Radikal müxalifəti bələdiyyə seçkilərində məğlubiyyət gözləyir
12:24 12-09-2014
İQTİSADİYYAT
Radikal müxalifəti bələdiyyə seçkilərində məğlubiyyət gözləyir
AXCP ilə Müsavat seçkidə növbəti dəfə xalqdan səs almayaraq biabır olacaqlar
Məlum olduğu kimi, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərin keçirilməsinə 3 ay qalsa da, bəzi müxalifət partiyalarını çıxmaq şərti ilə, ölkəmizin ana müxalifət partiyalarının bu seçkilərdə iştirakı sual altındadır. Seçki Məcəlləsinin dəyişdirilməyəcəyi təqdirdə bəzi siyasi qüvvələrin bələdiyyə seçkilərini boykot edəcəyi barədə fikirlər səsləndirilir. Əslində, yeganə olaraq, hakim Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində iştirak qərarı verib.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşırlar. Onun sözlərinə görə, YAP-ın İdarə Heyətinin seçkilərlə bağlı qərarı var və bu qərara uyğun olaraq addımlar atılır. S.Novruzov bildirib ki, seçkilərlə əlaqədar partiyanın tədbirlər planı müəyyənləşdirilib və plana uyğun olaraq bu istiqamətdə fəaliyyət davam edir. Onun sözlərinə görə, hazırda bələdiyyə üzvü olan YAP-çıların ötən müddət ərzində fəaliyyəti təhlil olunur, kimlərin namizədliyinin yenidən irəli sürülməsi, digər seçki kampaniyalarında fəal iştirak edən, tədbirlərdə aktiv olan gənclərin və qadınların arasından namizədlərin müəyyənləşdirilməsi yönündə daxili müzakirələr aparılır. «Eyni zamanda, seçki kampaniyasında müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərin müəyyənləşməsi istiqamətində də iş aparılır. Həmçinin, partiyanın bələdiyyə seçkiləri ilə bağlı proqramı, o cümlədən namizədlər üçün lazım olan təşviqat materallarının nümunələri hazırlanmaq üzrədir. Yəni bələdiyyə seçkilərinə rəsmi start veriləndə artıq, YAP bütün məsələlərə hazır olacaq. Bilirsiniz ki, seçkilərə hazırlıq prosesi ilə əlaqədar partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib və müşavirədə yerli strukturlara müvafiq tövsiyə və tapşırıqlar verilib. Bu yöndə fəaliyyətimiz tədbirlər planına uyğun olaraq davam etdirilir"- deyə, YAP İcra katibinin müavini vurğulayıb.
Onu da nəzərə çatdıraq ki, bələdiyyələrlə bağlı son bir neçə ay ərzində dövlət başçısı İlham Əliyev sərəncamlar verib. Bu sərəncamlara əsasən bir sıra qanun və normativ hüquqi aktlara dəyişiklik edilib. Dövlət başçısının imzaladığı hüquqi sənədə görə ilin sonunda keçiriləcək seçkilərdə yüzdən artıq bələdiyyənin birləşdirilməsi həyata keçiriləcək. Bələdiyyələr yaradıldıqdan indiyədək sayca dördüncü dəfə keçiriləcək bu seçkidən sonra ölkəmizdə formalaşacaq yerli özünü idarəetmə qurumlarının sayı 1605 olacaq. Bununla da ölkəmizdə birləşdirilən bələdiyyələrin sayı 1131-ə çatıb. Qeyd edək ki, ilk sayı 2736 olan bələdiyyələrin sayı 41 % azaldılıb. Ölkədə isə hazırda bələdiyyə seçkilərinə hazırlıq ab-havası müşahidə olunmur. Seçkilərə maraq o dərəcədə aşağıdır ki, müxalifət təşkilatlarının əksəriyyəti hələ bələdiyyə seçkiləri ilə bağlı qərar verməyib.
