"Hafka"ya 50 milyon avroluq zərbə
16:44 06-09-2014
İQTİSADİYYAT
"Hafka"ya 50 milyon avroluq zərbə
Qalmaqallı iş adamına qarşı müdhiş məhkəmə iddiası qaldırılır
Ekstravaqant azərbaycanlı oliqarx, "Hafka" ləqəbi ilə tanınan Hafiz Məmmədovun başı ciddi dərdə girib. virtualaz.org-un məlumatına görə, az əvvəl İngiltərənin ikinci liqada oynayan "Sheffield Wednesday" klubunun sahibi və prezidenti, serb əsilli iş adamı Milan Mandariç klubun Hafiz Məmmədova satılmasına dair bu ilin mayında bağlanmış müqavilənin qüvvədən düşdüyünü elan edib.
Mandariç bəyan edib ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Məmmədova qarşı məhkəmə iddiası qaldırır.
Mandariçin bu bəyanatını ildırım sürəti ilə aparıcı Avropa KİV-ləri tirajlamaqdadır. İngilis klubunun prezidenti bəyan edib ki, müqavilənin qüvvədən düşməsinə səbəb Məmmədovun "Sheffield Wednesday"in səhmlərinin 100 faizi üçün 40 milyon funt-sterlinq (təxminən 50 milyon avro) vəsaiti ödəmək iqtidarında olmamasıdı.
Mayın sonlarında bağlanmış müqavilə həmin andan qüvvəyə minirdi və Məmmədov klubun səhmlərinin alınması üçün Mandariçə 50 milyon avro ödəməli idi. Mandariç müqaviləni hələ ötən ay pozmağa hazır olduqlarını, lakin Məmmədovla danışıqları son ana qədər davam etdirdiklərini bildirib.
Mandariç bəyan edib: "Təəssüf ki, müqavilənin bağlanmasından bu yana Məmmədovla və onun nümayəndələri ilə işləməyimizə baxmayaraq o, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmək iqtidarında olmayıb. Bura həm klubun səhmlərinin alınması, həm sponsor razılaşması öhdəlikləri daxildir".
O bildirib ki, klubun Məmmədova satılmasına dair müqavilə imzalananda azarkeşlər sevinmişdi. Onlar inanırdı ki, bu sövdələşmə klub üçün yeni imkanlar açır. "Lakin onlar prosesin başa çatdırılması üçün əlavə vaxt istəməyim barədə qərarımdan çox məyus oldular. Bu dövrdə mən biznesi idarə etməkdə və klubun cari maliyyə problemlərini həll etməkdə davam etdim. Tərəfdarlarımız gördülər ki, biz sponsor razılaşmasına əməl edirik və üzərində "Land of Fire Azerbaijan" yazılmış yeni köynəkləri fəxrlə geyinirik" - deyə Mandariç bildirib.
"Mən cənab Məmmədovun Azərbaycanda üzləşdiyi çətinlikləri çox tezliklə aradan qaldıracağına ümid etsəm də klubun adı ətrafında spekulyasiyaların davam etməsinə imkan verə bilmərəm və hüquq məsləhətçilərimdən onların zəruri hesab etdiyi məhkəmə iddiasını qaldırmağı xahiş etmişəm" - Mandariç əlavə edib.
Klub prezidenti deyib ki, o, səhmlərin satılması üçün yeni tərəfdaş axtaracaq.
Britaniya mətbuatı xatırladır ki, Məmmədovun Fransada aldığı "Lans" klubu da böhran içindədir və azərbaycanlı oliarx klubun büdcəsinə heç bir vəsait ödəmək iqtidarında deyil. Bu üzdən "Lans"a futbolçu transferi qadağan edilib.
«Unikal» yada salır ki, təxminən on gün əvvəl Fransanın "Lans" futbol klubunun prezidenti Jerve Martel də Azərbaycan hökumətinə müraciət etmişdi. Belə ki, Jerve Martel azərbaycanlı ortağı, klubun majoritar səhmdarı Hafiz Məmmədovdan pul almaq ümidlərinin boşa çıxmasından sonra klubun büdcəsinə 4 milyon avro köçürülməsi üçün Azərbaycan dövləti ilə birbaşa danışıqlar aparır.
Məlumatı Fransanın nüfuzlu "Canal+" yaymışdı. Həmin vaxt bildirilirdi ki, Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası "Lans"ın büdcəsində kifayət qədər pul olmadığını əsas gətirərək, ona oyunçu transferini qadağan edib. Əgər sentyabrın 1-nə qədər zəruri vəsait tapılmasa, "Lans" yeni futbolçu transfer edə bilməyəcəkdi.
Məlumata görə, Məmmədov fransızlara "yaxın bir-iki həftədə pul tapacam" vədi versə də, hazırda müflis durumda olan azərbaycanlı oliqarxın "Lans"a vəd etdiyi 10 milyon avronu verəcəyinə artıq inanmırlar. Bu səbəbdən Jerve Martel böhrandan çıxmaq üçün Azərbaycan dövləti ilə birbaşa danışıqlara girməyi qərara alıb. Bəs "Bakı"nın prezidentinin verə bilmədiyi pula görə Azərbaycan dövləti niyə cavabdeh olmalıdır? Azərbaycan dövləti "Lans"a pul verməyə borcludurmu?
"Canal+" bildirir ki, Jerve Martel Azərbaycan dövlətindən pul istəmək üçün əsas kimi "Lans"ın oyunçularının üzərində "Land of Fire Azərbaycan" şüarı yazılmış köynəklər geyməsini nəzərdə tutan müqaviləni göstərir. Bu müqavilə azərbaycanlı iş adamı "Lans"ı alandan sonra bağlanıb və şərtə görə iki il ərzində klubun oyunçuları üzərində bu şüar yazılmış köynəklər geyməlidir.
İndi Jerve Martel hesab edir ki, "Lans" futbolçuları Azərbaycanı təbliğ etdiyinə görə, Azərbaycan dövləti bu reklamın əvəzində kluba heç olmasa 4 milyon avro verə bilər. Azərbaycan tərəfinin bu istəyə reaksiyası məlum deyil. Təxminlərə görə Martel 4 milyonla bağlı danışıqları Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə aparır.
Xatırladaq ki, Məmmədov hazırda müflis vəziyyətdədir və borc içində batır.
Göründüyü kimi, "Hafka"nın müflis durumda olduğu halda ingilis klubunu almaq barədə müqavilə bağlaması onun başını ciddi dərdə salıb. İndi o, məhkəmə qarşısında cavab verməli olacaq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13