Bəzi nazirlər işbazlar qarşısında aciz qalıb
14:09 05-09-2014
İQTİSADİYYAT
Bəzi nazirlər işbazlar qarşısında aciz qalıb
Onların bazarlarda xaos yaratmasının qarşısı alınmır
Son vaxtlar Azərbaycan bazarlarına keyfiyyətsiz aqrar məhsulların çıxarılması mətbuatda geniş müzakirə olunur. Bunun əsas səbəbi isə keyfiyyətli kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılmasıdır.
Mətbuatın geniş yer ayırdığı və ictimaiyyətin ciddi narahat olduğu məsələ ilə bağlı isə bir çox aidiyyatı qurumların, əlaqədar nazirliklərin hər hansı əhəmiyyətli müdaxiləsinin şahidi olmuruq. Elə bu məqam da cəmiyyətdə narazılıq yaradır.
Dünən bu mövzu ilə bağlı danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Azərbaycan bazarında keyfiyyətsiz məhsulların satılmasının üç səbəbinin olduğunu deyib. O qeyd edib ki, ən yaxşı məhsullar Rusiya bazarına tədarük edilir.
Ekspertin sözlərinə görə, tədarükçülər məhsullarını Rusiya bazarında qısa müddətə satıb, pullarını toplaya bilirlər: "Bakı şəhərində böyük tutumlu maşınların yükünü qısa müddətə realizə etmək mümkün deyil. Böyük tutumlu maşınlar kənd təsərrüfatı məhsulu yükü ilə Bakı bazarlarına buraxılmır. Nəticədə ən yaxşı məhsullar Rusiya bazarına çıxarılır və keyfiyyəti aşağı olan məhsullar isə Azərbaycan bazarında istehlakçılara təklif olunur".
Ekspertin sözlərinə görə, ikinci səbəb Azərbaycanda alıcılıq qabiliyyətinin aşağı olmasıdır. Məhərrəmov bununla bağlı problemin yaranmasını qiymətlərin baha olması ilə əlaqələndirir: "Keçən il 1 manata 2-3 kiloqram normal üzüm almaq olardısa, indi həmin qiymətə bunun yarısını almaq mümkündür. Nəticədə satıcının əlində qalan digər hissə özünə alıcı tapmır, keyfiyyəti pisləşir və nəticədə xarab olur. Alıcılıq qabiliyyətinin aşağı olması bazarda mal dövriyyəsinə də ciddi təsir edir. Bu da tədarükçülər və satıcılar üçün problemlər yaradır, onlar satış üçün bazara gətirdikləri məhsulun bir hissəsi satışa çıxarılmadan xarab olur. Digər hissəsinin isə əmtəə görünüşü korlanır və həmin məhsulu nisbətən ucuz qiymətə təklif etmək məcburiyyətində qalırlar. Bu gün bazarlarda xaos yaranıb. Problem aidiyyatı orqanlar tərəfindən həll olunmalı, qiymətlər qanunauyğun şəkildə tənzimlənməlidir. Qiymət siyasəti müəyyənləşdirilməlidir, idxal-ixracla bağlı məsələlər qanunla həll olunmalıdır".
Ekspert həmçinin hesab etdiyini bildirib ki, aidiyyatı qurumların qarşısında duran əsas vəzifə digər bazarlara mal ixrac etmək yox, daxili bazarı təmin etməkdən ibarət olmalıdır. Məhərrəmov vurğulayıb ki, əvvəlcə Azərbaycan əhalisinin tələbi ödənilməlidir: "Artıq məhsul istehsal olunarsa, o halda həmin məhsulun digər ölkələrə çıxışını təmin etmək istiqamətində yollar araşdırılmalıdır. Bu gün yaranmış vəziyyətdən işbazlar məharətlə istifadə edirlər. Bunun da əziyyətini fermerlərimizlə yanaşı istehlakçılarımız çəkirlər". Vahid Məhərrəmova görə, bazarda keyfiyyətsiz məhsulların çoxalmasının digər səbəbi əldə olunan məhsulun keyfiyyətinin aşağı olması ilə bağlıdır. O, hesab edir ki, bu il Azərbaycanda əkinçiliyə ciddi fikir verilməyib: "Fermerlərimizin həm suvarma suyuna olan tələbatı
ödənilmədi, həm də bitkilərə vaxtı-vaxtında mineral və üzvi gübrələrin verilməsi, aqro-texniki qaydalara əməl olunmasında bir sıra problemlər öz həllini tapmadı. Aidiyyatı orqanların fermerlərin problemlərinə laqeyd olmaması da problemlərin artmasına şərait yaratdı".
Göründüyü kimi, yaranmış durumda əlaqədar qurumların məsuliyyəti kifayət qədərdir. Xüsusilə Heydər Əsədovun rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyi, Şahin Mustafayevin rəhbəri olduğu İqtisadiyyat və Sənaye Nazirliyi işbazlar qarşısında acizlik nümayiş etdirməməli və ictimaiyyəti ciddi narahat edən problemin yoluna qoyulması üçün əməli addımlar atmalıdır.
Eyni zamanda bu nazirliklər fermerlərin problemlərinə biganə münasibətlərini də dəyişməlidirlər. Əks halda haqqında danışılan problemin qarşıdakı dövrdə daha da kəskinləşməsi, əlavə fəsadlar doğurması əsla istisna edilməməlidir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17