-un araşdırmasına görə, hadisə 19 noyabr 2013-cü il tarixdə baş verib.
Binyami həmin gün gecə saat 02.00-da Oğuz rayonunun Muxas kəndində yerləşən evinə gəlib və həyətdə kənd sakini Rüfətin onun qızı Səltənət Yusifova ilə söhbət etdiyini görüb. O, qızı ilə Rüfətin münasibəti barədə maraqlanıb.
Ata qızının
sevgilisini
niyə öldürdü?
Səltənət Rüfətlə heç bir münasibətdə olmadığını və onu tanımadığını bildirib. O, qızının yalan danışdğını bilib və həqiqəti öyrənib. Binyami Rüfət Salmanovun onun qızı ilə intim münasibətdə olmasından şübhələnib. Buna görə də Rüfəti öldürmək qərarına gəlib. Bu məqsədlə o, ov tüfəngini götürərək həmin gün saat 09.00-da kəndin mərkəzinə gəlib.
Binyami Yusifov kəndin mərkəzində Rüfət Salamovun yük avtomobilinə yanacaq almaq üçün Elnur Məmmədovun icarədarı olduğu mağazaya daxil olduğunu görüb. O, dərhal üzbəüz ərazidə yerləşən Ağabala Fərhadova məxsus yeməkxananın arxasındakı həyətində tüfəngi selofan torbadan çıxarıb.
Binyami ov tüfəngini atəş vəziyyətinə gətirərək Rüfət Salamovun olduğu yerə gəlib və onun yük avtomobilinə yanacaq tökdüyündən istifadə edərək, atəş açıb. Rüfət aldığı güllə yarasından ölüb.
Üç maddəli cinayət işi
Bu əməli ilə Binyami Yusifov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
"Səsə oyanıb qızımın həyətə çıxdığını gördüm"
Binyami Yusifov ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Oğuz rayonunun Muxas kəndində anadan olub və ailəsi ilə birlikdə həmin kənddə yaşayıb: "Noyabrın 19-da gecə saat 02.00 radələrində yaşadığmı evin şüşəbəndində yatdığım zaman evin giriş qapısının açıldığını hiss etdim. Səsə oyanaraq qapı tərəfə baxanda qızımın həyətə çıxdığını gördüm. Qızım həyətə çıxdıqdan təxminən 1-2 dəqiqə sonra danışıq səsləri eşitdim və dərhal yerimdən duraraq həyətə çıxdım. Eyvandan həyətə baxdıqda işıq dirəyinin yanında qızımın həmkəndlim Rüfət Salamovla söhbət etdiyini gördüm".
"Qızımı yataq
otağına apardı"
Təqsirləndirilən şəxsin sözlərinə görə, qızı ilə Rüfət Salmanovun olduğu istiqamətə gedib: "Gəldiyimi görən kimi qızım mənə tərəf gəldi. Qızımdan həyətdə kimlə söhbət etdiyini soruşdum. Səltənət Rüfət Salamovun həyətə gəldiyini deyərək cəld evə daxil oldu. Rüfətə tərəf iti adımlarla getsəm də, o, qapıdan çıxaraq qaçdı. Evə qayıdanda qızımdan Rüfətlə nə işinin olduğunu soruşdum. Qızım Rüfəti tanımadığını, onun həyətə gəlməsinin səbəbini bilmədiyini dedi. Qızının bu cavabı məni tam qane etmədi. Onun sifət nahiyəsindən bir-iki sillə vurdum. Səsə ailə üzvlərimin hamısı oyandı və qardaşım Bəylər Yusifov gələrək, qızımı yataq otağına apardı".
"Gecə boyu fikirləşib Rüfəti öldürməyi qərara aldım"
Binyami Yusifov deyib ki, ailə üzvləri onu sakitləşdirməyə çalışsalar da, Rüfətin həyətə məlum olmayan səbəbdən daxil olması onun əsəblərini korlayıb: "Həmin gecəni yatmayib səbrsizliklə səhərin açılmasını gözlədim. Gecə boyu fikirləşib hamıdan gizlətdiyim tüfənglə Rüfəti öldürməyi düşündüm. Səhər saat 09 radələrində evdən çıxdım. Qardaşımın evinin yanında istifadəsiz təndir damına getdim. Orada qutuların altında iki selofan torbaya bükülmüş tüfəngimi və 5 ədəd patronu götürdüm. Silahın saz vəziyyətdə olduğunu bildiyimə görə, selofan torbanı açmadım".
