"Oazis"in sahibinə cinayət işi açıla bilər

Mirtalib Miri oğlu məsuliyyətdən yaxa qurtarmaq üçün hadisəni fərqli məcraya yönləndirir

Xəbər verildiyi kimi, sentyabrın 2-də Oazis Restoranında baş verən qanlı davadan sonra həbslər başlayıb. Dava iştirakçılarından biri – Ravid Abdullayev həbs edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə cinayət işi açılıb.
Hazırda xəstəxanada olan davanın digər iştirakçısı Zaur Əsgərov bildirib ki, bir azdan onun da həbs olunması gözlənilir. Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.
Hadisənin baş verdiyi gün yayılan xəbərlərdə restoran sahibinin və işçilərinin qanunsuz olaraq, insanları döyməsi və onlara xəsarət yetirlməsi barədə məlumat verilsə də, sonradan situasiyanı fərqli məcraya yönəltməyə çalışdılar. "Bir masada əyləşən 8 nəfər kişidən biri digər masada əyləşən xanım müştərilərə söz ataraq onları narahat etməyə başlayıb. Hadisə əslində buna görə baş verib". Bu sözləri "Oazis"də 3 nəfərin bıçaqlanması və xeyli sayda insanın xəsarət alması ilə nəticələnən qanlı savaş barədə danışan restoran sahibi hacı Mirtalib Miri oğlu deyib.
Qeyd edək ki, hazırda xəstəxanada müalicə olunan Zaur Əsgərov mediaya açıqlamasında hadisədə özünün və qonaqlarının zərərçəkən olduğunu bildirmişdi. Onun sözlərinə görə, övladının 3 yaşını qeyd etmək üçün "Oazis"də 15 nəfərlik yer götürübmüş, öz xanımı ilə rəqs edərkən mühafizəçilərdən biri ona həyat yoldaşının yaxasını bağlamasını məsləhət bilib. Dava da bununla başlayıb. Z.Əsgərovun sözlərinə görə, aşpazlar, ofisiantlar, hətta restoranın sahibi Mirtalib də onları döyüb.
"Oazis"in sahibi Mirtalib Miri oğlu isə bu ittihamları rədd edir və hadisənin qonaqlar tərəfindən törədildiyini deyir. Restoranın təqdim elədiyi görüntülərdən isə kimin kim olduğu bilinmir. Amma "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə məhz restoranın sahibi Mirtalib Miri oğlunun dediyi kimi yox, fərqli məcrada baş verib. Yəni, restorana gələn xanım qonaqlara mühafizəçilər söz atıblar. İlk reaksiya sərt olmayıb, amma bir qədər sonra vəziyyət kritikləşib. "Bildiyiniz kimi, "Oazis"də müştərilərə spirtli içki verilmir. Ancaq hər kəsə özü ilə içki gətirmək icazəsi var. Yəni, Mirtalib Miri oglu obyektini dindar adam kimi idarə etmək istəsə də, buna əməl etmir. İçki məclisindən sonra isə vəziyyət başqa cür olur. Amma restoran sahibi müştəriləri yola vermək əvəzinə, yekəpər mühafizəçilərinə onları döyməyi əmr edir. Diqqət edirsinizsə, mətbuata yalnız davanın az bir hissəsini əhatə edən video təqdim olunub. Yəni, "Mirtalib Miri oglu özünə necə sərf edirsə, hadisəni o cür yönləndirməyə çalışır", - deyə müsahibimiz vurğulayıb.
Başqa bir mənbədən aldığımız bilgiyə görə, "Oazis"də baş verən hadisə yuxarıların diqqətinə çatdırılıb. Ona görə də Mirtalib Miri oglunun cəhdlərinə baxmayaraq, məsələ ilə bağlı dərin araşdırma aparılacağı qaçılmazdır. Ola bilsin ki, məhz bu hadisəyə görə, restoran sahibi və onun yaxın ətrafı məsuliyyətə cəlb olunsun.
Z.MƏMMƏDLİ