Azərbaycan ordusu ayağa qalxdı
15:14 13-09-2014
İQTİSADİYYAT
Azərbaycan ordusu ayağa qalxdı
30 min nəfərlik hərbi təlim Ermənistanı şoka salıb
Ermənistan yenidən təlaş içindədir. Bu dəfə daxili sosial gərginliklərə yox, Azərbaycan ordusunun hərəkətə gətirilməsinə görə .
Belə ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 13-dən 20-dək Azərbaycanın Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.Birinci mərhələdə kəşfiyyatın bütün növlərinin, Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Hava Qüvvələri, o cümlədən, hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti və uzlaşma məsələlərinin öyrənilməsi nəzərdə tutulub.İkinci mərhələdə Quru qoşunlarının birləşmə və hissələri müxtəlif şəraitlərdə, o cümlədən, dağlıq ərazidə hücum əməliyyatının təşkili və aparılması, taktiki hava desantının, reyd və ön dəstələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqları yerinə yetirəcəklər.
Ali Baş Komandanın şəxsi göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 10.000 nəfərədək hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək. Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçiriləcək.
Üçüncü mərhələdə təlim mərkəzləri və poliqonlarda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunacaq, praktiki raket buraxılışları və bombalama həyata keçiriləcək.
Təlimlərə 30.000 nəfərədək şəxsi heyət, 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək təyyarəsi və 15 helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket briqadaları cəlb ediləcək.Ekspertlər hesab edir ki, bu təlim digərlərindən fərqlənəcək və demək olar ki, bu təlimlə Azərbaycan ordusu bir nömrəli döyüş vəziyyətinə gətiriləcək. Bununla da Azərbaycan bir daha sübut edəcək ki, regionun ən güclü ordusuna sahibdir. Analitiklərin fikrinə görə bu təlim həm də siyasi məna daşıyır. Belə ki, Türkiyə ilə birlikdə həyata keçiriləcək təlimlə Azərbaycan və Türkiyə açıq şəkildə nümayiş etdirirlər ki, sabah Dağlıq Qarabağ münaqişəsi yaranarsa Türkiyə Azərbaycanın yanında olacaq və tək siyasi dəstəklə yox, eyni zamanda hərbi dəstəyini də göstərəcək. Çox maraqlı başqa proses isə budur ki, Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi dərinləşdiyi kimi, Ermənistanın da təmsil olunduğu Təhlükəsizlik Müqaviləsi Təşkilatında çatlar yaranmağa başlayıb. Belə ki, daima Dağlıq Qarabağ münaqişəsi yaranarsa TMT-in Ermənistana dəstək verəcəyi bildirilirdisə,hazırda təşkilat daxilində fikir ayrılığı yaranıb və qurumun üzvü olan Qazağıstanla, Belorusiya açıq şəkildə Azərbaycana dəstək verməyə başlayıblar. Bunu da yada salaq ki, Ermənistan Avrasiya İttifaqına qoşulmaq istəyəndə də hər iki ölkə buna etiraz etdi və açıq şəkildə bildirildi ki, Ermənistan quruma Dağlıq Qarabağsız daxil ola bilər. Bunun nəticəsidir ki, hazırda Rusiya-Qazağıstan, Rusiya-Belarusiya münasibətləri gərginləşib. Beləliklə hesab etmək olar ki, Azərbaycan üçün münbit şərait yaranıb və Azərbaycan müttəfiqləri ilə münasibətləri daha da dərinləşdirəcək. Bu isə faktiki olaraq Ermənistanın regionda tam izolə olunmasıdır. İlham Əliyev hələ bir neçə il öncə bəyan etmişdi ki, Ermənistanı transmilli layihələrdən kənarda saxlamaqla iflic olmasını təmin edəcək. Bu gün isə artıq İlham Əliyevin dediyi durum yaranıb. Hətta bunu Ermənistanın özü də açıq şəkildə etiraf edir. Ekspertlərin fikrincə Ermənistan iqtisadiyyatı 2015-ci ildə tamam iflic olacaq. Elə bu səbəbdəndir ki, Ermənistanın Nazirlər Kabineti 2015-ci ilin dövlət büdcəsini formalaşdıra bilmir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53