Azərbaycana gətiriləcək müəammalı 3 milyon avro
11:59 10-09-2014
İQTİSADİYYAT
Azərbaycana gətiriləcək
müəammalı 3 milyon avro
Leyla Yunus şəbəkəsinin bərpasına cəhdlər başladı
Müxalifət prezident seçkilərindən sonra hələ də ayağa qalxa bilmir. Seçkilərə partiya olaraq yox blok şəkilində qoşulan müxalifət öncə Rüstəm İbrahimbəyov, daha sonra isə Cəmil Həsənli bəlasını yaşamaqla tam iflas oldular. Bundan sonra istər AXCP-dən, istərsə də Müsavatdan aktiv simalar istefa verərək getdilər, bəzi rayon təşkilatları isə ümumiyyətlə dağıldı. Seçkilərdən sonra müxalifətin yanlış xətt tutması nəticəsində formalaşmaqda olan gənclər təşkilatları da sıradan çıxdı.
Gəncləri daha çox kütləvi aksiyalara cəlb etməklə iğtişaşlar törətməyə çalışan müxalifət bununla da daha kobud bir səfliyə yol verdi və nəticə göz qabağındadır. Müxalifətin iflic hala düşməsinin nəticəsidir ki, qarşıdan gələn bələdiyyə seçkilərində iştirak etmələri faktiki mümkünsüzdür. Məlum olan budur ki, bələdiyyə seçkilərində Ümid və KAXCP-dən başqa heç bir müxalifət partiyası iştirak etməyəcək. Aparılan araşdırmalar bunu sübut edir ki, müxalifət partiyalarının faktiki ayrı-ayrılıqda 100-200 nəfərdən artıq namizəd vermək imkanları yoxdur. Bu isə təsdiqləyir ki, müxalifət sosial bazasını itirib. Amma son zamanlar aparılan araşdırmalar, ortaya çıxan faktlar təsdiqlədi ki, əslində bu günə qədər müxalifətin görüntü yaratmasına səbəb bəzi QHT-lərin qərb dairələri ilə işbirliyi qurması olub. Leyla Yunusun rəhbərlik etdiyi bu şəbəkə Avropada erməni lobbisi ilə sıx əməkdaşlıq qurub və Azərbaycan müxalifətindən istifadə etməklə onların maraqlarını həyata keçiriblər. Şəbəkəyə diqqət yetirəndə aydın olur ki, onların fəaliyyət dairəsi seçkilərə nəzarətdən tutmuş, insan hüquqlarının qorunmasına qədər böyük bir sahəni əhatə edir. Həmçinin onların normal fəaliyyət göstərməsi üçün milyonlarla manat pul ayrılıb və bu pulların hara və necə xərclənməsi ilə bağlı heç bir bilgi verilmir. Amma Azərbaycan hakimiyyəti bu şəbəkəni çılpaqlığı ilə ifşa etdi və aydın oldu ki, hətta bu QHT üzvlərindən bəziləri Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. Real faktların ortaya çıxmasından və həbslərin reallaşdırılmasından sonra onların Avropadakı himayədarları susqunluq nümayiş etdirdilər. İndi isə bu susqunluğu bəzi beynəlxalq təşkilatların vasitəsi ilə pozmağa cəhd edirlər. Belə ki, Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle Bakıda vətəndaş cəmiyyəti nümayəndələrinin bir qrupu ilə görüş keçirib.Məlumata görə, avropalı komissar "Azərbaycandakı indiki vəziyyətdən və insan hüquqlarının məhdudlaşdırılmasına dair faktlardan narahatlığını ifadə edib".
"Avropa İttifaqı sizin mövcud məhdudiyyət və qadağalara baxmayaraq göstərdiyiniz cəhdlərə valeh olub. Biz vətəndaş cəmiyyəti ilə, hüquq müdafiəçiləri ilə bağlı baş verənləri diqqətlə izləyirik. Biz QHT-lərlə bağlı qanun dəyişdirilərkən, habelə vətəndaş cəmiyyətinin bu qədər çox sayda fəalı həbs edilərkən bundan narahatlığımızı dəfələrlə bildirmişik" - deyə "Turan" Ş.Fülenin yerli QHT rəhbərlərinə xitabən dediklərindən iqtibas gətirir.
