Kütlənin xofu və hakimiyyətin yararlanmaq istəyi: hansı güclüdür?
11:11 11-09-2014
İQTİSADİYYAT
Kütlənin xofu və hakimiyyətin
yararlanmaq istəyi: hansı güclüdür?
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hadisələri "hakimiyyəti Kiyevdəki kimi zorla ələ keçirənlər üçün dərs" adlandırıb. Bununla da Moskva faktiki olaraq postsovet məkanındakı tərəfdaşlarına ultimatum verərək hakimiyyəti və ya dövlət siyasətini dəyişmək istəyənlərə sərt xəbərdarlıq edir.
Bu yaxınlarda V.Putin Ermənistanın Avrasiya İttifaqına qatılması ilə bağlı sazişi təsdiqləyib. Görünən odur ki, müvafiq anlaşma oktyabrın 10-da Minskdə imzalanacaq.
Görünən odur ki, sentyabrın 3-də Ermənistan prezidenti Serj Sarkisyan idarə etdiyi ölkənin Avrasiya İttifaqına qoşulmaq və Avropa Birliyi ilə assosiativ əməkdaşlıq müqaviləsi çərçivəsində daha intensiv əməkdaşlıqdan imtina etmək niyyətini açıqlamasaydı, Moskva erməniləri də "könüllülər"in ölkəyə yeridilməsi ilə cəzalandıra bilərdi.
Hipotetik ssenari də olsa, Yerevanda hadisələrin inkişaf variantlarından biri qismində nəzərdən keçirilə bilər.
Ermənistan üçün ən önəmli problem barədə ölkədəki siyasi qüvvələr danışmırlar. Yerevandakı müxalifət təşkilatları Rusiyanın Ermənistanı hədələdiyini vurğulasalar da, cavab verməyi cəmiyyətin öhdəsinə buraxıblar.
Serj Sarkisyan isə çıxışlarından birində etiraf etdi ki, hərgah Ermənistan Avrasiya İqtisadi Birliyinə qatılmasaydı, hakimiyyətdən kənarlaşdırılacaq və Moskvanın qəzəbinə tuş gələcəkdi.
Sarkisyan hakimiyyətdə qaldı, amma itirilən Ermənistanın suverenliyi və müstəqilliyidir. Ermənilər indi Rusiyanın Cənubi Qafqazdakı geosiyasi oyunlarında alver vasitəsinə, bölgə ölkələri üçün sürəkli destabilizasiya mənbəyinə çerviliblər.
"Ermənilərlə rusların əbədi dostluğu" mifi 20-ci əsrin əvvəllərində puç olmuşdu. Fəqət, Sovetlər Birlyi dönəmində yenidən dirilən həmin yalan SSRİ dağılandan sonra da ölmədi və indi də Yerevandakı siyasətçilər üçün kütlənin şüuruna təsir imkanlarından biridir.
Ermənilərin məruz qaldıqları problemlərin əsas səbəbi ölkədə siyasi məkan, siyasi fikir və siyasi yaşamın formalaşmamasıdır. Bu problemi aradan qaldırmağa can atanların hamısı cəmiyyətdə lağa qoyulub, onların niyyətləri isə romantizm, hətta avantüra sayılıb. Əvəzində Ermənistanda əcaib ictimai konstruksiya, Rusiyanın siyasi sisteminin kor bağırsağına çevrilmiş sistem formalaşıb ki, o da ermənilərə "təhlükəsizliyin təminatı ilə bağlı xüsusi vədlər"ə əsaslanır. Reallıqda isə o sistem ermənilərə və onların dövlətçiliyinə daimi xof, qorxudan qurtulmağa imkan vermir.
Ermənilərin beyinlərinə yeridilir ki, onlar Rusiyanın tabeçiliyindən çıxara şimala itaətdən vaz keçsələr, çox ciddi təhlükələrlə üzləşəcəklər.
Cənubi Qafqaz çox mürəkkəb, amma Rusiya ilə yanaşı, ABŞ, Avropa Birliyi, İran və Çin üçün olduqca önəmli regiondur. Burada "stavka"lar həddən artıq yüksək olduğundan müharibəyə başlamadan status-kvonu dəyişmək mümkün deyil.
