İŞİD-dən yeni qanlı əməllər
İŞİD-dən yeni qanlı əməllər

Terror təşkilatı Avropanın da başı üstünü "qavra bulud" kimi alır

İran "İslam Dövləti" (İŞİD) terror təşkilatı ilə bağlı dünya ictimaiyyətinə müraciət edib. Bu ölkənin xarici işlər naziri Cavad Zərif ABŞ rəhbərliyinin İŞİD-ə qarşı apardığı mübarizənin ciddi olmadığını iddia edərək terrorla mübarizə aparmaq üçün dünya ölkələrinə çağırış edib.


İranın dövlət televiziyasına açıqlama verən nazir ABŞ-ın İŞİD-i dəstəklədiyini bildirib: "Amerikalılar indiyədək ikili standartlardan çıxış edərək siyasət həyata keçiriblər. Onlarım mübarizəsi ciddi deyil. ABŞ Suriyada uzun müddət İŞİD-ə dəstək verdi. İndi də nə edəcəklərinə qərar verə bilmirlər".
Bu arada İŞİD yaraqlıları İraqın mərkəzində yerləşən Duluyə şəhərində iki terror aktı törədib. Terror aktları nəticəsində 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
İŞİD yaraqlıları bir müddət öncə şəhərə hücum etsə də, yerli əhalinin göstərdiyi güclü müqavimət nəticəsində geri çəkilməyə məcbur olub. Hazırda İŞİD yaraqlıları ikinci dəfə şəhərə hücum edirlər.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə "İraq və Şam İslam Dövləti" (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Başqa bir məlumata görə, İŞİD terrorçuları beş nəfər parsabadlı sürücünün başını kəsib. Parsabaddan əldə edilən məlumatda bildirilir ki, son günlərdə İraqın şimalına yük aparan maşın sürücüləri və onların köməkçiləri olan beş nəfərin ( 2 nəfər parsabadlı, 2 nəfər əslanduzlu və 1 nəfər biləsuvarlı) cənazəsi İraqın şimalından gətirilib.
Həmin şəsxlərlə birlikdə olanlardan yalnız bir nəfər qurtula bilib.
Onun dediyinə görə, İraqın şimalında İŞİD terrorçularına tuş gələn yük maşınının sürücüləri özlərini sünni kimi təqdim etsələr də, terrorçular onlara inanmayıb, başlarını kəsiblər.
Ölənlərin İraqın şimalına yük aparmaq üçün qanuni icazələri olmadığına görə, onların ailələri bu barədə danışmaqdan çəkinirlər.
İŞİD-in Mosul şəhərini ələ keçirdikdən sonra fəaliyyətini genişləndirməsi bölgədə radikal qruplaşmalara qatılan avropalıların dünya gündəminə gəlməsinə səbəb olub. Publika.az saytının yazdığına görə, İraqda və Suriyadakı qarşıdurmalarda iştirak etmək üçün bölgəyə gələn avropalılar ən çox Fransa, İngiltərə və Almaniya vətəndaşlarıdır. Müsəlman miqrantların çoxluq təşkil etdiyi Fransadan bu günə qədər təxminən 900, İngiltərədən 500, Almaniyadan da 400 nəfərin döyüşmək üçün İraq və Suriyaya getdiyi bildirilir.
Mərkəzi Amerikada təhlükəsizlik araşdırmaları üzrə ixtisaslaşmış "Soufan Group"un verdiyi hesabata görə, Qərb ölkələrindən bu günə qədər 2500-dən çox döyüşçü İŞİD sıralarına qatılıb. Hesabatda döyüşçülərin əksəriyyətinin 18-29 yaş arasında olduğu, getdikcə bu yaş həddinin kiçildiyi, heç bir döyüş təhsili verilmədən bölgəyə göndərildiyi qeyd olunur. Hesabatda o da bildirilir ki, müsəlman olmayan ölkələrdən İraq və Suriyaya gedənlərin böyük qismi islamı sonradan qəbul etmiş şəxslərdir. Avropa polis təşkilatı olan Avropolun 2014-cü il hesabatında da bu rəqəmlər öz təsdiqini tapır.
