Xırdalanda partlayış: ölən və yaralananlar var
14:48 09-09-2014
İQTİSADİYYAT
Xırdalanda partlayış: ölən və yaralananlar var
FHN: Xırdalanda partlayış baş verən binanın dağıntıları altından çıxarılanların sayı 11-ə çatıb
Azərbaycanda binada partlayış olub. Şahidlərin verdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb.
Məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb, dağıntılar altında qalanlar var. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub.
Hadisə ilə bağlı Fövqəladə hallar Nazirliyi məlumat yayıb. Nazirlikdən Axar.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən 3 nəfər xilas edilib, 2 nəfərin xilasedilməsi istiqamətində işlər davam etdirilir.
Musavat.com-un hadisə yerində olan əməkdaşı Röya Rəfiyevanın verdiyi xəbərə görə, əsasən məcburi köçkünlərin məskunlaşdığı daş binada baş verən partlayışdan sonra əmələ gələn dağıntıların altında hələ də 5 nəfərin qaldığı, onlardan ikisinin uşaq olduğu bildirilir. Onların xilas edilməsi üçün tədbirlər görülür. Dağıntının miqyası böyükdür. Hər tərəfə məişət avadanlıqları səpələnib.
Daha bir əməkdaşımızın verdiyi xəbərə görə, partlayış zamanı yaralananların paytaxtdakı xəstəxanalara çatdırılmasında problem yaranıb. Belə ki, beynəlxalq avtovağzalın yanında yaranan ənənəvi tıxac təcili yardım maşınlarının sərbəst hərəkətinə mane olur. Sirena siqnalları ilə özlərinə yol açmaq istəyən təcili yarım maşınları yolda ilişib qalır, tıxacdan adi maşınlar kimi çıxa bilirlər. Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.
Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhərində tikintisi başa çatmamış binada baş verən partlayışdan sonra əmələ gəlmiş dağıntıların altında qalan iki nəfərin xilas edilməsi işləri FHN-in xilasediciləri tərəfindən davam etdirilir.
Xilasedicilər həmin şəxslərin sağ olduğunu, göründüklərini, ancaq onlara yetişməyin hələlik mümkün olmadığını bildiriblər. Buna səbəb binanın uçmuş iki mərtəbəsinin əmələ gətirdiyi daş və beton qalıqlarıdır. Ona görə də FHN-in xilasediciləri hazırda dağıntılar altına binanın zirzəmisən keçməyə çalışırlar.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, stansiyanın həkim briqadası tərəfindən hadisə zamanı xəsarət almış 2 nəfərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb.
Bundan əlavə, Xırdalan şəhər Təcili Yardım Stansiyasının əməkdaşları tərəfindən daha 5 nəfərə ilkin tibbi yardım göstərildiyi bildirilib.
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xırdalanda partlayış baş verən əraziyə gəlib. Nazirə son vəziyyətlə bağlı məlumat verilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 8 nəfəri xilas ediblər. Onlar - 1979-cu il təvəllüdlü Abbasova Könül Tofiq qızı, 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı, 2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu, 1999-cu il təvəllüdlü İsmayılova Aygül Vidadi qızı, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac Gülbala qızı, 1972-ci il təvəllüdlü İsmayılov Vidadi Yunis oğlu, 2001-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlu və 9 yaşında Ayxan adlı uşaqdır.
Xırdalanda partlayış baş verən binanın dağıntıları altından çıxarılan 5 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Adil Salahov açıqlamasında deyib ki, xəstəxanaya gətirilən 5 nəfərdən biri Respublika Yanıq Mərkəzinə göndərilib, qalan 4 xəstənin müalicəsi isə davam etdirilir. A.Salahov qeyd edib ki, onlardan 1-i xəstəxananın reanimasiya, 2-si uşaq, 1-i isə I cərrahiyyə şöbəsindədir.
Xəsarət alanlardan 1972-ci il təvəllüdlü İsmayılova Mətanət Elbrus qızı kəllə-beyin travması, qolun, bazunun, almacıq sümüyünün, 11-ci bel fəqərəsinin sınığı, döş qəfəsinin əzilməsi ilə xəstəxanaya gətirilib. Hazırda onun vəziyyəti ağırdır.
2007-ci il təvəllüdlü İsmayılov Bəkir Vidadi oğlu bədənin çoxsaylı əzilmələri, 2010-cu il təvəllüdlü Abdullayeva Aytac bədənin küt travması ilə xəstəxananın uşaq şöbəsində yatır.
2000-ci il təvəllüdlü İsmayılov Yunis Vidadi oğlunun yanıq xəsarətləri olduğu üçün Respublika Yanıq Mərkəzinə göndərilib.
15 yaşlı İsmayıllı Aygün Vidadi qızı aşağı ətrafının didilmiş, cırılmış yarası ilə I cərrahiyyə şöbəsində müalicə alır.
Xəstələrdən Mətanət İsmayılovanın vəziyyəti ağır, digərlərinin vəziyyəti isə kafidir.
Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində 1 nəfər ölüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir. ANS TV-nin hadisə yerində olan müxbiri Sərxan Kamallının verdiyi məlumata görə, dağıntılar altından bir uşağın cəsədi çıxarılıb. Onun meyiti Respublika Kliniki Xəstəxanasına aparılıb.
Ümumilikdə bu yerə kimi 9 nəfər xilas edilib. Dağıntılar altında isə 2 nəfər qalıb. Hazırda həmin şəxslərin xilas edilməsi istiqamətində işlər aparılır.
Qeyd edək ki, Abşeron rayonu ərazisində, Xırdalan şəhərində güclü partlayış baş verib. Partlayış tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hadisə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində qeydə alınıb.
"Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli binada baş vermiş partlayış nəticəsində birinci və üçüncü mərtəbədə yaşayan Qubadlı rayonundan köçkün düşmüş iki ailənin mənzilləri də yararsız vəziyyətə düşüb". Bunu APA-ya açıqlamasında Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Haxverdiyev söyləyib.
O bildirib ki, hər biri 5 və 4 nəfərdən ibarət olan bu ailələrin 2 üzvü dağıntılar altında qalıb, hazırda xilasetmə işləri aparılır. A.Haxverdiyev hər iki ailənin bu günlərdə Mehdiabadda mənzillə təmin ediləcəyini bildirib.
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20