Ukraynada tufan öncəsi sakitlik
Ukraynada tufan öncəsi sakitlik
Kiyev əhalini böyük müharibəyə hazırlayır

Sentyabrın 5-də Ukrayna hakimiyyəti və separatçılar arasında atəşkəs barədə razılıq əldə olunsa da, sülh o qədər də yaxın görünmür.
Donetsk və Luqansk vilayətlərində vuruşan tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir. Ancaq əksər istiqamətlərdə sakitlik hökm sürür. Əsirlərin mübadiləsi başlayıb. Bununla belə, ekspertlərin əksəriyyəti hesab edirdilər ki, Ukrayna ordusu güclərini yenidən qruplaşdırdıqdan sonra yeni hücumlara başlayacaq. Hücumun məhz separatçılar tərəfindən başlanacağını da istisna etməyənlər az deyil.
"Donetsk Xalq Respublikası"nın hərbi qərargahından bildirilib ki, 7 sentyabr gecəsi Zuyevka qəsəbəsindəki blokpost, həmçinin Xanjonkova şəhəri minaatan və artilleriya sistemlərindən atəşə tutulub. Ölən və yaralanların olduğu bildirilir. Atəşkəs rejiminin pozulması faktı Donetsk aeroportu və Avdeyevka şəhəri ərazisində də qeydə alınıb.
Öz növbəsində Ukrayna tərəfi də Mariupola hücumlara görə separatçıları ittiham edir. Ukrayna mediasının məlumatına görə, 7 sentyabr gecəsi atəşkəsin pozulması nəticəsində Mariupolun 33 yaşlı sakini ölüb.
Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk "facebook" səhifəsində yazıb ki, Ukrayna ordusu atəşkəş rejiminə ciddi riayət edir. O, yalnız cavab atəşinin açıldığını qeyd edib. Hərbi ekspertin sözlərinə görə, Donetsk, Debaltsevo, Nekişina, Şirokina, Lebedinski yaşayış məntəqələri, həmçinin Donetsk aeroportu minaatanlardan atəşə tutulub. Ukrayna ordusunun Mariopuldakı mövqelərinin artilleriya və reaktiv yaylım atəşi sistemlərindən atəşə tutulduğu, cavab atəşi ilə separatçıların bir tankının məhv edildiyi bildirilir.
Hazırda müxtəlif istiqamətlərdə Ukrayna qoşunlarının konsentrasiyasının aparıldığı deyilir. Daxili işlər naziri Arsen Avakov bildirib ki, Mariupol şəhərinə əlavə qoşunlar, o cümlədən Milli Qvardiyanın birinci operativ briqadası cəlb edilib. Rusiya mətbuatı belə hesab edir ki, Mariopul rayonu müdafiə meydanından tədricən hücum üçün müharibə meydanına çevrilir.
"Donetsk Xalq Respublikası"nın hərbi qərargahının məlumatına görə, Ukrayna ordusu güclərini Donetsk istiqamətində yenidən qruplaşdırır, hərbi texnikanı təmir edir və yeniliyi ilə əvəzləyirlər. Kəşfiyyat məlumatlarına görə, Debaltsevo rayonuna 32 tank, Artemovska isə 13 tank və 15 ədəd "Şilka" özüyeriyən zenit-raket sistemi gətirilib. Sözügedən ərazilərə həmçinin "Toçka-U" ballistik raketlərinin işəsalma qurğusu, altı ədəd "Qrad" və bir ədəd "Smerç" sistemi yerləşdirilib.
Qeyd edək ki, üçtərəfli əlaqə qrupunun Minskdə imzaladığı protokol müqavilə və yaxud konvensiya deyil, faktiki olaraq tərəflərin yaxşı niyyətini nümayiş etdirən sənəddir. Sənədi Ukrayna tərəfdən keçmiş prezidenti Leonid Kuçma imzalayıb. Onun isə heç bir dövlət səlahiyyəti yoxdur. On iki bəndlik protokolda konkret öhdəliklər qeyd olunmayıb. Bu baxımdan da Minsk protokolu heç də müharibənin başa çatdığını bildirmir.
Rusiya mətbuatı iddia edir ki, Ukrayna hakimiyyəti əhalini böyük müharibəyə hazırlaşmaqda davam edir. "Lvovda yuxarı yaşlı kişilər hərbi hazırlıq keçməyə məcbur edilir, Zaporojyedə səngərlər qazılır, Xarkovda əhali silahla davranış və partizan müharibəsinin aparılması qaydalarını öyrənir", - Rusiyanın "Nezavisimaya gazeta" nəşri yazıb.
ATƏT, Kiyev və separatçı qurumlar arasında konsultasiyaların davam edib-etməyəcəyi də anlaşılmaz olaraq qalır.