Ermənistanla əlaqələrdə Rusiyanın ağa və söz sahibi kimi davranmasının məqsədi də status-kvonun dəyişməməsinə nail olmaq, ermənilərin sürəkli itaətini təmin etməkdir.
Ermənistan siyasi immunitetini çoxdan itirib. Yerevanın müdafiə qüdrəti və hərbi potensialı da mif olduğundan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların aktiv fazaya keçidi olarsa, Ermənistan ordusu məğlub duruma düşəcək.
Ermənistan-Azərbaycan sərhədi boyunca "dəlik"lər yaranacaq və erməniləri "xilas" etmək üçün Rusiya bölgəyə MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülməramlı kontingentinin yeridilməsini tələb edəcək.
Yəni Moskva ermənilərə anlatmağa çalışacaq ki, Rusiyasız onlar məhvə məhkumdur.
Bəhs etdiyimiz situasiyanın yaşanmaması üçün Ermənistanın yeganə çıxış yolu Rusiyanın şantajından qurtulmaq, Moskvanın ultimativ "mehribanlıq" jestlərinin qarşısını almaqdır. Di gəl, bunun üçün Ermənistana real siyasəti həyat, təhlükəsizliyin və status-kvonun qorunması üçün münasibətlərin qurulması gərəkən güc mərkəzlərinin seçimi barədə qərarların müstəqil qəbuluna imkan verən subyektlik lazımdır.
Bu olmadıqca Rusiya Ermənistanı bundan sonra da müstəmləkə kimi idarə edərək özünü metropoliya sayacaq.
Ukraynaya gəldikdə isə... Bu ölkədə baş verənlər, gerçəkdən də, Ermənistan üçün dərs olmalıdır. Çünki ukraynalılar, Kiyev Avromaydana görə Rusiyanın qəzəbinə gələrək vətəndaş müharibəsinə urcah olmayıblarmı?!
Ukraynalılar "narıncı inqilab"dan sonra ölkədə real demokratik strukturlar yarada bilmədikləri, korrupsiya ilə rüşvətxorluqla mübarizəni effektiv səviyyəyə qaldırmadıqları üçün zəif düşdülər.
İnqilab ilk əvvəl dəyərlərə yenidən baxılmasıdır. Ermənistanda 1988 və 2008-ci illərdə iki dəfə uğursuz inqilab cəhdi oldu. İlk cəhd hakimiyyətin de-yure dəyişikliyindən sonra biabırçı məğlubiyyətlə başa çatdı, ikinci cəhd isə daha çox məzhəkə təsiri bağışladı.
Və hər iki cəhddə ermənilərin siyasi müqaviməti sıfır səviyyəsinə endirildi.
2013-cü ildə Ermənistanda 3-cü cəhd üçün şans vardı, amma cəmiyyət dəyərləri yenidən qiymətləndirməyə hazır olmadığı üçün iqtidardakı kleptokrat banda hakimiyyətini qoruya bildi.
Prezident Serj Sarkisyanın cinayətkar bandasından qurtulmaq üçün ermənilər illüziyalara qapılmaq əvəzinə, sadəcə, cəmiyyətdəki qorxunun öhdəsindən gəlməlidir.
Kütləvi qorxu isə Sarkisyan hakimiyyətindən də pis təhlükədir. Çünki kütlədəki xof Yerevandakı indiki iqtidarın bel sütunu, mövcud sistemin əsasıdır.
Erməniləri bələkdən qorxmağa, ilk əvvəl öz qərarlarından çəkinməyə öyrədirlərsə, hansısa inqilab xülyaları cəmiyyəti bataqlıqdan asanlıqla çıxara bilməz.
Sarkisyan rejimi də bunu bildiyindən cəmiyyətdəki xofdan məharətlə istifadə edir, daxili və xarici siyasətdəki ən mənhus, ən iyrənc qərarlarına haqq qazandırmağa çalışır.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53