Azərbaycanda istehlakçı hüquqları
14:00 23-08-2014
SİYASƏT
Azərbaycanda istehlakçı hüquqları
Aldığımız malı geri niyə qaytarmaq olmur?
Azərbaycanda vətəndaşlar hüquqları pozularkən hüquq-mühafizə və məhkəmə instansiyaların üz tutaraq öz pozulmuş haqlarını bərpa etsələr də, elə sahələr var ki, həmin sektorlarda rastlaşdığımız hallarla bağlı qanunsuzluqlarla bağlı mübarizə aparmaq çətin olur. Ölkə konstitutsiyasi və qanunvericiliyi vətəndaşların pozulmuş hüquqlarının qarantı olsa da, bəzən vətəndaşlar qanunvericiliyin onlara verdiyi bu imkanlardan belə çətinliklə yararlanırlar. Bu gün alıcılar bir sıra ticarət obyektlərində "Alınan mallar geri qaytarılmır" yazılmış lövhələrlə tez-tez rastlaşırlar. Amma paytaxtda elə mağazalar da var ki, onlar müştəri cəlb etmək məqsədilə satdıqları məhsulun keyfiyyətsiz olacağı təqdirdə, onun qaytarılacağına dair vəd verirlər. Lakin nədənsə, bu "vəd" mal alınandan sonra qüvvədən düşür.
Məsələyə aydınlıq hüqüqşunas Rəşad Məmmədov deyir ki, alıcının əldə etdiyi malı dəyişdirmək və ya qaytarmaq hüququ var. Bu hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623-cü və "İstehlakçıların hüquqlarının müdafıəsi haqqında" qanunun 15-ci maddələrində nəzərdə tutulub: "Mövcud qanunvericiliyə əsasən, alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün müddətində bu hüququnu həyata keçirə bilər. Lakin satıcı tərəfindən daha uzun müddətin də müəyyən edilməsi mümkündür. Mülki Məcəllənin 623.1-ci maddəsinə görə malın dəyişdirilməsi zamanı qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşmalar aparılır." Əgər satıcıda dəyişdirilmək üçün zəruri mal yoxdursa… Vəkil bildirir ki, Mülki Məcəllənin 623.1-ci maddəsinə əsasən, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal yoxdursa, alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Dünyamin Novruzovun sözlərinə görə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında"qanunun 15-ci maddəsinin 2-ci hissəsinə görə malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir: "Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Nəzərə almaq lazımdır ki, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal varsa, onda alıcı əldə etdiyi malı qaytara bilməz. Amma mövcud qanunvericilikdə alıcının malı dəyişdirmək tələbinin təmin olunmasının müddəti müəyyənləşdirilmədiyindən, o, ağlabatan müddətdə dəyişdirilməlidir. Əgər ağlabatan müddətdə satıcı malı dəyişdirməzsə, alıcı bunu "satıcıda zəruri malın olmaması" kimi qiymətləndirə, əldə etdiyi malı satıcıya qaytara və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Əgər mal işlədilibsə, yaxud hər hansı istehlak xassələrini itiribsə (məsələn, yanlış saxlanılma nəticəsində), onda mal nə dəyişdirilə, nə də qaytanla bilər. Eyni zamanda, alıcıda malı həmin satıcıdan aldığına dair sübutlar (məsələn, mal, yaxud kassa qəbzi) olmalıdır". Hüquqşünas onu da bildirib ki, bəzi mallar var ki, yuxarıda göstərilən maddələrdə nəzərdə tutulmuş əsaslar üzrə dəyişdirilə bilməz. Onların siyahısı Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında" 114 saylı, 21 may 1998-ci il tarixli Qərarı ilə təsdiq edilib: "Bunlara qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), ətriyyat-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıqlar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları daxildir." Mükəmməl istehlakçı siyasəti olmalıdır Məsələ ilə bağlı fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə deyir ki, ümumiyyətlə, satış mərkəzlərini alınan malın geri qaytarılmadığı barədə elanların bürüməsi istehlakçı hüquqlarının zəif qorunmasından irəli gəlir. Onun
sözlərinə görə, mağazalardan alınan malların geri qaytarılmadığı barədə elanlar istehlakçı hüquqlarını pozur. Belə elanlar istehlakçıların hüquqlarını qoruyan rəsmi və qeyri-rəsmi qurumların normal fəaliyyət göstərməməsinin nəticəsidir: "Digər tərəfdən hökumətin istehlakçıların hüquqlarını qoruyan siyasəti mükəmməl deyil. Bundan başqa bu cür hal sahibkarların biznes etikası qaydalarını bilməməsindən irəli gəlir. Hesab edirəm ki, burada yerli QHT-lərin də müəyyən rolu var. Çünki istehlakçıların hüquqlarının qorunması sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının lazımi səviyyədə təbliğat apara bilməməsi səbəbindən istehlakçılar savadsız duruma düşüb. Savadlı istehlakçı mağazalarda alınan malın geri qaytarılmadığı barədə elanla rastlaşan kimi həmin malı almamalıdır. Yəni bir növ onu boykot etməlidir. Belə boykot taktikası geniş tətbiq olunsa, sahibkar da məcbur olub istehlakçı hüquqlarına hörmət etməli olacaq. Ağıllı biznesmen də vitrinləri belə yazılarla doldurmamalıdır". AİB sədri hesab edir ki, xidmət subyektləri bununla özlərini antireklam edir. Bu isə o deməkdir ki, istehlakçı siyasətinin zəif olması səbəbindən ölkəmizdə hər tində istehlakçı hüquqları pozulur: "Belə dükanlar əslində boykot olunmalıdır. Mağazaların təxminən 80 faizindən alıcını aldadan bu tip yazıların yığışdırılmasına nail olunub. İndi isə alınan malın geri qaytarılmadığı barədə elanları əsasən qarderoblarda, mağazanın içərisində asırlar. Cavabdeh dövlət qurumlarının həmin elanlara biganə münasibət bəsləməsi də mağaza sahiblərini belə əməllərə sövq edir". Ekspert həmçinin bildirir ki, bəzi satış yerlərində alınan malın geri qaytarılmadığı barədə elanlar qanunların işləməməsinin təzahürüdür. Eyyub Hüseynovun fikrincə, belə bir vəziyyət qanunların işləməməsilə bağlıdır. O "İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında" qanunun 1995-ci ildə qəbul olunduğunu xatırladaraq bildirir ki, sonradan həmin qanuna bir sıra düzəlişlər edilib: "Həmin qanuna görə istənilən alınan mal keyfiyyət və sertifikat baxımından uyğun deyilsə, 3 gündən bir həftə ərzində alış çeki ilə bir yerdə, üzərindəki yarlığı qoparmamaq şərtilə geri qaytarıla bilər. Qanun ola-ola mağazalarda alınan malın geri qaytarılmadığı barədə elanların yazılması onu göstərir ki, ölkəmizdə bəzi sahibkarlar "at oynadır". Əslində isə belə elanlar qanun pozulması deməkdir və bununla bağlı aidiyyəti qurumlar müvafiq tədbir görməyə borcludurlar".
Digər Xəbərlər
2024-12-24 16:47:00
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46