Avropalı komissar sabit demokratik cəmiyyətin əsasında dayanan ictimai debatların təşkilinin vacibliyini vurğulayıb: "Buna görə də biz Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrini dəstəkləmişik və dəstəkləyəcəyik.
Ş.Füle əlavə edib ki, Aİ Azərbaycan müxalifətinə və vətəndaş cəmiyyəti fəallarına dəstək verməkdə davam etmək üçün 3 milyon avro vəsait ayırmağa qərar verib. Düzdür buna dərhal Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən cavab verildi və Elmar Məmmədyarov Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və QHT-lərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərək deyib ki, Azərbaycan QHT-lərlə bağlı daha çox şəffaflığa nail olmaq istəyir: "QHT-lər Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər. Azərbaycan demokratik və açıq cəmiyyət yaradır. İnsan hüquqlarına gəlincə, qanunun aliliyinin pozulması mümkün deyil. Bəzi beynəlxalq QHT-lər, təşkilatlar Azərbaycanı bu sahədə tənqid edirlər. Amma Azərbaycan bu ölkələr sırasında sonuncu deyil".
E. Məmmədyarov qeyd edib ki, ərazi bütövlüyünün toxunulmazlığı bütün ölkələr üçün əsas şərtdir və beynəlxalq səviyyədə tanınan sərhədlər dəyişdirilə bilməz.
İndi isə gəlin məsələnin görünməyən tərəflərinə diqqət ayıraq. Məlumunuz olduğu kimi Avropa İttifaqı bütün gücünü səfərbər edərək Azərbaycanı Şərq Tərəfdaşlıq Proqramına qoşmaq istəyir və bununla bağlı aylardır ki, danışıqlar aparılır. Qeyd edək ki, bu danışıqlar Ukrayna ilə aparıldı və nəticə göz qabağındadır. Amma Azərbaycan Ukraynadan fərqli olaraq bəyan etdi ki, bütün əməkdaşlıqlar ikitərəfli şəkildə ola bilər. Bu həmçinin Rusiyanın yaratmaq istədiyi və Azərbaycanı da sıralarında görmək istədiyi Avrasiya İttifaqına şamil edildi. Azərbaycanın tutduğu bu mövqe isə görünür bəzi Qərb dairələrini qane etmir və buna görə Azərbaycana təzyiq yolları arayırlar. Bu təzyiq yollarından biri sözsüz ki, Azərbaycanın daxilində gərginlik yaratmaqdır.Bunun üçün isə müxalifətə dəstək vermək, ən azından ajiotaj yaratmağa ehtiyac var. Bunun üçün 3 milyon avro pul kifayət qədər ciddi puldur və bunun fəsadları ortaya çıxacaq. Digər tərəfdən dediyimiz kimi Azərbaycanda kifayət qədər siyasiləşmiş, siyasi partiyalara təsir etmə gücü olan erməni lobbisinə bağlı bir şəbəkə ifşa olunub və erməni lobbisi bununla barışmayacaq və Azərbaycana maksimum dərəcədə təzyiqləri artırmaqla yenidən şəbəkəni bərpa etməyə cəhd edəcəklər. Nəhayət mühüm məsələ olan parlament seçkilərini unutmaq olmaz. 2015-ci il Azərbaycanda parlament ilidir və beynəlxalq güclər bundan yararlanmağa çalışacaqlar. Bunuda qeyd edək ki, bu seçkilərin çox gərgin keçəcəyi və hazırkı parlamentin 70 faizdən çoxunun kənarda qalacağı gözlənilir. Bu imkandan isə müxtəlif qüvvələr yararlanmağa çalışacaqlar. Bununla paralel olaraq daha qlobal proseslər də baş verir ki, bu səbəbdən də Azərbaycana təzyiqləri artırmağa çalışırlar. Belə ki, Dağlıq Qarabağ problemi qızğın şəkildə müzakirə olunur və hazırda həlledici növbəti mərhələ başlayır. Söhbət Fransa prezidenti Fransua Ollandın təklifinin reallaşmasından gedir. Belə ki, "Bu ilin noyabr ayında Fransa prezidenti Fransua Ollandın Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla görüşü gözlənilir".Bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye deyib. Onun sözlərinə görə, üçtərəfli görüşün Parisdə baş tutması planlaşdırılır.