Suriyaya döyüşməyə gedən avropalıların sayının davamlı artdığı bildirilən hesabatda qeyd olunur: "Vətəndaş müharibəsi davam etdikcə Suriyaya döyüşmək üçün Avropa Birliyi (AB) ölkələrindən gedənlərin sayı daim artacaq. Bununla bərabər, Suriyadakı döyüşün AB üçün yaratdığı təhdid də getdikcə artmaqdadır. Qarşıdurma bölgələrinə gedən avropalı döyüşçülər geri qayıtdıqda bütün AB üzvləri üçün böyük təhdid olacaq".
Təxminən 5 milyon müsəlmanın yaşadığı Almaniyada rəsmi rəqəmlərə görə, İraq və Suriyaya döyüşmək üçün gedən 400 nəfərdən 100-dən çoxu artıq geri dönüb. Bunların yarısının da yaşı 25-dən aşağıdır. Verilən məlumata görə, Almaniyadan gedənlər arasında orduda daha əvvəl xidmət etmiş 20 hərbçi də var. Bunların hərbi təhsilli olması İŞİD üçün əhəmiyyətlidir.
Almaniya hökuməti isə mövzuya təmkinli yanaşır. Daxili İşlər naziri Tomas de Maizierenin geri dönənlərin hamısının potensial terrorçu olaraq qiymətləndirilməyəcəyini deməsi Almaniyanın bu mövzudakı yanaşmasını ortaya qoymuş olur. Buna qarşılıq olaraq son dövrlərdə döyüşə qatılanların Almaniyaya girişlərində maneə yaradılması ilə bağlı bəzi müzakirələr aparılır. Amma bölgəyə gedənlərin böyük bir hissəsinin Almaniya vətəndaşı olması və xaricilərin da bu ölkədə davamlı olaraq qala bilməsi bu tələbin hüquqi baxımdan tətbiqini çətinləşdirir. Bəzi siyasətçilər Suriyaya getmiş şəxslərin Almaniya vətəndaşlığından çıxardılmasını istəyir.
Fransadan Suriya və İraqa döyüşməyə gedən 900 nəfərdən də təxminən 100-nün geri döndüyü bildirilir. Döyüşçülərin əksəriyyətini kişilər təşkil edir, ancaq az qala hər gün döyüş bölgəsinə gedən qadınların sayı artmaqdadır. Fransadan gedən döyüşçülərin 20 faizinin islamı sonradan qəbul etdiyi açıqlanıb. Almaniyadan fərqli olaraq, Fransa bu mövzuda ciddi tədbirlər görməkdədir. Belə ki, ölkə rəhbərliyi qəbul olunmuş qanuna əsasən, döyüş bölgələrinə getmə şübhəsi olan adamların pasportları Şengen bölgəsinin xaricində etibarsız hala gətirilir. Bu qadağanı nəzərə almadan ölkədən çıxan şəxslər isə beynəlxalq axtarışa verilir.
Radikal qrupların ölkədəki fəaliyyətlərinin təsbiti üçün də internet və ictimai media üzərində nəzarət gücləndirilib.
İngiltərədən radikal qruplara qoşulan vətəndaşların sayı rəsmi rəqəmlərə görə 500, qeyri-rəsmi isə 750 nəfər civarında göstərilir.
Suriya və İraqa ən çox döyüşçü gedən Avropa ölkələri siyahısında Belçika əhalisinin sayına görə ön sıralarda yer alır. Belçika Daxili İşlər Nazirliyi Avropa ölkələrindən təxminən 2 min adamın Suriyaya getdiyini, bunlardan təxminən 150-nin belçikalı olduğunu açıqlayıb. Digər tərəfdən, Brüsseldə yerləşən yəhudi muzeyinə 24 mayda təşkil edilən və 4 adamın öldüyü hücumla bağlı nəzarətə götürülən Əlcəzair mənşəli Fransa vətəndaşı Mehdi Nemmouçenin Suriyada 1 il döyüşüb geri qayıtması ölkədə böyük narahatlıqlar yaratmışdı.
Hollandiya da İŞİD-ə aktiv qoşulan Avropa ölkələri arasındadır. Hollandiya Kəşfiyyat və Təhlükəsizlik Təşkilatının məlumatlarına görə, Suriya və İraqa döyüşmək üçün gedənlərin sayı 130 nəfərdən çoxdur. Bunlardan da 30 nəfəri artıq Hollandiyaya qayıdıb. Avstriya isə Yaxın Şərqə gedən döyüşçülərin dini mənsubluğu baxımından bir az rəngarəgdir. Bu ölkədən 130-dən çox xristian, yəhudi və müsəlman döyüş bölgələrinə gedib.
Murad İbrahimli