Azərbaycanda qəbiristanlıqlarla bağlı xüsusi qanun qəbul edilməsi təklif olunacaq
Azərbaycanda qəbiristanlıqlarla bağlı xüsusi qanun qəbul edilməsi təklif olunacaq

Son günlər Azərbaycanda yas və toy mərasimlərinin sadələşdirilməsi ilə bağlı ictimai müzakirələr başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yerlərdə dindarlarla və əhali ilə yas mərasimlərinin adət-ənənələrə uyğun və sadələşdirilmiş formada keçirilməsi üçün təbliğat işinə başlayıb və bununla bağlı apa-in araşdırmasını nəzərinizə çatdırırıq.

QMİ yeni
bəyanat yayacaq

"Bizdə dünyasını dəyişənin dəfnindən tutmuş yas mərasimlərinin keçirilməsi prosesinə qədər hansısa nəzarət mexanizmi yoxdur. Bu, daha çox adət-ənənəyə əsasən baş verir. Buna sərt formada müdaxilə edə bilmərik. Ancaq tövsiyə, yeri gələndə də xahiş edirik ki, İslam ənənələrindən çox uzaqlaşmasınlar. Məsələn, bu yaxınlarda bizim ərazidə imkanlı bir adamın tək övladı rəhmətə getdi. O, övladına baş daşı əvəzi heykəl qoydurmaq istədi. Biz onunla söhbət etdik. Təklif elədik ki, bu heykələ çəkəcəyi xərcə bir imkansızın tələbə övladının oxumasına yardım etsin. O da bizi eşitdi və belə etdi". Bunu APA-ya açıqlamasında Binədəki "İmam Rza" məscidinin axundu Hacı Həsən Hüseynov deyib.
Axund bildirir ki, Binədə hazırda yerlilərlə yanaşı xeyli rayonlardan gəlmiş şəxslər də yaşayır. Ona görə də burada adətlər müxtəlif olur: " Binədə başqa rayonlardan da gələnlər çoxalan vaxtdan biz adət-ənənədə fərqlilikləri müşahidə elədik. Hər yerdə yas, dəfn ənənəsində müəyyən fərqli çalarlar var. Ona görə də çalışdıq ki, həm vahid bir mərasim forması yaradaq, həm də israfçılığın qarşısını alaq. İndi artıq "yeddi" mərasimləri yığışılıb, yalnız "üç" və "qırx" mərasimləri keçirilir. Qəbir daşlarının sifarişində də mümkün qədər sadə formalara üstünlük verirlər".
Axund deyib ki, Binədə meyitin yuyulması və yas mərasiminin aparılması üçün mollalar standart qiymət tərtib etmirlər: "Yas sahibi nə versə, ona qane olurlar".
Lənkəran "Cümə" məscidinin axundu Hacı Rahim Fətullayev isə APA-ya deyib ki, onlar yas mərasimlərində israfçılığın ziyanı, İslamda haram buyurulması, dəbdəbəli qəbir daşlarının, dəfn mərasimləri təşkil olunmasının İslama zidd olması barədə maarifləndirmə işi aparırlar. Axundun sözlərinə görə, yas və dəfn mərasimi üçün xüsusi qiymət yoxdur.
Bakıdakı "Təzə Pir" məscidinin axundu Hacı Fariz Nağızadə isə bütün qaydaların Qafqaz MÜsəlmanları İdarəsindən qoyulduğunu bildirir: "İstər dəfn xərcləri, istərsə də yas mərasimlərinin keçirilməsi ilə bağlı xərclərə biz qərar vermirik. İdarə nə deyirsə, biz də edirik".
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli APA-ya deyib ki, yas mərasimlərində və dəfn mərasimlərində yol verilən israfçılığa, İslam ənənələrindən uzaqlaşmağa qarşı idarə bəyanatlar verib. O bildirib ki, bu məsələ tövsiyyə xarakteri daşıyır: "Qurani-Kərimdə 20-dən yuxarı hissədə ehsan verilməsi ilə bağlı fikirlər keçir. Orada ehsanın kasıbların yedizdirilməsi qaydasından tutmuş bütün detallarına qədər izah olunur. Bunu sadəcə insanlara çatdırmaq lazımdır ki, insanlar özləri bunu dərk etməlidirlər və özləri qaydalara riayət eləməlidirlər".
QMİ sədrinin müavini deyib ki, yaxın günlərdə idarənin bu məsələ ilə bağlı yeni bəyanatı olacaq.
"Təzə Pir" məscidində bahalı yas mərasimlərinin keçirilməsi ilə bağlı məsələyə toxunan QMİ rəsmisi deyib ki, orada qiymətlər sifarişçinin istəyinə görə dəyişir: " Adətən Təzə Pir məscidində yas mərasiminin qiyməti adambaşı 11 manatdan hesablanır ki, bu da normaldır. Çadırda veriləndən də ucuz qiymətdir. Bahalı yas mərasimi sifariş verən şəxslərə mərasimin daha sadə keçirilməsi dəfələrlə təklif olunur. Amma onlar bu qərarlarını dəyişmirlərsə, biz nəsə edə bilmərik".

