Azərbaycanda ifşa prosesi
10:47 04-09-2014
İQTİSADİYYAT
Azərbaycanda ifşa prosesi
Gizli beyin mərkəzləri iflic durumda
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarksyan Uelsin paytaxtı Kardifdə, NATO sammiti çərçivəsində görüşə bilərlər. Görüşün təşəbbüskarı ABŞ dövlət katibi Con Kerridir. Azərbaycan və Ermənistan prezidentlərinin NATO sammiti çərçivəsində görüşə biləcəkləri haqda bu günlərdə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirmişdi. Ekspertlər bildirir ki, bundan öncə Soçidə belə görüş baş tutmuşdu və həmin görüşə Minsk Qrupu həmsədrləri çağrılmamışdı.
Analitiklərin qənaətinə görə, bu, Putinin Qarabağ məsələsində Fransa və ABŞ-ın rolunun əhəmiyyətsizliyini nümayiş etdirməyə, həm tərəflər arasında yeni müharibənin qarşısını almaq, həm sülh danışıqlarını təşkil etmək məsələsində həlledici sözün Rusiyada olduğunu göstərməyə hesablanmışdı.İndi isə belə görünür ki, ABŞ Qarabağ münaqişəsi ətrafındakı proseslərdən təcrid olunmaq istəmir və Rusiyanın ardınca prezidentlərin görüşü üçün vasitəçilik edir. Bununla belə Kardiff görüşünün baş tutacağı hələ dəqiq məlum deyil. Hərçənd ki, erməni mənbələri prezident İlham Əliyevində NATO sammitinə qatılacağını, Sərkisyanla görüşə ilkin razılıq verdiyini iddia edir.
Əgər Kardiff görüşü baş tutsa, onun ardınca prezidentlər Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə oktyabrda Parisdə də görüşə bilərlər. F.Olland tərəflərə bu görüş barədə təklifini çoxdan çatdırıb. Ancaq Fransa prezidentinin vasitəçiliyi ilə görüşü təşkil etmək hələ mümkün olmayıb.Maraqlıdır, güclər nədən Dağlıq Qarabağa bu qədər maraq göstərib və görüşlər təşkil etməyə çalışır?
Ukraynadan
sonrakı mərhələ
Prosesləri diqqətlə izləsək görərik ki, baş tutan və baş tutması nəzərə tutulan bu görüşlər hazırlanmış şəkildə yox, şəraitə uyğun olaraq təşkil olunan görüşlərdir. Deməli bu görüşlər olmamışdan qabaq, artıq heç bir nəticənin olmayacağı məlumdur. Belə olan halda yada Ukrayna olayları düşür. Daha doğrusu Ukraynadakı ABŞ-Rusiya savaşı artıq Qafqaza keçməyə başlayıb. Ekspertlər hesab edir ki, Ukraynada gərginlik artmaqda davam edəcək. Amma son nəticədə yəqin ki, digər bölgələr azad olsada Krım Rusiyanın nəzarətində qalacaq. Məhz bu məqamı nəzərə alan Rusiya və ABŞ Qafqazda növbəti qarşıdurmaya hazırlıq görürlər. Belə ki, Rusiya Krımda gücünü qoruyub saxlamaq istəyirsə, mütləq şəkildə Qafqazda da təsir imkanlarını artırmalıdır. Çünki Krımın işğalı NATO-un bu istiqamətdən Rusiya sərhədlərinə yaxınlaşmasının qarşısını alır. Real təhlükə isə Qafqazdan gələ bilər. Çünki Ukraynada hələ ki, xoş olmayan hallar yaşayan ABŞ, Ukraynanın heyfini Qafqazda Rusiyadan çıxmağa çalışacaq. Bunun üçün isə Azərbaycan və Gürcüstanın Avropa Birliyinə yaxınlaşmasını təmin etmək lazımdır.
