Elçibəyi zəhərləyən azadlıqda gəzir
Elçibəyi zəhərləyən azadlıqda gəzir

Əli Kərimli eks-prezidenti zəhərləməkdə ittiham olunaraq həbs oluna bilər

Məlum olduğu kimi, bir müddət öncə eks-prezident, Azərbaycan Xalq Cəbhəsinin qurucusu Əbülfəz Elçibəyin zəhərlənib ölməsi barədə iddialar ortayı çıxmışdı.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin bununla bağlı hüquq-mühafizə orqanlarında qaldırdığı iddia ilə eyni vaxtda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü, Əbülfəz Elçibəyə yaxınlığı ilə seçilən bayraqdar Elman Türkoğlu da eyni iddialarla çıxış edirdi.
O da Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsi qənaətindədir. Bu məsələ ilk dəfə gündəmə gələndə E.Türkoğlu iddia edirdi ki, Elçibəyi zəhərləyiblər, amma bir qədər fərqli şəkildə. Bayraqdarın sözlərinə görə, Əbülfəz Elçibəy şadlıq sarayında deyil, ad günü mərasimində zəhərlənib: "AXC-nin daxilində böyük intriqalar baş qaldırmışdı. Bu çəkişmələrin başında əsasən Əli Kərimov dayanırdı. Fuad Mustafayev, Əliməmməd Nuriyev, Asim Mollazadə və Əli Kərimovdan ibarət "dördlük" çəkişmələrdə yer alırdı. Bunlar hər vəchlə Elçibəyi rəhbərlikdən uzaqlaşdırmağa, Əli Kərimovu AXC-nin rəhbəri postuna gətirməyə çalışırdılar. Mən 6 il AXC-nin binasında yaşamışam. Kimin kim olduğunu çox gözəl bilirəm. Bəzilərinin hansı oyundan çıxdıqlarını öz gözlərimlə görmüşəm. Hal-hazırda Əli Kərimlinin Bakının mərkəzi yerlərində bir sıra obyektləri var. Bütün bunlar hamı üçün açıq-aşkardır. Bacarana can qurban deyiblər. Amma bu qədər xəyanətkarlıq olmaz. Bu plan çoxdan hazırlanmışdı. Bəziləri yanlış olaraq deyirlər ki, bəy Kələkidə zəhərlənmişdi. Bu, həqiqətə uyğun deyil. Bir sıra şəxslər də başqa versiyalar səsləndirirlər. Deyirlər ki, guya Ordubadda soyuqdəymədən xəstəlik tapdı. Söylənilənlər yalandır. Bəzi şəxslər bəyin guya 1991-ci ilin 20 avqustunda yaralandığını əsas gətirirlər. Guya həkimin onu müalicə etməsinə imkan verilməyib. Bu versiya da həqiqətə uyğun deyil. Əbülfəz Elçibəy Əli Kərimovun ad günündə - 1999-cu ilin 28 aprelində zəhərlənib. Zəhəri bir nəfər gətirmişdi. Onun da adını açıqlayacağam. Əgər məni istintaqa çağırsalar, həmin şəxsin kim olduğunu deyəcəm. Amma gərək bu iş başa çatdırılsın - Əli Kərimli layiq olduğu cəzanı alsın".
Məsələylə bağlı "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Əli Kərimlinin Elçibəyi zəhərləməsi məsələsi gündəmdədir. Onun sözlərinə görə, AXCP sədrinin layiqli cəzasını almayana qədər mübarizəni davam etdirəcək: "Bildiyiniz kimi, bir müddət öncə prezident İlham Əliyevə müraciət etdim. Müraciətimdə bildirdim ki, bir ildən çoxdur sabiq prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı Baş prokuror Z.Qaralova məktub göndərmişəm. Amma mənim müraciətimə əsasən Bakı Şəhər Prokurorluğunda cinayət işi açılıb və məsələ araşdırılıb. Araşdırma zamanı sabiq prezident Ə.Elçibəyin ölümündən əvvəl zəhərlənməsi, bununla əlaqədar onun səhətinin pisləşməsi və nəhayət Türkiyənin "Gülhanə "xəstəxanasında dünyasını dəyişməsi faktı ilə bağlı kifayət qədər məlumatlar əldə edilib .Onun AXCP sədri Kərimov Əli tərəfindən qəsdən öldürülməsi faktı özünü doğruldub. Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Lakin üstündən 1 il keçməsinə baxmayaraq, iş üzrə zəruri istintaq tədbrləri başa çatsa da, hələlik cinayətkar cəzasız qalıb".
Hafiz Hacıyev bildirib ki, hüquq-mühafizə orqanlarına etdiyi müraciətin nəticəsi onu qane etmir: "Faktla bağlı onlarla şəxs dindirilib və Əbülfəz Elçibəyin zəhərlənməsi faktı tam sübuta yetirilib. Ancaq əfsuslar olsun ki, bu günə qədər cinayətdə adı hallanan şəxs barədə heç bir tədbir görülməyib. Mən hələ bir müddət də gözləyəcəyəm. Əgər Əli Kərimlinin cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməli işlər görülməsə, məsələni ört-basdır edənlərlə bağlı məsələni ictimailəşdirəcəm. Görək kimlərdir Əli Kərimlini müdafiə edənlər".
Qərib Gərayzadə