"Kənd sakinləri ilə
salamlaşdım"
Təqsirləndirilən şəxs bildirib ki, evdən çıxanda heç kəsə bir söz demədən birbaşa kənd mərkəzinə gəlib: "Ora çatdıqda Rüfət Salamovun idarə etdiyi "Zil" markalı yük avtomobilinin kənd sakini Elnur Məmmədovun işlədiyi mağazanın yaxınlığında dayandığını və Rüfətin avtomobildən düşərək mağazaya daxil olduğunu gördüm. Dərhal həmin yerin qarşısında olan kənd sakini Rafin Məmmədovun yeməkxanasının arxasında olan həyətə keçdim. Bir-iki dəqiqə ərzində orada selofan torbaları açaraq tüfəngi çıxartdım. Tüfəngin güllə yuvasına torbada olan patronlardan birini qoyaraq silahı atəşə hazır vəziyyətə gətirdim. Selofanlardan birini orada qoyub, digəri ilə tüfəngin üstünü örtərək Rüfəti gördüyüm yerə gəldim. Həmin vaxt adları yadımda qalmayan kənd sakinləri ilə salamlaşdım".
"Bağda əyləşərək törətdiyim cinayət barədə fikirləşdim"
Binyami Yusifovun sözlərinə görə, kənd sakinləri ilə salamlaşan zaman selofan torbanın içərisində olan tüfəngi heç kəs görməyib. O, deyib ki, "Zil" markalı avtomobilin qarşısına gələndə Rüfətin kanistrlə avtomobilin yanacaq çəninə mağazadan aldığı yanacağı boşaltdığını görüb: "Həmin vaxt Rüfətin başı qarışıq idi. Rüfətin məni görməməsindən istifadə edərək tüfənglə onu nişan aldım və atəş açdım. Atəş səsinə mağazada işləyən Elnur Məmmədov gəldi və hadisəni görərək qışqırmağa başladı. Mən özümü itirməyərək Rüfətin yıxıldığı istiqamətə qaçdım. Rüfətin yanından keçən vaxt boş gilz tüfəngdə qalmasın deyə tüfəngin lüləsini açdım. Həmin vaxt giliz lülədən sıçrayaraq Rüfətin yaxınlığında yerə düşdü. Rüfətin ölüb-ölmədiyini bilmədən iti adımlarla hadisə yerindən uzaqlaşaraq birbaşa evə getdim. Lakin evə girmədim. Bağda əyləşərək törətdiyim cinayət əməli və məsuliyyəti barədə fikirləşdim. Bağda təxminən yarım saat oturdum. Bir neçə siqaret çəkdim və bu vaxt rayon polis şöbəsinin əməkdaşları gəldilər. Cinayətin aləti olan həmin tüfəngi və istifadə olunmamış dörd ədəd patronu polis əməkdaşlarına təqdim etdim".
12 il cəza
Zərərçəkmiş şəxsin hüquqi varisi Eynulla Salamov deyib ki, mərhum onun oğludur: "Mirvari Salamovadan oğlum Rüfətin güllə ilə vurulması xəbərini aldıqdan sonra yaşadığım Muxas kəndinin mərkəzinə getdim. Rüfətin "Zil" markalı avtomobilinin kəndin mərkəzindəki, kənd sakini Elnur Məmmədova məxsus mağazanın qarşısında dayandığını, Rüfətin özünün isə orada olmadığını gördüm. Əraziyə toplanmış kənd sakinlərindən nə baş verdiyini soruşdum. Onlar Rüfətin Binyami tərəfindən güllə ilə vurulduğunu və kənd sakini Rafinin avtomobili ilə rayon mərkəzi xəstəxanasına aparıldığını bildirdilər. Dərhal taksiyə oturaraq rayon mərkəzi xəstəxanasına gəldim. Xəstəxanaya daxil olduqda Rüfətin artıq öldüyünü bildim".
Məhkəmə şahid ifadələrini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Binyami Yusifov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53