AXCP rəhbərliyi bəyan edib ki, ölkədə normal seçki şəraiti yoxdur, bələdiyyələr icra hakimiyyətinin bir şöbəsinə çevrilib. Ona görə də bələdiyyə seçkilərində iştirak etmək seçki tamaşasına legitimlik qazandırmaqdan başqa bir şey deyil. Amma fakt odur ki, AXCP-nin seçkidə iştirak etmək imkanı yoxdur. Ona görə də yalandan bəhanə edirlər ki, guya ölkədə normal seçki mühiti yoxdur.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Əli Kərimli ilə İsa Qəmbər xalqın gözündən elə düşüblər ki, heç bələddiyyə seçkilərində səs ala bilməzlər. Onun sözlərinə görə, xalq kimin kim olduğunu yaxşı bilir və bu cür xəyanətkar siyasətbazlara səs verməz: "Görün, bu adamlar neçə ildir ki, ancaq yalan danışmaqla məşğuldurlar. Son illər isə milli maraqlarımızı xarici qüvvələrə sataraq, tamamilə gözdən düşüblər. Hazırda nə AXCP-nin, nə Müsavatın rayonlarda beş adamı var. Hamısı liderlərin xəyanətindən bezib istefa verib gediblər. Ona görə də seçkidə bir yer belə qazana bilməzlər. Xalq bunlara bir də imkan verməz ki, xəyanət eləsinlər. Bunu əsas götürərək deyə bilərəm ki, AXCP ilə Müsavat bələdiyyə seçkilərində daha da urvatsız duruma düşəcəklər".
ADP sədrinin müavini Taliyyət Əliyev Azərbaycanda seçkilərin boykot edilməsi siyasi mübarizə üsulu olaraq öz effektini vermədiyini bildirib. Onun sözlərinə görə, müxalifətin bu yolu seçməsi yanlışdır: "Qarşıdan gələn bələdiyyə seçkilərində boykotun heç bir təsiri olmayacaq. Bələdiyyə seçkilərinə gəldikdə isə deyə bilərəm ki, bələdiyyələrin statusu, səlahiyyətləri o qədər əhəmiyyətsiz bir vəziyyətdədir ki, bu seçkilərdə partiyalar iştirak etməkdə o qədər də maraqlı görünmürlər. Amma hesab edirəm ki, indiki Azərbaycan reallığında seçkiləri baykot etmək partiyanın özünü siyasi proseslərdən təcrid etmək və 5 ildən bir insanlarla görüşmək şansını əldən verməkdir. Belə bir vəziyyətdə siyasi partiyalar yalnız seçkidən-seçkiyə insanlarla görüşmək, təmas qurmaq, öz fikir və ideyalarını onlara çatdırmaq üçün az da olsa imkan əldə edir. Ona görə partiyalar bu imkandan bəhrələnməlidir, bələdiyyə seçkilərinə qoşulmadıqda belə üzvlərə sərbəstlik verməlidir".
"İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri, hüquqşunas Mehman Muradlı "Unikal"a açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət qüvvələrinin seçkidə iştirak etmək gücü yoxdur. Onun sözlərinə görə, seçkidə iştirak potensialı olmayan müxalifətçilər sadəcə suyu bulandırmaqla məşğuldurlar: "Azərbaycanda 2667 bələdiyyə var. ümumən götürəndə adını çəkdiyiniz partiyaların heç 2667 üzvü yoxdur. Bələdiyyə seçkilərində adını çəkdiyiniz partiyaların rəhbərliyində təmsil olunanlar bu seçkilərə qatılmadığından rayon təşkilatlarının tək-tük üzvləri də buna maraq göstərmirlər.Amma nəzərə alsaq ki, bələdiyyələr yerli idarəetmədə mühüm faktordu, bu halda bölgələrdə bələdiyyə üzvü olmaq üçün gərək mübarizə aparsınlar. Əvvəldən də bildirdiyim kimi, bu partiyaların heç üst- üstə bələdiyyələrin sayı qədər üzvü yoxdu. Ona görə də hər hansı bir mübarizədən söhbət gedə bilməz".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53