Müsavatda gözlənilməz böhran, qurultay təxirə salına bilər
10:49 28-08-2014
İQTİSADİYYAT
Müsavatda gözlənilməz böhran, qurultay təxirə salına bilər
İsa Qəmbərin yanlış siyasəti nəticəsində qurultaya qədər növbəti istefa dalğası baş verəcək
Məlum olduğu kimi, Müsavat Partiyası qurultay hazırlığındadır. Amma qurultay qabağı partiya daxilində baş verənlər ciddi narahatlıq yaradıb. Artıq son bir ayda üçüncü başqa müşaviri istefa verib.
Belə ki, Səxavət Əlisoy başqanlığa iddia edənləri də tutduğu postlardan istefaya səsləyib Müsavat partiyası başqanının müşaviri, qurultayda başqanlığa namizədliyini irəli sürəcəyini bəyan edən Səxavət Əlisoy başqan müşavirliyindən istefa verdiyini açıqlayıb.
Əlisoy istefa haqda qərarını İsa Qəmbərə etdiyi müraciətdə bildirib. Müraciətdə deyilir: "Bu gün partiyada görəvimdən istefa etdiyimi bəyan edirəm və istefa ərizəmi diqqətinizə çatdırıram. Hörmətli, İsa bəy! Müsavat Partiyasının növbəti qurultayında başqanlığa namizədlik niyyətində olduğum üçün müşavir vəzifəsindən istefamı qəbul etməyinizi rica edirəm. Seçkinin demokratik və obyektiv keçməsi üçün namizədlərin təbliğat kampaniyasında başqan müşaviri kimi yox, Müsavat Partiyasının sıravi üzvü kimi iştirakı zəruri sayıram. İnanıram ki, başqanlığa iddialı digər görəv sahibləri də bu seçkinin ədalətli sayılması üçün anoloji addım atacaq.
Müsavat Partiyasının başqanının istefa verən müşaviri Səxavət Əlisoy AzNews.az-a müsahibə verib. O, qurultaya bir ay qalmış müşavir postundan istefa verməsinin səbəblərini açıqlayıb: "Siyasətdə bu, bir etik gedişdir. Yəni siyasi imkandan imtina etmək lazımdır. Müsavat Partiyasında ilk dəfə olaraq, mən bu addımı atdım. Təklif edirəm ki, digər siyasi partiyalarda, o cümlədən bizim partiyada da qurultay öncəsi başqanlığa namizədlər vəzifənin verdiyi üstünlüklərdən imtina etsinlər. Mübarizəyə sıravi müsavatçı kimi qatılsınlar. Bu daha ədalətli və obyektiv olar. Mən düşünülmüş qaydada bu addımı atdım. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının müsahibəsi ilə tanış oldum. O deyir ki, uzun illərdir təşkilatı işlərlə məşğuldur və bu kimi işlərə rəhbərlik edir. Məhz, elə bu məqam ona üstünlük verir. Bu tamamilə absurd fikirdir. Müsavat Partiyasında vəzifədə olan insanlar da mütləq belə addım atmalıdır. Bəzən başqanlığa iddialı şəxslər güclü olduğunu deyir. Belədirsə, istefa ver, yarışa qatıl, gücün ortaya qoy, ədalətli mübarizə apar ki, sabah da dilin uzun olsun. Heç bir peşimançılıqdan söhbət gedə bilməz. 10 ilə yaxın başqan müşaviri oldum. Daha bəsdir, qoy gənclər işləsin. Əgər başqanlığa namizəd olmasaydım da, müşavir vəzifəsindən istefa verməyi qərarlaşdırmışdım. Bir şəxsin 10 il eyni vəzifə daşımasını məqbul saymıram. Təklif edirəm ki, buyurub, gənclərin yolunu açsınlar. Mən hər zaman sözümü demişəm və bundan sonra da deyəcəyəm".