"Məqsədimiz tariximizdən qalmış ənənələri müasir dövrün tələblərinə uyğun tətbiq etməkdir"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə APA-ya açıqlamasında deyib ki, yas mərasimlərinin tənzimlənməsi dövlət tərəfindən ancaq tövsiyə və təbliğat yolu ilə həyata keçirilə bilər və keçiriləcək: "Yas mərasimləri həm dinimizin tələblərinə, həm də tarixi ənənələrimizə uyğun olmayan formada keçməkdədir. Təbii ki, bu da vətəndaşlarımızı narahat edir. Bu da hansısa qanunla tənzimlənə bilməz, bizim tövsiyə, təbliğat xarakterli müdaxilələrimiz nəticəsində nizama salına bilər. Çünki bu milli adət-ənənədən irəli gələn məsələ olduğu üçün, adətlərimiz xatırladılmaqla, nümunələr göstərilməklə həll oluna bilər".
M. Qurbanlı deyib ki, Komitənin yerlərdəki bölmələri Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları ilə birgə insanlarla söhbət aparmaqla, nümunəvi yas mərasimlərinin keçirilməsini təmin etməklə artıq işə başlayıblar: "Məqsədimiz tariximizdən qalmış ənənələri müasir dövrün tələblərinə uyğun tətbiq etməkdir. İslamda, müqəddəs Quranda da ehsanla bağlı geniş bilgilər var. Müsəlmanlar elə bu bilgilərə yaxın olduqca hər şey öz qaydasına düşəcək".

Bu da dəfn xərcləri

Yas mərasimləri ilə bağlı məsələnin ikinci, daha doğrusu, ehsandan əvvəlki, yəni birinci hissəsi isə dəfn mərasimi və xərcləri ilə bağlıdır. APA Bakıda və Azərbaycanın digər bölgələrində dəfn xərcləri ilə bağlı da araşdırma aparıb.
"Təzə Pir" məscidinin nəzdində fəaliyyət göstərən xidmətdə meyitin yuyulub, dəfn üçün hazırlanması 50 manatdır. Məsciddən deyiblər ki, bu, kommunal xidmətlərin xərclərinə əsasən müəyyən olunur. Qiymət elə girişdə də yapışdırılıb. Lakin xidmət yerində bildirilib ki, bundan əlavə yas sahibi meyit yuyana özü əlavə ödəniş edir, bu artıq xüsusi tariflə müəyyənləşməyib. Bu məsciddə geri qaytarılan tabutlar pulsuzdur. Geri qaytarılmayan tabutun qiyməti isə 10-15 manat arasında dəyişir.
"Əjdərbəy" məscidində isə meyitin yuyulub hazırlanması üçün 70 manat tələb olunur. Bunun 50 manatı rüsum, 20 manatı isə meyit yuyanın əmək haqqıdır. Tabutların kirayə haqqı 10-15 manatdır, 2-3 manata isə gülab suyu satılır. Meyitin bir gün saxlanılması üçün vurulan iynənin qiyməti isə 70 manatdır. Məscidlərdəki bu xidmətlərdə meyitin saxlanılması üçün kamera xərci olaraq 20 manat tələb olunur.
Araşdırma zamanı məlum olub ki, cənazənin daşınması üçün avtomobil xidməti məsafəyə görə müəyyənləşir. Məsələn, Bakı kəndlərindən "Əjdərbəy" məscidinin cənazənin gətirilib-aparılmasının ümumi xərci 120-150 manat arasında dəyişir.
Qəbiristanlıqlara da qəbir yerlərinin və məzarın hazırlanmasının müxtəlif qiymətləri var. Məsələn, "Yasamal qəbiristanlığı" kimi tanınan qəbiristanlıqda, ümumiyyətlə, ailə məzarlığı yaratmaq üçün yer artıq yoxdur. Burda bir məzarın qazılması və hazırlanması 300-500 manata başa gəlir. Binəqədi və Xırdalan qəbiristanlıqlarında isə ailə məzarlıqları almaq üçün yerindən asılı olaraq 1500- 3000 manat ödəniş etmək lazımdır.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov isə APA-ya açıqlamasında qəbiristanlıqlarda kimsə tərəfindən konkret qiymətə yerlərin satılması faktının olmadığını bildirib: "Bizdə standart dövlət rüsumları var. Müsəlmanlar üçün 63 manat, qeyri-müsəlmanlar üçün isə 79 manatdır. Qeyri-müsəlmanlar üçün ona görə bir qədər bahadır ki, onlar tabutla birlikdə dəfn olunurlar. Bu qiymətlər Nazirlər Kabineti tərəfindən müəyyən olunub. Kimsəsizlər üçün isə bütün xidmətlər pulsuzdur. Onlar Zabrat və Hövsan qəbiristanlıqlarında dəfn olunurlar".
S. Həsənov deyib ki, Trestin balansında 32 qəbiristanlıq var. O, həmçinin qeyd edib ki, əgər qəbiristanlıqlarda vətəndaşlar hansısa dələduzluqlarla rastlaşırlarsa (012) 510 83 08 qaynar xəttinə dərhal zəng edə bilərlər.
Azərbaycanın rayonlarında isə qəbir yerlərinin ayrılması məsələsi bələdiyyələrin və yerli dini icmaların nəzarətindədir. Rayonlarda da qəbir yeri ayrılması üçün xüsusi rüsum tələb olunmamalıdır. Qəbirin qazılması və hazırlanmasına görə müəyyən ödəniş edilir.