Avrasiya İttifaqına
olan son ümid
Rusiyaya gəldikdə isə bu ölkə bilir ki, hazırkı məqamda ciddi bir ittifaq yaradarsa qütbləşməni dərinləşdirə bilər və NATO qarşısına yeni ittifaqla çıxmaqla balans yarada bilər. Belə ölkələr isə Qazağıstan, Çin və Azərbaycan ola bilər. Çin hər zaman bitərəfliyini qoruyaraq, Rusiyadan daha üstün iqtisadiyyata nail olmağa çalışdığından Rusiyanın ümidi Qazağıstanla Azərbaycana qalır. Qazağıstan isə hazırda Avrasiya İttifaqına üzv olsada Azərbaycanın mövqeyinə daha yaxın mövqe sərgiləyir və Ermənistanın Avrasiya İttifaqına qoşulmasına əngəllər yaradır. Rusiya başa düşür ki, belə bir məqamda Azərbaycanın razılığını almaqla regiondakı prosesləri hətta dəyişə bilər.
Azərbaycanda hazırlıq
Azərbaycan isə açıq şəkildə bəyan edib ki, Avropa Birliyi ilə Rusiyaya yanaşma ikitərəfli münasibətlər səviyyəsində ola bilər və buna görə hansısa birliyə qatılmaq gündəmdə deyil. Amma bunun qarşılığında Azərbaycan daha qlobal proseslərə hazırlıq görür. Bunlar nədən ibarətdir?
1. İran- Azərbaycan münasibətlərində yeni mərhələyə start verilib. Azərbaycan prezidentinin İrana səfərindən sonra iki ölkə arasındakı münasibətlər xeyli dəyişdi. Hazırda isə İran prezidentinin Azərbaycana səfəri gözlənilir. Bu səfərlə bir çox problemlər sıradan çıxacaq və qaz-neft məsələlərində İranla Azərbaycan daha effektli əməkdaşlığa başlaya bilərlər. Məlum olduğu kimi İranla Avropa münasibətlərində bir istiləşmə yaranıb və İran qazının Avropaya çıxarılması gündəmə gəlir. Bu isə Azərbaycanın maraqlarına cavab verir və Azərbaycan çalışacaq ki, İranın bu imkanlarından istifadə edərək Bakı-Ceyhan neft kəmərinin və TANAP-ın imkanlarını artırsın. Başqa cür desək hər iki xətt vasitəsi ilə İran qazının və neftinin Avropaya daşınmasını təmin etməklə tranzit ölkə statusunu genişləndirsin.
2. Türkmənistan-Azərbaycan münasibətlərində növbəti mərhələ. Türkmənistan regionda ən ciddi qaz yataqlarına malik bir ölkədir və Azərbaycan Türkmənistanla qaz məsələsində ortaq məxrəcə gəlməyə çalışır. Söhbət yenə qaz tranzitindən gedir. Hafiz Paşayevin bu günlərdə Türkmənistana səfər etməsi və Türkmənistan prezidentinin Azərbaycanla sıx əməkdaşlıq etməyə hazır olmasını bəyanlaması təsdiqləyir ki, Azərbaycan bu sahədə də məqsədinə çatmaq üzrədir. Bütün bunlar isə Azərbaycanın gücünü bir neçə dəfə artıracaq və Azərbaycan Qərbin enerji təhlükəsizliyi məsələsindəki rolunu artırmaqla həqiqətən də güclü bir rəqibə çevriləcək. Nəticədə enerji resursları üzərində qurulan proses Azərbaycanın siyasi gücünü də artıracaq.
Daha çox müttəfiqə sahiblənmək
Bu arada aydın olur ki, Azərbaycan müstəqil siyasət yürütməklə güclərin qəzəbinə tuş gələ bilər və onlar iki məsələdən istifadə edə bilərlər. Bunlar nədir?
- Dağlıq Qarabağ probleminin yenidən gündəmə gəlməsi
- Azərbaycanın daxili siyasətində gərginlik yaratmaq.