"Əgər seçkidə ikinci tura ehtiyac olacaqsa və siz bu tura vəsiqə qazana bilməyəcəksinizsə, kimi dəstəkləyəcəksiniz?" sualına gəlincə, S.Əlisoy "Bu barədə hələlik danışmıram. Özümün fərqli bir seçki kampaniyam var. Yaxın günlərdə sosial şəbəkələrdə, mətbuatda bununla bağlı fikrimi bildirəcəyəm. Namizədliyim qeydə alınandan sonra prosesə start verəcəyəm. Çoxlarının hələ eşitmədiyi fikirləri açıqlayacağam. Bəzi maskaları yırtacağıq. Onda görəcəksiniz ki, fikirlərimi söyləməyə bəzən başqanın müşaviri olmağım mane olub", – söyləyib.
Əslində, Müsavat Partiyasında parşalanmanın bu şəkildə dərinləşəcəyi gözlənilən idi. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bir müddət öncə Müsavatda ciddi böhranın olacağını bildirmişdi: " Əgər müdrik qərar qəbul etməsələr, - halbuki bunu heç gözləmirik də - Müsavat Partiyası tezliklə dağılacaq. Artıq partiya rəhbərliyində çox ciddi problemlər var. Müsavatdakı problem fövqəladə ciddi məsələdir. Ona görə bunlar qurultay da keçirmək istəmirlər. Qurultay keçirmək istəsəydilər, onlara ayrılan yerdə, hoteldə və ya hansısa özəl müəssisədə qurultaylarını çoxdan keçirmişdilər. İsa Qəmbər sədrlikdən faktiki olaraq getmək istəmir, digərləri də onun sədr qalmasını istəmirlər. Bu baxımdan onlar bir-birinə qarşı düşüblər. Qurultaya yerlərdən seçilən nümayəndələr arasında da ciddi qarşıdurmalar var. Bütün bunlarla yanaşı, bu partiya artıq getdikcə tamamilə iflasa uğrayır, dağılır və ətrafında sosial elektorat tamamilə yoxdur. Müsavat bütün seçkilərdə məğlub olmuş, dağılması çoxdan olan partiyadır. Bu şəraitdə partiya yeganə müdrik qərar qəbul edərək geri çəkilməlidir. Amma partiyanın ayaqda qalması xatirinə yerlərini kiməsə vermək istəmirlər. Əgər kimsə öz partiyasını irəli apara bilmirsə, geri çəkilib yerini başqasına verməlidir: "Əgər partiyasını sevirsə, əqidəsinə sadiqdirsə, partiyadan gəlir mənbəyi kimi istifadə etmirsə, belə etməlidir. Amma bu bir fakta çevrilib ki, Müsavat rəhbərliyi partiyanı gəlir mənbəyinə çevirib. Buna görə də indiyədək Müsavatın rəhbərliyindən olan kütləvi istefalardan sonra yerdə qalanlar da görürlər ki, burada hər hansı bir perspektivə ümid yoxdur. Bu baxımdan yerdə qalanlar da oradan uzaqlaşacaqlar. Tezliklə orada müdrik qərar qəbul olunmasa o partiya dağılacaq. Müdrik qərarı da indən belə onlardan gözləmək qeyri-mümkündür".
Hakimiyyət nümayəndəsinin bir neçə ay öncə səsləndirdiyi bu fikirlər özünü təsdiqləməkdədir. Belə ki, son bir ayda İsa Qəmbərin üç müşaviri istefa verib. Qurultaya daha az vaxt qalmış daha ciddi proseslərin olacağı gözlənilir. Bu barədə "Unikal"a məlumat verən Müsavat funksionerlərindən birinin sözlərinə görə, ard-arda baş verən istefalar vəziyyəti daha da kritikləşdirib. "Əslində, kənardan elə də kritik vəziyyət görünmür, amma daxilə durum həqiqətən də pisdir. Çoxluq narazıdır. Sadəcə olaraq, susurlar. Amma şox güman ki, səbr kasası qurultaya bir neşə gün qalmış daşsın. Bu isə gözlənilməz böhranla nəticələnə bilər. Yəni, mümkündür ki, kütləvi istefalar başlasın və qurultay təxirə salınsın". – deyə mənbə fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53