Və büstlü, mərmərli
qəbiristanlıqlar...

Dünyanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycanda qəbiristanlıqlarda da vahid qəbir daşları mövcud deyil. Hazırda bu məsələ qanunvericiliklə də tənzimlənmir.
Araşdırmamız zamanı məlum oldu ki, qəbir daşlarının qiyməti istehsalçı sexlər tərəfindən müəyyən olunur. Yasamal rayonunda baxdığımız bir neçə sexdə ortaq qiymətlər belədir: Baş daşının hündürlüyü normal 1,5 metr olmaqla sinə daşı ilə birgə sadə formada, qara mərmərdən 1500 – 1800 manat arasıdır. Eyni ölçüdə ağ mərmər 700-800 manat, sadə daş isə 250-300 manatdır. Əgər xüsusi sifariş və əlavə aksessuarlar tələb olunarsa, qara mərmərdən hazırlanan qəbir daşlarında qiymətlər 3500-4000 manata, bəzən isə daha yüksək məbləğə qədər dəyişə bilir. Əgər məzarın üstündə büst hazırlanması sifariş olunursa, o zaman heykəltəraş işinə ehtiyac olur ki, bunun da qiyməti ayrıca hesablanır.

Qəbiristanlıqlarla
bağlı xüsusi
qanuna ehtiyac var

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənlinin qəbir daşlarının hazırlanması məsələsinin qanunla müəyyənləşməsini təklif edir. Onun fikrincə, yas mərasiminin keçirilməsindən fərqli olaraq bu məsələdə qanunvericiliklə tənzimlənmə mümkündür və lazımdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da qəbiristanlıqla, qəbir yerləri ilə bağlı qanunvericilikdə yeniliyə ehtiyac olduğunu deyib: "Biz müvafiq qurumlar da daxil olmaqla birlikdə bu məsələ ətrafında fikir mübadiləsi aparmaq istəyirik. Bununla bağlı Milli Məclisə və müvafiq qurumlara öz təkliflərimizi hazırlayıb çatdıracağıq". M. Qurbanlı bu məsələnin geniş ictimai müzakirəyə ehtiyacı olduğunu da qeyd edib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev də APA-ya bildirib ki, qəbir daşları, qəbiristanlıqlarla bağlı Azərbaycanda ayrıca qanunun qəbuluna ehtiyac var və bu, payız sessiyasında irəli sürüləcək: "Təklif şəxsən mənim tərəfimdən irəli sürüləcək. Biz fikirləşirik ki, məsələn, Rusiyada və Türkiyədə olduğu kimi Azərbaycanda da buna ehtiyac var. Məqsəd sırf qəbiristanlıqlarla, dolayısı ilə də dəfn mərasimi ilə bağlı vahid qanunun ərsəyə gətirilməsidir. Burada qəbiristanlıqların vahid forması, onların qorunması, qəbirlərin vahid standartlarının yaradılması, dəfn işini təşkil edən özəl xidmətlərin yaradılması, dəfn mərasimlərində müvafiq dindən olaraq vəfat edən insanın məxsus olduğu dinə uyğun dəfn edilməsi və sair nəzərdə tutulur". M. Quliyev deyir ki, bu gün bu sahə ilə bağlı ciddi narahatlıq yaranıb: "Xüsusilə dəfn mərasimləri və qəbiristanlıqlarla bağlı qarışıqlıq yaranıb. Məncə, Azərbaycanda da özəl qəbiristanlıqlar yaradıla bilər. Orda xüsusi tariflər müəyyən olunar, ailə, nəsil məzarlığına çevrilə bilər. Bələdiyyəyə və dövlətə məxsus qəbiristanlıqlarda isə vahid standart müəyyənləşdirmək lazımdır".

