İki prezidentin tarixi görüşü baş tutdu
10:44 04-09-2014
İQTİSADİYYAT
İki prezidentin tarixi görüşü baş tutdu
Prezident İlham Əliyev: "Türkiyə nə qədər güclü olsa, biz özümüzü o qədər güclü hiss edəcəyik"
Rəcəb Tayyib Ərdoğan: "İnanıram ki, qardaşlığımız daha da güclənəcək"
R. T. Ərdoğan Azərbaycanla ticarət dövriyyəsinin həcminin ildə 15 milyard dollara çatdırılmasının qarşıya məqsəd qoyulduğunu açıqlayıb: "İnanıram ki, qardaşlığımız daha da güclənəcək. İki ayrı dövlət, bir millətik, bu, Heydər Əliyevin mirasıdır".
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.
Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri düzüb.
"Çox şadıq ki, andiçmə mərasimindən bir həftə keçməmiş doğma Azərbaycana - vətənə səfər edirsiniz". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra mətbuat üçün verilən birgə bəyanatda Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, keçirilən təkbətək və geniş tərkibli görüşlərdə ikitərəfli əlaqələr müzakirə olunub: "Bir daha əmin olduq ki, əlaqələr yüksək səviyyədədir. Əlaqələrimiz dostluq və qardaşlıq təməlləri üzərində qurulub".
Prezident İlham Əliyev iki ölkənin beynəlxalq səviyyədə daim bir-birinə dəstək verdiyini, ikitərəfli məsləhətləşmələr apardığını söyləyib: "Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün Türkiyəyə minnətdarlığımı bildirmək istəyirəm. Türkiyə bütün dövrlərdə bu istiqamətdə mövqeyini açıq ortaya qoyub, haqqı-ədaləti müdafiə edib. Görüşümüzdə bu məsələ də müzakirə olundu. Azərbaycan torpaqları işğal altındadır, 1 milyon qaçqın var, etnik təmizləmə siyasəti aparılıb. BMT bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır və əminəm ki, belə olacaq".
Dövlət başçısı qeyd edib ki, "erməni soyqırımı" yalanına qarşı Türkiyə və Azərbaycan birgə fəaliyyət göstərəcək: "Biz qondarma "erməni soyqırımı"nın ifşası ilə bağlı fəaliyyətimizi koordinasiya şəklində aparacağıq. İctimai, diaspor təşkilatlarımız birgə fəaliyyət göstərəcək. Yalanı birgə ifşa edəcəyik".
Prezident İlham Əliyev görüşdə müdafiə sənayesi və energetika sahəsində əməkdaşlıq barədə də müzakirə aparıldığını nəzərə çatdırıb: "Bu gün birgə əsərimiz olan TANAP layihəsi dünyanın diqqətini cəlb edib. Əminəm ki, tarixi layihə vaxtında icra olunacaq. Bu, daha geniş beynəlxalq əməkdaşlıq tələb edən layihədir".
Görüşdə qarşılıqlı sərmayələr də diqqət mərkəzində olub. Azərbaycan prezidenti bildirib ki, yaxın 5 ildə Türkiyəyə daha çox sərmayə qoyulacaq: "Bu, təxminən 17-20 milyard həcmində olacaq. "Şahdəniz" layihəsində Türkiyə də iştirak edir. Türkiyə nə qədər güclü olsa, biz özümüzü o qədər güclü hiss edəcəyik. Əminəm ki, bundan sonra qardaşlıq əlaqələrimiz daha da inkişaf edəcək".
Rəcəb Tayyib Ərdoğan isə bir çox sahələrdə əməkdaşlığa dair müzakirə apardıqlarını, lakin Dağlıq Qarabağ məsələsinin gündəmdəki əsas məsələ olduğunu vurğulayıb: "Bu istiqamətdə bundan sonra atacağımız addımları müzakirə etdik".
R. T. Ərdoğan deyib ki, enerji məsələsi də geniş müzakirə olunub: "TANAP böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycanın enerji sahəsində gücünü ortaya qoyması, barış xətti olması baxımından çox mühüm layihədir. İnşallah, bu ayın 20-də təməlqoyma mərasimi keçiriləcək və işlər başlayacaq. Artıq proses sürətlənəcək".
Türkiyə prezidentinin sözlərinə görə, Azərbaycandakı inkişafı dünya heyrətlə izləyir: "Bunda prezident İlham Əliyev və komandasının böyük rolu var. Ötən dövr ərzində Azərbaycanın inkişafından məmnunam. Qardaşlarımızın güclənməsi gələcəyə ümidlərimizi də artırmaqdadır".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan "Heydər Əliyev" ordeni ilə təltif edilsin".
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17