"AST Telman" "Mardan Palace"ni də itirir
12:07 27-08-2014
İQTİSADİYYAT
"AST Telman" "Mardan Palace"ni də itirir
Azərbaycanlı iş adamının atasının adını verdiyi məşhur otelə də şok təhlükə yarandı!
Hazırda Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "AST Telman" kimi tkanınan Telman İsmayılov özünü pis vəziyyətdə qoyub. Belə demək mümkünsə, İsmayılov "bankrot"un bir addımlığınakdək gəlib.
Bu barədə təfərrüatlara varmazdan əvvəl bildirək ki, uzun müddət Telman İsmayılovun adı Moskvada fəaliyyət göstərən Çerkizov bazarı ilə birgə çəkilirdi. Bu gün həmin bazar yoxdur, elə Telman İsmayılov da Rusiya biznesində demək olar ki, görünmür. Rusiya mətbuatı yazır ki, "Mardan Palace" otelinə dəbdəbəli açılış keçirən biznesmen bu gün borcun içində itib-batır.
İyunda məlum oldu ki, AST şirkətlər qrupuna daxil olan KBF "AST" Moskvanın Arbat küçəsində yerləşən məşhur "Praqa" restoranını sata bilər. Satılıq siyahısına Krasna Presnadakı "Tropikano" biznes mərkəzi və Moskvanın şərqi İzmaylovo rayonunda yerləşən binalar kompleksi də əlavə edilib. Mənbə iddia edir ki, bununla Telman İsmayılov "Bank Moskvadan" götürdüyü 4 milyard rubl krediti ödəmək istəyir.
Bu məlumatları verən Rusiyanın "İzvestiya" qəzetinin "Bank Moskvadakı" mənbəsi iddia edir ki, əvvəlcə adı sonuncu çəkilən obyektlər satılacaq. Əgər borcun ödənməsi üçün bu məbləğ yetərli olmasa, onda Telman İsmayılovun "Heç zaman satmaram" dediyi "Praqa" restoranı da satışa qoyulacaq.
Daha bir zərbəni Telman İsmayılov Kiprdən aldı. Telman İsmayılovun Rusiyada və Türkiyədəki aktivləri Sergey Yançukovun rəhbərlik etdiyi "Manqazeya" kompaniyasının tələbi ilə donduruldu. Kompaniya iddia edir ki, Telman İsmayılov Moskvada devolper fəaliyyəti üçün "Manqazeyadan" 100 milyon dollar borc almışdı ki, onun da ödənilməsi tarixi keçən payızda bitib. Amma təkcə "Mardan Palace"ın qiyməti sözügedən məbləği dəfələrlə üstələyir və mütəxəssislər əmindir ki, tərəflər problemi məhkəməyə qədər həll edəcəklər.
Amma Telman İsmayılovun problemləri bununla da bitmir. "Sezariya Ltd" kompaniyası biznesmenə məxsus "Tandum" şirkətinə qarşı London beynəlxalq arbitraj məhkəməsində iddia qaldırıb. Şikayət üzrə, iş baxılana qədər İsmayılovun Kiprdəki bütün aktivləri dondurulub. Əgər "Sezariya Ltd" qələbə qazanarsa, onda Telman İsmayılovun dünyanın istənilən nöqtəsindəki mülkiyyəti satışa çıxarıla bilər. Buna mane olmaq cəhdləri isə biznesmenin həbsi ilə nəticələnə bilər. Bu yaxınlarda London Arbitraj məhkəməsi işə baxacaq.
İndi belə iddialar ortaya çıxıb ki, Telman İsmayılov Türkiyənin Antalya şəhərində açdığı, atasının adının verdiyi "Mardan Palace" otelini də itirə bilər. Bəs bu nə qədər realdır? Tanınmış rusiyalı iqtisadi şərhçi Viktor Gimbarovski bu suala belə cavab verib: "Kiprdəki hesabların dondurulması, borc öhdəliyi ətrafında Telman İsmayılov və Sergey Yanmukovun şirkətləri arasında arbitraj mübahisəsinin nəticəsidir. Maraqlı məsələ başqadır. Təkcə "Mardan Palace"ın qiyməti borcun qiymətindən dəfələrlə çoxdur, amma məhkəmə Telman İsmayılovun Moskvadakı mülkiyyətinə də həbs qoyub. Görünür vergidən yayınmaq üçün Telman İsmayılov Kiprdəki offşor kompaniyalardan istifadə edib. Təbii ki, baş verənlərdə Telman İsmayılovun Rusiya hakimiyyətinin gözündən düşməsini inkar eləmək olmaz".
Göründüyü kimi, "AST Telman"ın sevimli "Mardan Palace"si də artıq təhlükə qarşısındadır. Baxmayaraq ki, hələlik bu təhlükə barədə yüksək səslə danışılmır, amma proseslərin sonrakı gedişatının Telman İsmayılov üçün hədsiz pis sürprizlər gətirmək ehtimalı kifayət qədər yüksəkdir.
Xatırladaq ki, "Mardan Palace"yə "AST Telman" kifayət qədər iri vəsait yatırmışdır. Rusiyadakı biznesi əlindən alınmağa başladıqdan sonra Türkiyəni özünə yeni məskən seçən İsmayılovun bu sevimli otelinin açılışı 23 may 2009-cu il tarixində keçirilmişdir. Açılışda Monika Beluççi, Şeron Stoun, Riçard Gir kimi dünyanın ünlü sənətçiləri ilə bərabər, Türkiyənin dövlət və hökumət rəsmiləri, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və s. iştirak etmişdir. Otelin tikintisi 1.4 milyard avroya başa gəlmişdir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53