Mübariz Mənsimova qarşı xəyanət
Mübariz Mənsimova qarşı xəyanət

Ünlü iş adamının futbol klubu ilə bağlı yeni iddialar

Türkiyədə yaşayan məşhur azərbaycanlı milyarder, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun maliyyələşdirdiyi "Xəzər Lənkəran" futbol klubu Azərbaycan Premyer-Liqasının 3-cü turunda da qələbə üzünə həsrət qalıb. Halbuki lənkəranlı azarkeşlər, nəhayət, bu mövsüm iddialı komanda görəcəklərinə inanırdılar.

Ancaq çempionatın startında əldə olunan nəticə çılğın cənublu azarkeşlərə nikbin olmaq üçün heç bir arqument vermir. Yay transfer dönəmində komandaya xeyli yerli və əcnəbi futbolçular dəvət olunsa da, "Xəzər Lənkəran"ın oyun keyfiyyətində yüksəliş olmayıb.
İlk turda AZAL-la heç-heçə edən "ağ-yaşıllar" 2-ci turda "fırtınalar meydanı"nda autsayder "Sumqayıta" məğlub oldu. Çoxları bunu təsadüf kimi dəyərləndirdi. Ancaq 3-cü turda "Simurq"la qarşılaşmada sərgilənən oyun komanda daxilində ciddi probleməlrin olmasından xəbər verdi.
publika.az yazır ki, Əslində "Xəzər Lənkəran"da baş verənlər Mustafa Dənizlinin qovulmasından əvvəl hazırlanmış planın tərkib hissəsidir. Mustafa Dənizli "Xəzər Lənkəran"dan qovulan zaman qeyd edilmişdi ki, onun Dənizlinin göndərilməsi üçün onun köməkçisi Oğuz Çətindən istifadə olunub. Bu məlumatı sayta klubdakı mənbə veribmiş.
Mənbə onu da bildiribmiş ki, Mais Mənsimov heç bir halda Dənizliyə "get" deməyə cəsarət etməzdi. Çünki türkiyəli mütəxəssisi komandaya böyük Mənsimov dəvət etmişdi və bu sözü yalnız o deyə bilərdi.
Bəs Mübariz Mənsimovun Dənizliyə münasibəti niyə dəyişib? Mənbə bildirmişdi ki, bunun üçün klub rəhbərliyi uzun müddət iş aparıb. Klubun prezidenti Mais Mənsimovla vitse-prezident Tuyqun Nadirov mütəmadi olaraq fəxri prezidentə Dənizli ilə bağlı mənfi rəy formalaşdıracaq məlumatlar çatdırıblar.
Eyni işi paralel olaraq Lənkəranda da davam etdirərək klubun daxilində nifaq salmağa çalışıblar. Nəticədə "Xəzər Lənkəran" uğursuz çıxış edərərk mövsümü tam boşa verib. Nə qədər qəribə də olsa onlar bu işdə Dənizlinin köməkçisi Oğuz Çətindən də yararlanıblar. Oğuz Çətin də Mübariz Mənsimova Dənizli ilə bağlı mənfi rəy verib. Mais Mənsimov-Tuyqun Nadirov cütlüyü bunun müqabilində Oğuz çətinə vəd də veriblər-komandanın baş məşqçisi olacaqsan.
Məlumatda o da vurğulanırdı ki, həmyerlisinə qarşı istifadə olunan Oğuz Çətin də müəyyən plan əsasında Lənkərandan getməyə məcbur ediləcək.
publika.az-ın klub daxilindəki mənbədən aldığı yeni məlumata görə isə, "Xəzər Lənkəran"ın uğursuz çıxışının səbəbini məhz bu məqamda axtarmaq lazımdı. Artıq Oğuz çətinin göndərilməsi planının reallaşdırılmasına başlanılıb.
Mənbə bildirib ki, Oğuz Çətin göndəriləndən sonra cənub klubuna Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin tövsiyəsi ilə baş məşqçi təyin olunacaq. Bu barədə klubun prezidenti Mais Mənsimovla Ramin Musayev arasında razılıq əldə olunduğu bildirilir. Deyilən görə, Musayev tövsiyə etdiyi kadrın baş məşqçi təyin ediləcəyi halda, "Xəzər Lənkəran"a Avrokuboklara vəsiqə söz verib.
Mənbə onu da bildirib ki, Mustafa Dənizlini Lənkərana şəxsən Mübariz Mənismov özü dəvət etmişdi. Ancaq milyarderin qardaşı Mais Mənsimov Ramin Musayevlə danışıqlara gedərək, Dənizliyə "Xəzər Lənkəran"da işləmək imkanı verməyib. Mənsimovun Musayevin yağlı vədlərinə inanaraq qardaşına xəyanət etdiyi bildirilir.
Komanda daxilində bu xəyanətdən xəbərdar olanlar var. Ancaq məsələni Mübariz Mənsimovun diqqətinə çatdırmağa kimsə cəsarət etmir. Həmin qüvvələr son anda özlərinin "vurulacağından" ehtiyat edirlər.
"Xəzər Lənkəran" 3 oyunda cəmisi 1 xal qazanıb. Belə görünür ki, Oğuz Çətin göndərilənə qədər cənub klubunun uğursuzluğu davam edəcək.
Artıq klub rəhbərliyinin Oğuz çətinə təzyiqlərinin başladığı da bildirilir. Türk mütəxəssisi mümkün qədər tez istefaya göndərməyə çalışırlar ki, komanda ətrafında aparılan oyun yekunlaşsın. Yekunlaşsın ki, "Xəzər Lənkəran" "oyun" oynamağı bitirib, futbol oynasın.
Ülviyyə Qasımlı