Arif Hacılı Müsavatı dağıdacaq
15:16 13-09-2014
İQTİSADİYYAT
Arif Hacılı Müsavatı dağıdacaq
Başqanlıq uğrunda gedən kəskin mübarizə daha bir radikal müxalifət partiyasının sonu olacaq
Müsavat Partiyasının növbəti qurultayının vaxtı açıqlanandan sonra başqanlıq uğrunda mübarizə açıq müstəviyə keçib. Hələlik Müsavat Divanının üzvü Tural Abbaslı, iqtisadiyyat komissiyasının sədri Qubad İbadoğlu rəsmən namizədliklərini bəyan ediblər.
Bundan əlavə, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının, başqanın keçmiş müşaviri Səxavət Əlisoyun da mübarizəyə qoşulacağı gözlənilir. Qubad İbadoğlunun namizədliyini rəsmiləşdirmək üçün Divan üzvlüyündən istefa verməsi bu qənaəti bir qədər də möhkəmləndirir.
Müşahidəçilər İsa Qəmbərin postuna yiyələnmək istəyən funksionerlərdən Arif Hacılı ilə Qubad İbadoğlunun şansını daha yüksək qiymətləndirirlər. Onların qənaətinə görə, Tural Abbaslının və Səxavət Əlisoyun namizədlikləri formal xarakter daşıyacaq. Yəni, gənc Abbaslı ilə sabiq müşavir Əlisoy seçkiyə "rəng qatmaq üçün" bu mübarizəyə qoşulurlar. Bu isə o deməkdir ki, Müsavat başqanlığına iddialıların heç biri Tural Abbaslı və Səxavət Əlisoyla mübarizəyə enerji sərf etməyəcək.
Hadisələrin inkişafı da bu mülahizələrin həqiqətə uyğun olduğunu təsdiqləyir. Çünki Arif Hacılı mətbuata açıqlamalarında yalnız Qubad İbadoğlunu özünə alternativ gördüyünün anonsunu verib. Diqqətçəkən ən önəmli məqam isə odur ki, Hacılının namizədliyini elan etməməsinə rəğmən tərəfdarları artıq İbadoğunu hədəfə götürüblər. Onlar sosial şəbəkələrdə Qubad İbadoğlunu "zəif yerindən" vurmağa çalışırlar. Arif Hacılının tərəfdarları ciddi-cəhdlə Qubad İbadoğlunun hakimiyyətə loyal şəxs olduğunu sübut etməyə çalışırlar. Bunu əsaslandırmaq üçün İbadoğlunun indiyə kimi hakimiyyət əleyhinə keçirilən mitinqlərdə iştirak etmədiyini önə sürürlər. Hacılı tərəfdarlarının əsas arqumenti budur ki, meydanlarda çıxış etməyən insan Müsavat kimi mübariz bir partiyanın rəhbəri ola bilməz. Arif Hacılı özü də pariya kluarlarında aparılan müzakirələrdə Qubad İbadoğlunun başqan seçiləcəyi təqdirdə Müsavatın hakimiyyətyönlü partiyaya çevriləcəyini bəyan edib.
Qeyd edək ki, Qubad İbadoğlunun tərəfdarları da əllərini əllərinin üstünə qoyub oturmayıblar. Arif Hacılının Müsavat başqanı seçilməsini istəməyən partiya üzvləri sosial şəbəkələrdə onun əleyhinə təbliğata start veriblər. Onlar var gücləri ilə Hacılının intriqan olduğunu isbatlamağa çalışırlar. Buna nümunə kimi vaxtilə Müsavatın rəhbərliyində təmsil olunan Əsgər Əhməd, Rasim Musabəyov, Qabil Hüseynli, Sülhəddin Əkbər kimi tanınmış şəxslərin məhz Arif Hacılı ilə aralarında yaranan konflikt üzündən partiya sıralarını tərk etdiyini önə çəkirlər. Qubad İbadoğlunun tərəfdarları mahir intriqan kimi təqdim etdikləri Hacılının Müsavat Partiyası ilə digər müxalif qurumların münasibətlərini korladığını da iddia edirlər. Buna sübut kimi Arif Hacılının AXCP sədri Əli Kərimli, "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət, ALP sədri Əvəz Temirxan və ADP rəhbəri Sərdar Cəlaloğlu da küsülü olduğunu bildirirlər. Əleyhdarları hesab edirlər ki, təkcə hakimiyyətlə deyil, həm də müxalif dairələrlə münasibətlərində ciddi problemlər olan Arif Hacılının Müsvat başqanı seçilməsi bu partiyanın siyasi düşərgədən tamamilə təcrid olunmasına gətirib çıxara bilər. Müşahidəçilər hesab edirlər ki, başqanlıq uğrunda mübarizə Müsavat Partiyasının parçalanması ilə nəticələnə bilər. Hətta bunun qurultaya qədərki dövrdə baş verəcəyi ehtimal olunur. Hər halda, bütün bunlara şahid olmağa elə də çox vaxt qalmayıb. Yəqin ki, bu ilin sonuna kimi Müsavatda sular tamamilə durulacaq. Arif Hacılının başqan seçilməsindən sonra Müsavatda Hacılının yaxın ətrafından başqa heç kim qalmayacaq. İsa Qəmbər isə xarabalığa qalmış Müsavata kənardan baxmaqla kifayətlənəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53