"Toy oliqarxları" şadlıq evlərini satmağa başladı
12:01 10-09-2014
İQTİSADİYYAT
"Toy oliqarxları" şadlıq evlərini satmağa başladı
Toy mərasimləri ilə bağlı gözlənilən həmlə onları əl-ayağa düşməyə vadar edib
Bakıda fəaliyyət göstərən şadlıq saraylarından biri satışa çıxarılıb. Satışa çıxarılan obyekt Yasamal rayonu Şərifzadə küçəsində yerləşən "Filiz Palace" və "Filiz" restoranıdır.
Hətta bu barədə restoran rəhbərliyi tərəfindən birja saytlarında elan verilib.
Bildirilir ki, təcili olaraq şadlıq sarayı bütün avadanlıqları ilə birgə satılır. Qeyd edilib ki, restoran və zallar yeni təmir edilib.
Şadlıq sarayının qiyməti isə 4 milyon 500 min manatdır.
Ekspertlərin sözlərinə görə, qarşıdakı dövrdə biz belə elanlara tez-tez rastlaya bilərik. Bunun səbəbi isə son vaxtlar yayılan məlumatlardır.
Belə ki, həmin məlumatlara görə, hökumətin yas mərasimlərindəki dəbdəbənin, verilən ehsan süfrələrindəki israfçılığın aradan qaldırılmasına hesablanan addımları xalq arasında yüksək rəğbətlə qarşılanıb. Hətta hakimiyyətin hər ay xidməti məqsədlərlə keçirdiyi sorğuda əhali tərəfindən ən çox bəyənilən addım da bu olub.
İddia edilir ki, yas mərasimlərindən sonra analoji addımın toylarla bağlı atılması gözlənilir. Bildirilir ki, toy mərasimlərinə də qadağaların gətirilməsi isə şadlıq evlərini olduqca pis vəziyyətdə qoyacaq, onların fəaliyyətini və gəlirlərini əhəmiyyətli şəkildə məhdudlaşdıracaq.
Artıq hökumətə yaxın şəxslərdən də toy mərasimləri ilə bağlı yasaqların gətirilməsi çağırışları da kifayət qədər yüksəkdən eşidilməkdədir. Məsələn, YAP-ın aparıcı simalarından biri, millət vəkili Siyavuş Novruzov bu günlərdə deyib ki, toy mərasimlərində tənzimlənən qiymətlər qoyulmalıdır: "Hər kəs fərqli qaydada qidalanır, biri pəhriz saxlayır, digəri ət yemir. Hər kəsə istəyi ilə təklif edilsə, qiymətlərdə tənzimləmə prosesi gedəcək". O bildirib ki, bundan sonra toylara keçmək lazımdır: "Belə ifrat dərəcədə toy da ola bilməz. Toy mərasimləri də ailə xoşbəxtliyinə deyil, restoran müdirlərinə işləyir".
Başqa bir iqtidar deputatı Adil Əliyev də toylara əl gəzdirilməsini vacib sayıb. "Toylarda da qayda-qanun yaratmağın vaxtı çatıb. Əgər bunu inzibati yollarla həll etmək mümkün deyilsə, hamı bir-birindən çəkinirsə, vətəndaş "yaxşı deyil" deyib başqalarıyla yarışmaq məcburiyyətində qalırsa, demək, məsələni qanun səviyyəsində tənzimləmək lazımdır. Bu, vətəndaşlarımızı həm israfçılıqdan, həm də borclanmadan qurtarar. Qanun layihəsində yas və toy mərasimlərinin təşkili qaydalarının konkret tənzimləmə mexanizmləri göstərilməlidir" deyə o bildirib.
Digər millət vəkilləri, hökumətyönlü ekspertlər də toy mərasimləri, dolayısı ilə deməli həm də şadlıq evləri barədə müəyyən qadağalar gətirilməsini, tənzimləyici addımlar atılmasını təklif edirlər.
Bütün bunlar isə əksəriyyəti məmurlar olan "toy oliqarxları"na ağır zərbə hazırlandığını, şadlıq evlərinin əhəmiyyətli hissəsinin məcburiyyətdən bağlanacağını söyləmək üçün ciddi əsaslar yaradıb. Görünür, elə bu səbəbdən də artıq biz şadlıq evlərinin satışa çıxarılması ilə bağlı elanlara rast gəlməyə başlayırıq. İstisna deyil ki, qarşıdakı dövrdə belə elanlar xeyli intensivləşəcək.
Yəni artıq "toy biznesi"nin fayda gətirməyəcəyini düşünən "toy oliqarxları" bəri başdan nəzarətlərindəki şadlıq saraylarından xilas olmaqla ən azı üzləşə biləcəkləri zərəri indidən kompensasiya etməyə çalışacaqlar. Çünki toy yasaqları gələcəyi halda şadlıq saraylarının satış qiymətinin də kəskin ucuzlaşacağını təxmin etmək heç də çətin deyil.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53