Azərbaycanda informasiya boşluğu
09:59 03-09-2014
İQTİSADİYYAT
Azərbaycanda informasiya boşluğu
Akademikin sərt xəbərdarlığı
Çağdaş zamanda demək olar ki, informasiya savaşı bütün savaşlardan önə çıxıb və təhlükəsizlik miqyasına görə əhatəsini genişləndirir. Bir tərəfdən elektron KİV-in inkişafı, bir tərəfdən qloballaşmanın əsas elementlərindən olan sosial şəbəkələr demək olar ki, medianın formasını və vəzifələrini dəyişib. Sözsüz ki, bu proseslər Azərbaycanda da gedir və əksər vaxtlarda bunun daha ciddi fəsadlarının şahidi də oluruq. Bu problemlər bəs nədən ibarətdir. Ümumilikdə götürəndə əsas problem kimi aşağıdakı məqamları qeyd etmək olar.
1. Müharibə durumunda olan bir ölkədə informasiya təhlükəsizliyinə əməl olunmama
2. Hərbi sirlərin rahatlıqla yayılması
3. Sosial şəbəkələrin mənbə olaraq göstərilməsi ilə məsuliyyət yükündən qaçmaq
4. Yazılı mediadan fərqli olaraq xəbər portallarının daha az xərc tutması və bundan bəhrələnməyə cəhdlər
5. Reket medianın yeni formasının yaradılması.
Bu sadaladığımız məqamlara ayrılıqda diqqət ayıracağıq. İndilikdə isə öncə avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində akademikin etdiyi çıxışdan müəyyən məqamlara diqqət ayıraq. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, söhbət konkret olaraq bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə internet informasiya resurslarının Azərbaycan qanunlarının tələblərinə məhəl qoymadan, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyətindən, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin yaranmış situasiyada milli maraqlara zidd, qeyri-adekvat davranışından gedir:" Bu gün də ayrı-ayrı "ekspertlər" Azərbaycan Silahlı Qüvvələrinin hərbi arsenalının say və texniki göstəricilərini mediada fəal müzakirə edir, KİV-lər ordunun ali komanda heyəti barədə şayiələr yayır, dövlətin hərbi sahədə siyasəti haqqında həqiqətə uyğun olmayan, qərəzli məlumatlar dərc edirlər. "Azadlıq" qəzeti, "Azadlıq" radiosu və bir sıra digər KİV-lər onların qərəzli iddialarına geniş yer verir və bu tipli çirkin, antimilli fəaliyyətin iştirakçısına çevrilirlər.
Mən bugünkü toplantıda konkret ad çəkə bilərəm. Lakin düşünürəm ki, dəfələrlə Prezident Administrasiyasından xəbərdarlıq almış resursların rəhbərləri kimdən söhbət getdiyini başa düşəcəklər. Bəzi media qurumları Milli Orduda döyüş şəraitində həlak olmuş və ya yaralanmış hərbi qulluqçular haqqında məlumatların ictimailəşdirilməsi üzrə "ixtisaslaşıblar"".
R. Mehdiyev bildirib ki, bir sıra informasiya resursları bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilir, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə "töhfə" verərək həm əsgərlər, həm də əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olurlar: "2007-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir. Buna görə də, formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşısı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, atılacaqdır".Bəli, gördüyünüz kimi cənab akademiki ilk növbədə narahat edən məqam məhz müharibə durumunda olan bir ölkənin informasiya resurslarının düzgün xətt tuta bilməməsidir. Son atəşkəs pozuntuları zamanı da aydın oldu ki, düşmən tərəfi sosial şəbəkələrin imkanlarından yararlanaraq internet resurslarında Azərbaycanın milli maraqlarına zərbə vura biləcək addımlar atdılar. Gülməli və acı reallıq həmdə bu oldu ki, daha çox oxucu toplamaq üçün internet informasiya resursları süni şəkildə bir gərginlik yaratmağa başladılar və nəticə göz qabağındadır. PA-ın şöbə müdiri Əli Həsənov da məlum toplantıdakı çıxışında bildirdi ki, xəbər portalları "aypi" toplamaq naminə bütün normaları ayaq altına atıblar. Çox təəssüflər ki, bunların qarşısını almaq tam şəkildə mümkün deyil. Çünki aydın olur ki,
- sosial şəbəkələrə nəzarət mümkünsüzdür
-sosial şəbəkələrlə internet informasiya resursları bir vəhdət yaradıb
-İnternet informasiya resurslarının hüquqi qeydiyyatında problermlər var
-Ortaya çıxan çağdaş problemlər "KİV haqqında qanunla" tam təmin olunmur.