Səfir qeyd edib ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və sülh prosesində mövcud problemlər müzakirə olunacaq: "Hesab edirəm ki, sülhün qorunub saxlanılması üçün bu görüşün əhəmiyyəti böyükdür. Fransa ilə Azərbaycan arasında dinlər və mədəniyyətlərarası dialoqu artıq qurmuşuq. Gələcəkdə bu dialoqu yüksəltməyə çalışmaq lazımdır. Hazırda Fransa ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndirirəm".Amma məsələnin başqa tərəfi var və gəlin buna aydınlıq gətirək. Fransa prezidenti regiona səfəri zamanı bəyan etmişdi ki, Dağlıq Qarabağ probleminə hazırkı yanaşma doğru deyil və yanaşma tərzini Ermənistan dəyişməlidir. Bu açıqlama isə erməni lobbisini ciddi narahat etdi. Çünki Fransa prezidenti bununla bəyan etmişdi ki, Dağlıq Qarabağın müstəqil respublika kimi tanınması mümkünsüzdür. Avropada Ermənistanın bir nömrəli strateji müttəfiqi olan Fransanın belə xətt tutması sözsüz ki, şok yaratdı və bu səbəbdən erməni lobbisi aktivliyini artırdı. Hazırda məqsəd nədir?
1. Avropada belə rəy yaratmaq ki, Azərbaycanda söz azadlığı və demokratiya boğulur
2. Dağlıq Qarabağ erməniləri demokratiyanın olmadığı bir ölkədə yaşamaq istəmir
3. Azərbaycan Avropadan sürətlə aralanır
4. Erməni xalqı Azərbaycanın təzyiqləri altında yaşayır
Məhz bu rəylərin yaradılması üçün beynəlxalq qurumlar aktivləşdirilir və sözsüz ki, Azərbaycandan göndərilən "şikayətlər" nəzərə alınacaq. Bunun üçün isə bu beyin mərkəzlərinə Azərbaycanda yeni "qaynaqlar" lazımdır və 3 milyon avro bunu təmin edəcək. Nəticədə Avropada Azərbaycana basqılar artacaq və bu sözsüz ki, Dağlıq Qarabağ danışıqlarına bir başa təsir edəcək. Bunu da unutmaq olmaz ki, 2015-ci ildə qondarma erməni "soyqırım"ının 100 illiyi olacaq və bununla bağlı Ermənistan Avropada ciddi planlar hazırlayır və Ermənistan çalışacaq ki, bundan istifadə etməklə Dağlıq Qarabağ danışıqlarının istiqamətini dəyişsinlər,bu mümkün olmazsa danışıqların donmasına nail olsunlar. Azərbaycana gəldikdə isə prezident İlham Əliyev 2 ay öncə Azərbaycan diplomatlarını Bakıya dəvət etdi və konkret tapşırıqlar verdi. Tapşırıqların kökündə dayanan məsələ isə budur ki, Azərbaycan diplomatları 2015-ci ildə Dağlıq Qarabağ məsələsinə daha həssas yanaşsınlar və bununla erməni lobbisinin planlarını sıradan çıxarsınlar. Amma Avropanın Azərbaycanda bəzi təşkilatlara 3 milyon avro pul ayırmaq məsələsi unudulmamalı və bunun üçün bir sıra addımlar atılmalıdır. Ekspertlər hesab edir ki, ilk növbədə belə bir şərt qoyulmalıdır ki, maliyyə yardımı alan təşkilatlar xərclədikləri hər bir manatın hesabını dövlətə təqdim etməli, bu pulu yalnız dövlət qeydiyyatı olan QHT-lər ala bilsin. Belə olmayacağı təqdirdə yenə ayrılan pullar yuxarıda göstərdiyimiz məqsədlər üçün xərclənəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53