Xarici təcrübə

Qonşu və əksər adət-ənənələrimizin eyni olduğu Türkiyədə qəbiristanlıqların tərtibatı və bütün dəfn mərasimləri bir neçə qanunla və Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.
Türkiyə Nazirlər Kabinetinin "Məzarlıq yerlərinin inşası, cənazə daşınması və dəfn mərasimləri barədə" qərarında qəbiristanlıq tərtibatından, dəfn prosesinin qaydalarına, cənazənin dəfni vaxtından qəbir daşlarının ölçüsünə qədər hər şey tənzimlənir. Bu qərar cənazələrin daşınması, başqa ölkələrə göndərilməsi, dəfn prosesinin ayrıntıları və ölüm kağızının verilməsinə qədər bütün prosesi əhatə edir.
Məsələn, qərarın 14-cü maddəsində göstərilib ki, Türkiyə ərazisindəki qəbiristanlıqlarda məzarlar Nazirlər Kabinetinin qəbul etdiyi "Qəbiristanlıqlar haqqında Nizamnamə"yə uyğun tərtib edilir.
Həmin Nizamnamədə göstərilib ki, bir məzarın uzunluğu 2 metr, eni 80 santimetr, dərinliyi ən azı 1.5 metr ola bilər. Hazır beton məzarlar üstünə ən azı 60 santimetr topraq örtülə biləcək şəkildə inşa edilməlidir və s. Nizamnamədə məzarların formaları, bir-birindən fərqlənməmələri, hətta iki məzar arasındakı məsafə də detallı göstərilib.
Hətta sənəddə göstərilib ki, qəbiristanlıqlarda cənazə dəfni 8.00-dan axşam gün batana kimi keçirilə bilər. Xüsusi səbəb və onu təsdiq edən sənəd yoxdursa, başqa vaxt dəfn mərasimi keçirilə bilməz.
Türkiyədə həmçinin 2013-cü ildə "özəl qəbiristanlıqlarla" bağlı da qanun qəbul olunub.
Rusiya Federasiyasında isə 1996-cı ildə bu sahə ilə bağlı ayrıca qanun qəbul olunub. "Dəfn və dəfn işi haqqında federal qanun"da müxtəlif maddələrdə dəfn və yas mərasimləri ilə bağlı məqamlar konkret müəyyənləşir. Məsələn, qanunun 4-cü maddəsində dəfn yerləri və dəfn mərasiminin yerli idarəetmə orqanlarına tapşırılması əksini tapıb. Qanunun 7-ci maddəsində Rusiya dövlətinin vətəndaşı üçün Federasiya ərazisində məzar yerinin pulsuz ayrıldığı da qeyd olunur. Bu qanuna görə, tabut, cənazənin daşınması, dəfn mərasimi və bütün xidmətlərin haqqı, ölümün sənədləşməsi dövlət hesabına aparılır.
Bundan başqa, qanunda dəfn və yas mərasimlərinin dini ənənələrdən uzaqlaşmasının yasaqlığı və baş verdikdə, bunun məsuliyyət yaratdığı da göstərilir.