Bu bir həqiqətdir ki, hazırda xəbər portallarının qeydiyyatı və onların fəaliyyətinə nəzarət mümkünsüz haldadır. Gəlin bir məqama diqqət ayıraq. Bir şəxs xəbər portalı yaratmaq üçün,sadəcə olaraq 200-300 manat həcmində vəsait ayırmaqla texniki problemi həll edir, daha sonra isə ildə 100-120 manat ödəməklə hostinq və domenə sahiblənməklə fəaliyyətə başlaya bilirlər. Yəni, bir qurum olaraq heç bir dövlət qeydiyyatından keçməyə ehtiyac qalmır. Elə buna görədə hazırda reketçilik elementləri daha çox internet informasiya saytlarında müşahidə olunur. Bir müddət öncəyə qədər həftədə, ya ayda bir dəfə çıxan minlərlə reket qəzetlər var idisə, hazırda bunlar daha çox az xərc tələb edən yazılı mediadan imtina edərək internet mediasına müraciət ediblər. Buna görə də hazırda Azərbaycanda internet saytlarının sayı 4 mindən çoxdur. Və təəssüflər ki, bu tip saytların imkanlarından kənar qüvvələr də istifadə etməklə ümumi gərginlik yarada bilirlər. Son atəşkəs pozuntuları zamanı açıq şəkildə gördük ki, cəmiyyətin tanımadığı, fəaliyyəti diqqəti cəlb etməyən elə saytlar ortaya çıxaraq dezinformasiya yaydılar ki, digər mətbu orqanlarda onlara istinadən bu xəbərləri tirajladılar. Və mənbə olaraq sosial şəbəkələrdə hansısa saxta profillər göstərilirdi. Ümumiyyətlə bu gün real təhlükə əslində sosial medianın ,klassik mediaya bir başa təsir edə bilməsidir. Başqa cür desək hazırda sosial şəbəkələr xəbər yayımı məsələsində normal internet informasiya resurslarını qabaqlayır ki, bundan da müəyyən qüvvələr istifadə edə bilir. Məsələn, bu gün facebook sosial şəbəkəsində 300-400 minlik qruplar var ki, onlarda yayılan xəbərlər real gücü olan internet informasiya saytlarından daha effektlidirlər. Və belə olan halda sosial şəbəkələr rahatlıqla mənbə rolunu oynayır və bunun qarşısını almaq mümkün deyil. Məhz bu məqamlara görə hələ bir neçə həftə öncə "Unikal" qəzeti təkliflərlə çıxış etmişdi. Təkliflər isə aşağıdakılar idi:" Son günlər cəbhə bölgəsində baş verənlər bir daha sübut etdi ki, müharibə şəraitində Azərbaycan mediası ciddi problemlərlə üz-üzə qalır və bəzi hallarda bilməyərəkdən Azərbaycanın hərbi və dövlətçilik maraqlarına uyğun olmayan xəbərlər yayımlanır ki, buda Ermənistan tərəfinin dezinformasiya oynuna dəstək təsiri bağışlayır. Buna görə vaxt itirmədən aşağıdakı təklifləri müzakirə edərək müvafiq qərarlar çıxarmağınızı xahiş edirik.
1. Cəbhə bölgəsindən və ya cəbhə bölgəsindəki yaşayış məntəqələrindən (bu məntəqələrin 30 kilometrliyinə qədər olan məsafədə) reportaj hazırlamaq, xəbər yaymaq üçün jurnalistlər mütləq şəkildə Müdafiə Nazirliyində akkreditə olunsun.
2. Hərbi texnikaların, döyüş mövqelərinin şəkilləri, video görüntüləri yalnız Müdafiə Nazirliyinin razılığı ilə ictimailəşsin.
3. Müdafiə Nazirliyinin rəsmi xəbərləri əsas mənbə kimi qəbul olunsun.
4. Müdafiə Nazirliyində mətbuatla belə həssas məqamda əməkdaşlıq etmək üçün operativ qərargah yaradılsın.
5. Sosial şəbəkələrdə yayılan xəbərlərin mediada dərci yolverilməz hesab olunsun və mənbəsi şübhəli bilinən bu xəbərləri dərc edən KİV rəhbərlərinə xəbərdarlıqlar edilsin.
6. Erməni mənbələrinə istinadən Azərbaycan ordusunun itkilərinə və hərbi əməliyyatlarla bağlı xəbərlərin dərcinə məhdudiyyətlər qoyulsun.
7. Hərbi xəbərlər verilərkən imitasiyalardan, yəni köhnə fotoşəkillər və videolardan istifadə olunmasın".
Bunu da qeyd edək ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovda açıqlamasında atəşkəsin pozulması zamanı mətbuatın düzgün mövqe tutmadığını qeyd etdi: "Baş verən olaylarla bağlı Müdafiə Nazirliyinin, ayrı-ayrı əlaqədar rəsmi qurumların məlumatlarını deyil, müxtəlif mənbələrin — əgər onları mənbə hesab etmək olarsa, — məlumatlarını yayımladılar. Demək olar ki, bu hadisələr zamanı xəbər portallarının sayı bir neçə dəfə çoxaldı. Bəzi məqamlarda isə Ermənistan mətbuatında gedən xəbərlərə də istinad etdilər. Ümumiyyətlə, baş verən olayları düzgün işıqlandırmadılar".
Mətbuat Şurasının sədri qeyd edib ki, ümumiyyətlə, mətbuat daxildə baş verən hadisələri işıqlandırır: "Amma dövləti maraqlarda siyasi yönündən asılı olmayaraq, mətbuat vasitələri vahid mövqedən çıxış etməlidirlər. Hər bir ölkə üçün bu vacib şərtdir. Çox təəssüf ki, biz bu sözləri Azərbaycan jurnalistikasına tam aid edə bilmirik. Daha çox onlayn jurnalistikada bəzi Azərbaycanı istəməyən ayrı-ayrı mərkəzlərin iradları ilə həmin KİV-in mövqeləri üst-üstə düşür. Bu da istər-istəməz hər bir Azərbaycan vətəndaşını narahat etməlidir".
Sonda başqa bir məqama da toxunmaq istərdik. Bu gün bir sıra qərb dairələri əsas fəaliyyətlərini bunun üzərində qurublar ki, məhz Azərbaycan kimi ölkələrdə informasiya təhlükəsizliyini tam sıradan çıxartsınlar və bununla da facebook inqilablarının sayını artırsınlar. Bu baxımdan Azərbaycanda da bu qüvvələrin aktivlik göstərdiyi sirr deyil və aparılan araşdırmalar sübut edir ki, belə qüvvələr əsasən QHT-lər vasitəsilə ölkəyə maliyyə ayırır və bu maliyyə özlüyündə yuxarıdakı məqsədin həyata keçirilməsinə xidmət edir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53