Mədət Quliyev kriminal aləmin əlində aciz qalıb
12:06 27-08-2014
İQTİSADİYYAT
Mədət Quliyev kriminal aləmin əlində aciz qalıb
Penitensiar Xidmət Qobustan həbsxanasındakı qalmaqalı "bunt"un cinayətkar aləmin sifarişi olduğunu etiraf edib
Xəbər verdiyimiz kimi, Qobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb. Həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən qarın və qol nahiyələrini kəsici alətlərlə kəsib və doğrayıblar.
Onlardan birinin vəziyyətinin ağır olduğun bildirilir. Özlərinə qəsd edənlərdən yalnız ikisinin adı məlumdur. Bunlar Mirzə Əliyev və Şahin Məlikovdur. Qeyd edək ki, Qobustan həbsxanasının rəisi keçən ay dəyişdirilib. Məhbus yaxınlarının bildirdiyinə görə, yeni rəis Rövşən Niyazov məhbuslarla sərt şəkildə davrannır. Onun hətta məhbusların üstünə tez-tez itləri qısqırtdığı da deyilir. R.Niyazov bundan əvvəl 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində işləyib.
Ancaq baş verən hadisə növbəti dəfə rəsmi şəkildə təkzib olundu. Belə ki, Penitensiar Xidmət Qobustan həbsxanasında kütləvi aclıq aksiyasının keçirilməsi, bir neçə məhkumun müəssisə rəisinin sərt davranışına etiraz əlaməti olaraq özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərləri təkzib edir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com verilən məlumata görə, son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri barədə tamamilə əsassız, həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır. Bir neçə gün bundan əvvəl Qobustan həbsxanasında guya kütləvi aclıq aksiyasının keçirilməsi, ardınca orada bir neçə məhkumun müəssisə rəisinin sərt davranışına etiraz əlaməti olaraq özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərlər məhz bu qəbildəndir. Penitensiar Xidmət bu cür əsassız məlumatların rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayıldığını dəfələrlə bəyan edib. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin xüsusi tapşırığına əsasən həbsxanada cəza çəkən məhkumların ailə üzvləri və yaxınları ilə görüş zamanı qaldırılmış məsələlərlə bağlı xidmətin aidiyyəti qurumları tərəfindən müvafiq araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən digər cəza çəkənlərin ailə üzvlərində təşviş yaratmaq məqsədilə həbsxanada aclıq aksiyası keçirilməsi və məhkumlarla kobud davranış barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. 25.08.2014-cü il tarixdə bir neçə məhkumun özünə xəsarət yetirməsi barədə yayılan növbəti həqiqəti əks etdirməyən xəbər də məhz cinayətkar aləmin sifarişlərinin nəticəsidir. Penitensiar Xidmət bir daha qeyd edir ki, cəzaçəkmə müəssisələri cəmiyyətin bir hissəsidir: "Bu gün üzvü olduğumuz cəmiyyətdə firavanlıq, əmin-amanlıq, qayda-qanun hökm sürürsə, cəzaçəkmə müəssisələrində özbaşınalığın, hərc-mərcliyin mövcud olması mümkünsüzdür. Penitensiar Xidmət tabeliyində olan bütün cəzaçəkmə müəssisələrini tam nəzarətdə saxlayır və cəza çəkənlərlə bağlı narahatlığa heç bir ciddi əsas olmadığını bəyan edir. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi kütləvi informasiya vasitələri ilə sıx əlaqə saxlayır, cəzaçəkmə müəssisələrində baş verən hər hansı fövqəladə hadisə barədə öz rəsmi saytı vasitəsilə ictimaiyyətə bəyan edir və bundan sonra da edəcək".
Qeyd edək ki, Mədət Quliyevin Penitensiar Xidmətə rəis təyinatından sonra həbsxanalarda vəziyyət daha da kritikləşib. Belə ki, onun təyin etdiyi həbsxana rəislərinin məhkumlarla davranışı ciddi narazılığa səbəb olub. Ona görə də vaxtaşırı məhbusların aclıq aksiyası keçirdiyi, işgəncələrdən cana doyduqları üçün damarlarını belə doğradıqları xəbərləri eşidilir. Penitensiar Xidmətin "Qobustan həbsxanası haqqındakı məlumat cinayətkar aləmin sifarişidir" bəyanatını verməsi isə başqa mətləbdən xəbər verir. Bu onu göstərir ki, Mədət Quliyev artıq həbxanalara nəzarət edə bilmir. Bir sözlə, kriminal aləmin əlində aciz qalıb.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən ADP sədrinin müavini, hüquqşünas Taliyyət Əliyev həbsxanalardakə vəziyyəti ağır olduğunu deyib. Onun sözlərinə görə, bu sahədəki idarəçilik məhkumların kütləvi narazılığna səbəb olur: "2004-2005-ci illər ərzində siyasi məhbus həyatı yaşamışam. Həmin dövrdə həbsxanalardakı vəziyyət barədə məlumatım var, əldə etdiyim məlumatlar əsasında o dövrdən bu günə kimi həbsxanalarda yaxşılığa doğru dəyişikliklər çox azdır. Bu sahədə həyata keçirilən islahatlar kosmetik xarakter daşıyır. Ona görə həbsxanalarda aclıq etmə, özünə qəsd etmə və s. hallar mənə tanışdır, həbsdə olduğum müddətdə dəfələrlə belə halların şahidi olmuşam. Əksər hallarda bu hadisələrin səbəbi həbsxanalardakı dözülməz şəraitlə bağlı olur. Bu cür hallar daha çox qapalı tipli həbsxanalarda daha çox olur. Məsələn, o vaxtkı Bayıl İstintaq Təcridxanasında indiki isti hava şəraitində havanı da pul ilə satırdılar. Kameranın qapısında 25-30 kv. sm-lik nəfəslik olurdu, pul verməsəydin onu açmırdılar, içəridə də 10 nəfər qalmalı halda 30 nəfər dustaq var idi. Bu cür halları saymaqla qurtarmaz. Ona görə bu məlumatlar nə qədər üzücü olsa da, Azərbaycan reallığında bunları təbii qəbul edirəm".
Mədət Quliyevin Penitensiar xidmətə rəis təyin olunmasından sonrakı vəziyyətə gəincə, T.Əliyev "Düzdür, deyilənə görə türmələrdə bir az yaxşılığa doğru dəyişiklər var, amma bunlar kosmetik xarakter daşıyır. Ona görə həyata keçirilən islahatları yetərli hesab etmək olmaz. Rüşvət və korrupsiyanın tüğyan etdiyi sahələrdən biri də türmələrdir. Penitensiar sahədə köklü islahatlara ehtiyac var. İlk öncə ölkədə qanunun aliliyi təmin olunmalıdır", - deyə fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53