Qeyd edək ki, Dağlıq Qarabağ kartından zaman-zaman bu güclər istifadə edib və bununla Azərbaycana təzyiq edə biləcəklərini göstəriblər. Amma sonuncu atəşkəs prosesində aydın oldu ki, Dağlıq Qarabağ probleminə yanaşma köhnəlib və Azərbaycan son məqamda Dağlıq Qarabağı hərb yolu ilə almağa qadirdir. Çünki Ermənistan tərəfi son atəşkəs prosesində çıxılmaz hala düşdülər və az qala Azərbaycana yalvararaq hərbi əməliyyatları dayandırmağı xahiş etdilər. İddia oluna bilər ki, Rusiya yenə də hərbi yardımı ilə Ermənistana dəstək verə bilər. Amma Ukrayna savaşı mərhələsində Rusiya Qafqazda da hərbi əməliyyatlara açıq şəkildə qoşulmaqdan çəkinəcək. Digər tərəfdən isə Azərbaycan müttəfiqləri ilə sıx münasibət qura bilib və buda təsirsiz ötüşməyəcək. Məsələn, dünənə qədər Dağlıq Qarabağ problemi ortaya çıxan kimi Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəsmiləri bəyan edirdilər ki, hərbi əməliyyatlar başlayarsa Ermənistana dəstək verəcəklər. Amma bu gün bu təşkilatın üzvü olan Qazağıstan, Qırğızıstan kimi dövlətlər açıq şəkildə Azərbaycanla həmrəylik nümayiş etdirirlər və Rusiya belə olan halda bu təşkilatın bayrağı altında proseslərə müdaxilə edə bilməyəcək. Deməli Azərbaycan bu zamana qədər tək iqtisadi gücünü artırmayıb, həm də müttəfiqləri ilə münasibətləri daha da dərinləşdirib. Nəhayət sonuncu faktora diqqət yetirək. Söhbət daxili siyasi proseslərə təsir etmək imkanlarından gedir.
Ümidsiz inqilab Conları
Demək olar ki, Azərbaycanda hər seçki dönəmində böyük güclərə məxsus hansısa beyin mərkəzləri Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə etməyə çalışıblar və müəyyən mənada minalar basdırmağa çalışıblar. Son prezident seçkilərində isə gördük ki, bəzi məqamlarda bir-biri ilə düşmən olan Rusiya və Avropanın beyin mərkəzləri Azərbaycan əleyhinə birləşməyi də bacarırlar. Elə Milli Şuranın yaradılması da buna misal ola bilər. Amma Azərbaycan cəmiyyətinin dəstəyi olmadan başladıqları plan uğursuz oldu. Ancaq bu hələ son deyil və Azərbaycan hakimiyyəti bunu görərək qabaqlayıcı addımlara start verdi. İlk növbədə QHT-lərin nə qədər şəffaf olub-olmaması aydınlaşdırıldı və Azərbaycan cəmiyyəti böyük bir erməni şəbəkəsi ilə üz-üzə qaldılar. Aydın oldu ki, illər ərzində erməni lobbisinin himayəsinə sığınan Leyla Yunus Azərbaycanda ciddi bir şəbəkə qura bilib və bu şəbəkə əslində erməni lobbisinin maraqlarına tam cavab verə bilib. Bu şəbəkənin ifşasından sonra aydın oldu ki, başqa bir şəbəkə, əslində Leyla Yunus şəbəkəsinin davamı olan media şəbəkəsi hələdə fəaliyyət göstərir. Əsasən sosial şəbəkə mediasından yararlanan bu qüvvələr isə Azərbaycanın milli maraqlarına zərbə vura biləcək bir informasiya savaşı yaradaraq ilk fürsətdə zərbə vurmağa hazırdırlar. Amma qurulan bu şəbəkə də zamanında ortaya çıxdı və şübhəsiz ki, onlarında zərərsizləşdirilməsi prosesi olacaq və olmalıdıda. Bununla da demək olar ki, Azərbaycanda gizli fəaliyyət göstərən beyin mərkəzlərinin fəaliyyəti sıfırlaşdırılacaq və Azərbaycan cəmiyyəti hakimiyyətin özü tərəfindən siyasi maarifləndirməyə istiqamətləndirilməklə stabil gücə çevriləcək. Bu isə Azərbaycanın maraqlarına tam olaraq cavab verir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53