Ukrayna ordusu
Luqansk
vilayətini tərk edir

Ukrayna antiterror gücləri Luqansk vilayətinin bir sıra yaşayış məntəqələrini tərk edib. Bu barədə "Luqansk Xalq Respublikası" separatçı qurumun hərbi qərargahından bildirilib.
"Ukrayna Privetnoe, Pankovo, Stukalova Balka, Svetloe, Xristovo, Markovka, Novopskov, Belovodsk, Novoaydar, Severodonetsk, Starobelsk və Svatovo yaşayış nəntəqələrindən qoşunlarını çıxarır", - məlumatda deyilir.
Xatırladaq ki, üçtərəfli əlaqə qrupunun (Rusiya-Ukrayna-ATƏT) sentyabrın 5-də Belarusun paytaxtı Minskdə keçirilən toplantısında atəşkəs rejiminin tətbiq olunması barədə razılıq əldə olunub. Bununla belə, ötən həftənin şənbə və bazar günləri Ukrayna antiterror gücləri və separatçılar atəşkəs rejiminin pozulduğu barədə qarşı tərəfi ittiham ediblər.
Həm Rusiya prezidenti Vladimir Putinin "7 addımlıq" planında, həm də Putinin planı əsasında yazılan separatçıların planında Ukrayna ordusunun Luqansk və Donetsk vilayətlərinin geri çəkilməsi şərt olaraq irəli sürülüb. Bu planların heç birində Rusiya qoşunlarının və hərbi texnikasının çıxarılması, eyni zamanda separatçıların tərksilah olunması barədə müddəa yer almayıb.
Sözügedən "sülh planları"na sərt reaksiya verən Ukrayna prezidenti Pyotr Poroşenko ötən həftənin şənbə günü "Yespreso.TV" kanalına açıqlamasında "Biz bu əraziləri tərk etməyəcəyik. Çünki söhbət bizim ərazilərimizdən gedir" söyləmişdi.
Ukrayna dövlət başçısı Ukrayna qoşunlarının öz mövqelərində qalacağını və geri çəkilməyə hazırlaşmadığını deyib.
P.Poroşenkonin 14 bəndlik sülh planının açıqlandığı vaxt separatçılar Donetsk və Luqansk vilayətlərinin əhəmiyyətli hissəsini nəzarətdə saxlayırdı. Uğurlu antiterror əməliyyatları keçirən Ukrayna ordusu separatçıları geniş ərazilərdə geri çəkilməyə məcbur edib. Baxmayaraq ki, bu ərazilərin bir hissəsi son döyüşlərdən sonra yenidən separatçıların əlinə keçib. "Hazırda separatçıların nəzarətindəki ərazilərin üçdə ikisi geri qaytarılıb. Bu, şübhəsiz ki, Ukrayna Silahlı Qüvvələrinin müvəffəqiyyətidir. Ukrayna ordusu geri çəkilmək niyyətində deyil", - Poroşenko vurğulayıb.

Moskva AB-nin yeni sanksiyaları ilə üz-üzə

ABŞ-ın "Wall Street Journal" nəşri Avropa Birliyinin (AB) Rusiyaya qarşı mümkün sanksiyaların detallarını açıqlayıb. publika.az-ın verdiyi xəbərə görə, nəşr Brüsselin sanksiyalara məruz qalacaq Rusiya şirkətlərinin sayını artırmağı planlaşdırdığını yazıb.
Məlumata görə, yeni sanksiyalar "Rosneft", "Transneft" və "Qazpromneft" şirkətlərinin Avropa bazarından borc almasını məhdudlaşdıracaq. Bu məhdudiyyətlər həmçinin Rusiya Əmanət Bankı, VTB, VEB, "Qazprombank" və Rusiya Kənd Təsərrüfatı Bankına qarşı da tətbiq ediləcək.
Kredit resurslarının cəlb edilməsi ilə bağlı məhdudiyyətlər Rusiya müdafiə sənayesinin üç şirkətinə OAK, "Oboronoprom" və "Uralvaqonzavod"a qarşı tətbiq olunacaq. Avropa şirkətlərinə həmçinin ikiqat təyinatlı texnologiyaların Rusiyanın 9 müdafiə sənayesi müəssisəsinə satışı qadağan ediləcək. Bunların arasında "Sirius", "Kalaşnikov" və "Stankoinstrument" müəssisələri də var.
Srağagün isə Avropa Şurasının sədri Herman van Rompey AB-nin müəyyən şərtlərdə Rusiyaya qarşı sanksiyalar haqqında qərarı yenidən gözdən keçirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, bunun üçün Ukraynada əldə olunan atəşkəs rejimi möhkəm olmalı və münaqişənin tərəfləri danışıqlara başlamalıdır.
"Rusiya iqtisadiyyatı əzab çəkir, xüsusilə saknsiyalara görə çökmə mərhələsindədir", - Avropa Şurasının sədri vurğulayıb.
İki gün əvvəl isə Brüsseldə mənbə "İnterfaks" xəbər agentliyinə bildirib ki, AB ölkələrinin daimi nümayəndələr komitəsi Rusiyaya qarşı yeni sanksiyaların müzakirə edilməsi barədə razılığa gəlib. Mənbə dəqiqləşdirib ki, yeni məhdudlaşdırıcı tədbirlər maliyyə bazarları, müdafiə sənayesi, ikiqat təyinatlı və həssas texnologiyalara toxunacaq.

Rusiyalı politoloq: "Soyuq müharibə dövrünə qayıtmaq
daha yaxşı olardı"

Rusiyalı politoloq Qriqori Trofimçuk "Uels sammitindən sonra Rusiya-Qərb münasibətləri soyuq müharibə vaxtlarına qayıtdı" deyən rus ekspertlərinin fikirlərini şərh edib.
publika.az-ın verdiyi xəbərə görə, Q.Trofimçuk "facebook"dakı səhifəsində bunun daha yaxşı ola biləcəyini yazıb. "Soyuq müharibənin əvvəlki dövrünə qayıtmaq daha yaxşı olardı. Amma bu mümkün deyil, çünki "soyuq müharibə" vaxtlarına qayıtmağa yer yoxdur. Müasir Rusiya yumşaq dillə desək, SSRİ deyil, hər şeydən əvvəl hərbi-texniki parametrləri üzrə. Buna görə də adət edilmiş və qabaqcadan hazırlanmış mövqelərə çəkilmək artıq alınmayacaq", - rusiyalı ekspert qeyd edib.

Kənan Rzaquliyev