İcra başçılarını gözləyən çətin maneə
09:57 03-09-2014
İQTİSADİYYAT
İcra başçılarını gözləyən çətin maneə
Yas mərasimləri ilə bağlı qadağa rayon rəhbərlərini vətəndaşlarla üz-üzə qoyur
Məlum olduğu kimi, Azərbaycanda təmtəraqlı yas mərasimlərinə nəzarət etmək məqsədilə rayon icra hakimiyyətlərinə xüsusi tapşırıqlar verilib. Belə ki, rayonlarda bu işlərlə xüsusi olaraq, icra başçılarının birinci müavinləri məşğul olacaqlar. Lakin paytaxt Bakıya baxmayaraq, bölgələrdə bu qərara sakinlər tərəfindən münasibət birmənalı deyil.
Onlar əvvəlki qaydada yüksək təmtəraqla yas mərasimlərini keçirməkdə israrlıdırlar. Hətta onlara icra hakimiyyətinin nümayəndələri dəfələrlə xəbərdarlıq etsələr də, buna məhəl qoyulmur.
Belə bir problem Tovuz rayonunda qeydə alınıb. Bununla bağlı azvision.az-a Tovuz sakinlərindən şikayət daxil olub. Bildirilib ki, rayonun İbrahimhacılı kənd sakinləri icra başçısının tapşırıqlarını qulaq ardına vuraraq yas mərasimlərini bildikləri kimi təşkil edir, istafçılığa yol verirlər.
Sakinlərin bildirdiyinə görə, icra hakimiyyətindən kəndə bir neçə dəfə nümayəndələr gəlsələr də, onların bu tapşırıqları heçə sayılıb. Hətta icra hakimiyyətinin işçiləri ilə sakinlər arasından mübahisə düşdüyü bildirilir. "Biz dədə-babadan belə görmüşük. Kimisə məcbur etmirik ehsan versinlər. Bizim kəndin öz adəti var, ölümüz öləndə hamı kimi biz də onun adına layiq ehsan vermək, ruhunu yad etmək istəyirik. Axı necə olar, bundan əvvəl ehsan vermişik, 40 gün yas saxlamışıq, indi necə olar ki, bu adətləri silib ataq" - deyə adı çəkilən kəndin sakinləri bildirib.
İcra hakimiyyətindən isə bildiriblər ki, dövlətin yas mərasimlərinə nəzarətlə bağlı tapşırığı təkcə İbrahimhacılı kəndində deyil, bütövlükdə rayonun hər bir ərazisində yerinə yetirilməlidir.
Bundan əvvəl isə mətbuatda Eldar Əzizovun təmtəraqlı yas mərasimlərinə qadağa qoyması ilə bağlı xəbər yayılmışdı. Tapşırığa əsasən, Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə alıb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib. İddia olunur ki, yas mərasimlərində ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən götürüləcək və uşaq və qocalar evlərinə paylanılacaq.
Bir neçə gün öncə Füzuli rayonunda da yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə yenilik tətbiq olunub. Orada rayon ağsaqqallarının təşəbbüsü ilə ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılıb.
Gələn məlumatlar bu yöndədir ki, rayon icra hakimiyyətləri təmtəraqlı yas mərasimlərinə qadağa ilə bağlı tapşırığı yerinə yetirərkən vətəndaşları yola gətirmək bir o qədər çətin olmur. Bu zaman hətta icra hakimiyyətlərinin təmsilçilərinə kəskin etiraz bildirənlər də tapılır. Rayonlarda sakinlər hüzr mərasimlərinə bu cür yasaqlar gətirilməsini onların adət-ənənələrinə kobud müdaxilə kimi dəyərləndirərək etirazlarını bildirirlər.
Görünən odur ki, icra başçıları üçün qarşıya qoyulan tapşırığı yerinə yetirmək bir o qədər də asan olmayacaq. Onlar zaman-zaman vətəndaşlarla üz-göz olmaq məcburiyyətində qalacaqlar.
Amma o da istisna deyil ki, bir müddət sonra artıq məlum qadağalar adiləşəcək. Vətəndaşlar təmtəraqlı yas mərasimləri düzəldilməsinin qarşısını alan yasağı normal qəbul edəcək və etirazsız tabe olacaqlar.
Hələliksə proses o qədər də asan getmir. Bu səbəbdən bəzi mütəxəssislər yerli icra hakimiyyətlərinin vətəndaşlar arasında maarifçilik fəaliyyəti ilə məşğul olmasını önəmli sayırlar. Onların fikrincə, sakinlər məlum yasaqların mahiyyəti ilə bağlı ətraflı şəkildə bilgiləndirilsələr, yerli icra hakimiyyəti orqanları ilə vətəndaşlar arasında narazılıqlar da bir o qədər səngiyər.
Qeyd edək ki, yas mərasimləri ilə bağlı sözügedən qadağalarla bağlı ilahiyyatçılar da elə maarifləndirməni əsas sayırlar. Məsələn, Məşədi Dadaş məscidinin imam-cüməsi Hacı Şahin Həsənli deyib: «israfçılıq həddinə çatan ehsan süfrələri dinimiz tərəfindən bəyənilmir. Dini baxımdan insan dünyadan köçdükdən sonra ona qüsl verilməli, kəfənə bükülməli, meyit namazı qılınmalı və dəfn edilməlidir. Ölən şəxs üçün dinin hökmləri bundan ibarətdir. Ona sonradan ehsan verilməsi əlavələrdir. Hətta şəriət kitablarında insan dünyadan köçəndən sonra ilk günlərdə onun üçün ehsan verilməsi bəyənilməz hesab olunur, məkruh sayılır. Bu səbəbdən bu cür məhdudiyyətlərin qoyulmasına normal yanaşmaq lazımdır. Bəzi kəndlərdə və qəsəbələrdə ağsaqqallar belə qaydalar tətbiq ediblər. Cəmiyyətdə sanki bir rəqabət yaranıb və insanlar yaxşı ehsan vermədikdə özlərini günahkar hesab edirlər. Bu ənənəni bir gündə inzibati yola aradan qaldırmaq mümkün deyil. Tədricən təbliğat və inzibati yollarla bu məsələni də nizamlamaq olar".
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53