Əbülfəs Qarayevin nazirliyi ilə bağlı yeni iddia
10:03 02-09-2014
CƏMİYYƏT
Əbülfəs Qarayevin nazirliyi ilə bağlı yeni iddia
"Azərbaycanfilm" kinostudiyasının ərazisində tikinti əhvalatı
"Azərbaycanfilm" kinostudiyasının ərazisi ilə bağlı yeni maraqlı məqam ortaya çıxıb. Belə ki, kinostudiyanın həyətindəki ağaclar təhlükədədir, çünki ərazidə tikinti başlayıb.
Bu barədə ərazidəki binalardan birinin sakini Vusal Əliyevin azadlıq.org saytına göndərdiyi videomaterialdan məlum olur.
Bildirilir ki, Bakıda, Moskva prospekti 73A ünvanında "Azərbaycanfilm" kinostudiyasına məxsus olan (vaxtilə burda çoxlu sayda milli filmlər çəkilib və onlar kinomuzun qızıl fonduna daxildir) torpaq sahəsini sot-sot bölüblər. Ərazi böyükdür, 200-ə yaxın müxtəlif ağac var. İndi həmin əraziyə daş töküblər hörgü işləri gedir.
Qeyd edək ki, "Azərbaycanfilm"in ərazisinin satılması ilə bağlı qalmaqal uzun müddət əvvəl başlayıb. Hələ 7 il əvvəl xalq artisti Rasim Balayev kinostudiyanın 4 hektarlıq ərazisinin satılması ilə razılaşa bilməyərək ölkə rəhbərliyinə müraciət ünvanlamışdı.
Həmin vaxt KİV yazırdı ki, "Azərbaycantelefilm" kinostudiyasına məxsus 4 hektarlıq ərazinin "Tərəqqi" Mənzil Tikinti Kooperativinə satıldığı bildirilirdi. Kino xadimləri iddia edirlər ki, burada tikinti işlərinin aparılması planlaşdırılır və ərazi artıq hasara alınıb.
Eyni dönəmdə xalq artisti Rasim Balayev bir neçə incəsənət xadimi ilə birgə sözügedən hadisəyə etiraz əlaməti olaraq ölkə rəhbərliyinə müraciət etmiş və tikintinin dayandırılmasını istəmişdi.
Aktyor o dövrdə mətbuata açıqlamasında bildirmişdi ki: "Həmin yer adicə həyət deyil. Vaxtilə kinostudiya Hökumət Evinin yanında yerləşirdi. 1965-ci ildə həyəti-bacası olsun deyə, onu 1-ci mikrorayona köçürüblər. Yəni bura adicə həyət deyil, çəkiliş meydançasıdır. İndi burada bina tikməyə başlayıblar. Biz də ölkə başçısına müraciət etmişik ki, buna imkan verilməsin. Bu, yeganə kinostudiyadır və onu qorumaq lazımdır. Kimsə ev tikmək istəyirsə, gedib başqa yerdə tiksin".
İndi "Azərbaycanfilm" kinostudiyasının ərazisində tikinti aparılması ilə bağlı yeni iddianın və bunu isbat edən videokadrların yayılması aradan xeyli müddət keçməsinə rəğmən kinostudiyanın taleyi ilə əlaqədar narahatlıqların qaldığını göstərir.
Xatırladaq ki, Azərbaycan SSR Kinematoqrafiya Nazirliyinin 25.05.1948 tarixli əmrinə əsasən kinostudiya ASSR Kinematoqrafiya Nazirlİyi yanında Bədii və Xronikal Filmlərin Bakı kinostudiyası kimi yenidən təşkil olunub. 1953-cü ilin mayın 25-dən kinostudiya Azərbaycan SSR Mədəniyyət Nazirliyini sərəncamına verilib. 1958-ci ildən kinostudiya "Azərbaycanfilm" kinostudiyası (Mədəniyyət Nazirliyinin 22.08.1958 tarixli əmrinə əsasən) adlanır. Azərbaycan SSR Nazirlər Sovetinin 20.04.1959 tarixli qərarı ilə kinostudiyaya C.Cabbarlının adı verildi. 1960-cı il aprelin 20-dən kinostudiya dramaturqun adını daşıyır. Kinostudiyanın yeni binasının əsası 1951-ci ildə qoyulub və 15 ildən sonra hazır olub. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb.
Azərbaycan SSR Nazirlər Sovetinin 10.07.1963 tarixli qərarına əsasən kinostudiya ASSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsinin ixtiyarına verildi. Sonradan ASSR Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin 23.12.1965 tarixli əmrinə əsasən ASSR Nazirlər Soveti yanında Dövlət Kinematoqrafiya Komitəsi yenidən təşkil olundu.
Hazırda Azərbaycanda kino qurumu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin tərkibində fəaliyyət göstərir. "Azərbaycanfilm"də bədii filmlərin ssenarisini təsdiq edən Bədii Şura (BŞ) fəaliyyət göstərir. Heyət hər il yenidən seçilərək təsdiqlənir. Təqdim olunan ssenari BŞ heyəti tərəfindən qəbul olunduqdan sonra Mədəniyyət Nazirliyinə təqdim olunur. Son sözü Mədəniyyət Nazirliyi deyir.
Elə indii kinostudiyanın ərazisindəki tikinti işləri və oradakı ağacları gözləyən təhlükə ilə bağlı son söz də Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirliyindir. Qarayevin nazirliyinin "Azərbaycanfilm"in ərazisi ilə bağlı gündəmə gələn yeni-köhnə iddialar barədə nə düşündüyü çox maraqlıdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43