Miskin cəmiyyət, yalançı "lider" və unutqanlıq
15:20 13-09-2014
İQTİSADİYYAT
Miskin cəmiyyət, yalançı "lider" və unutqanlıq
Erməni oliqarx, "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qagik Sarukyana məxsus "Kentron" telekanalında ölkənin sabiq prezidenti Robert Köçəryanın 60 illiyinə həsr olunmuş sənədli film göstərilib. Film Köçəryanın dövlət başçısı olduğu illərdən bəhs edirdi. Məzmun barədə qısa yazsaq, film Robert Köçəryanın az qala Ermənistanı diriltməsindən, inkişaf etdirərək sürətlə irəliləyən ölkəyə çevirməsindən danışırdı.
Hazırda Ermənistan müxalifətinin aparıcı qüvvələri olduqlarını iddia edən Erməni Milli Konqresi, Erməni İnqilabi Federasiyası-Daşnaksutyun, "Çiçəklənən Ermənistan" və İrs partiyalarını birləşdirən "Dördlük" filmlə bağlı heç bir açıqlama verməyib. Halbuki, telekanalın sahibi Qagik Sarukyan bu strukturun lideridir və özünü də yarıradikal, yarıliberal müxalifətçi kimi təqdim edir.
Əslinə baxsaq, Robert Köçəryanın göstərişi ilə yaradılan, onun pullarının leqallaşdırılması vasitələrindən biri olan "Çiçəklənən Ermənistan" Partiyasının (ÇEP) oliqarx sayılan sədri də varidat yiyəsi deyil. Qagik Sarukyan, sadəcə, Robert Köçəryanın Ermənistandakı biznes və siyasi strukturlarının icraçı direktorudur.
"Kentron"dakı filmdə deyilənlər də yenilik deyil. Robert Köçəryanın prezident postunu tərk etməsindən bəri ötən 6 il ərzində müxtəlif müsahibələr, çıxışlar, şərhlərdə onun özü və bir çox başqaları eyni məzmunda danışıblar.
Deyilənlər R.Köçəryanın iqtidar sənələrini az qala Ermənistanın "qızıl intibah dövrü" olduğunu təkrarlayır.
Filmin efirdə peyda olması da maraqlıdır. Bu nə idi: sadəcə, Robert Köçəryanın yubileyi ilə bağlı onun sadiq fiquru Qagik Sarukyanın əmri ilə reallaşdırılmış jest, yoxsa sabiq prezidentin böyük siyasətə qayıdışı ərəfəsində genişmiqyaslı siyasi gediş?!
Kim bilir, bəlkə də Köçəryan qayıdışına erməni sosiumunun necə reaksiya verəcəyini təxminləməyə çalışıb.
Hər halda televiziya Köçəryan və onun apologetlərinin indiyədək çıxış etdikləri formatdan fərqli, daha geniş miqyaslı bir müstəvi, təbliğat və reklam vasitəsidir.
Robert Köçəryanın da komandası ictimai reaksiyanı yoxlayır, sahiblərinin aktiv siyasətə qayıtma şanslarını dəyərləndirirlər. Onlar növbəti seçkilərin keçiriləcəyi vaxta qalmış 3 il ərzində situasiyadan mümkün qədər bəhrələnməyə can atırlar.
Film göstərildi, indi növbə ermənilərindir. Onlar Robert Köçəryanın kimliyini anlamalı, onun dövlət başçısı postundakı fəaliyyətini xatırlayaraq bu adamın böyük siyasətə dönüşünün Ermənistana nələr vəd etdiyini qiymətləndirməlidirlər.
Ölkədəki müxalifət qüvvələrinin də susqunluq zamanı deyil. Robert Köçəryan əlaltısı Q.Sarukyanın telekanalı vasitəsilə müxalifətçilərə meydan oxuyub və onları əsla ciddi rəqib saymadığını, faktiki olaraq hesaba almadığını bəyan edib.
Çünki Robert Köçəryan hakimiyyətdə olduğu ilk gündən müxalifətə qarşı təqiblər, repressiya siyasəti yürütmüş, insan haqlarını total şəkildə pozmuş, Ermənistanda rüşvətxorluq və korrupsiyanı ağlasığmaz dərəcəyə çatdırmış, bütün ölkəni öz arxa bağçası sanmış, dövlətin maraqlarını öz tamahkar, həris və şizoidal mənafelərinə qurban vermişdi.
Məhz onun hakimiyyətə maniakal hərisliyi ölkə daxilində qəddarlıq, xarici siyasətdə buqələmunluq və yalançılıq anlamlarını Yerevandakı rejimin yaşam tərzinə çevirmişdi.
Robert Köçəryanın iqtidardakı dövründə cəmiyyətin yarıdiktatura, yarıfeodal tərzdə idarə olunması nəticəsində müxalifət partiyaları qeyri-hökumət strukturlarına döndülər və həmin vaxtdan bəri uğursuzluq, zəiflik və xaotik fəaliyyətdən qurtula bilmirlər.
İndi Ermənistanda real müxalifət olmadığından kütlə sistem içindəki nəsnə formatından çıxaraq sistemə qarşı yönəlmiş qüvvəyə çevrilə bilər: yetər ki, həmin kütləni arxasınca aparan qüvvə olsun.
Digər tərəfdən, özlərini "müxalifət qüvvələri" adlandıran strukturlara elə Robert Köçəryanın göstərişlərini yerinə yetirən siyasi təşkilat və düşərgələnmiş fiqurlar liderlik edirlər. Belədə prezident Serj Sarkisyanı hakimiyyətdən kənarlaşdırmaq istəyən "Dördlük" ilə Robert Köçəryan arasındakı əlaqələrin intensivliyi və fəallığı ilə bağlı suallar yaranmaya bilməz. "Çiçəklənən Ermənistan" və İrs partiyaların belə əlaqələrin mövcudluğunu qətiyyətlə rədd etsələr də, onların yalanlarını faş etməyə əlahiddə zəhmət gərək deyil.
Ermənistandakı müxalifət o qədər miskinləşib ki, indi öz rəqibini reklam etməklə məşğuldur.
...Robert Köçəryanın 60 yaşı tamam oldu. O adamın ki, on minlərlə erməninin ölümündə, cəmiyyətə divan tutulmasında, ölkənin talan edilməsi, müstəqilliyin Rusiyaya qurban verilməsində, Dağlıq Qarabağ münaqişəsini ermənilərin şovinist idefiksinə çevirməkdə bilavasitə suçludur.
2008-ci ilin martın 1-də prezident seçkilərinin saxtalaşdırılmasına və qanunun tapdanması sayəsində Serj Sarkisyanın "qələbə"sinin təmin edilməsinə etiraz edərək Yerevan küçələrinə çıxanların gülləbaranında, 10 erməninin güllələnərək qətlə yetirilməsində də Robert Köçəryan məsuliyyət daşıyan adamdır.
Bu cinayət bilavasitə onun əmri ilə törədilmişdi.
Ermənistan müxalifətinin hansısa radikallıqdan, fəallıqdan və ələlxüsus da kütləni arxasınca aparmaq imkanlarından bəhs edərək iddialı danışması absurddur.
Əgər Robert Köçəryan hakimiyyəti tərk edəndən bəri gündəmdə qala bilirsə, müzakirə edilirsə, onun böyük siyasətə qayıdışının mümkünlüyü təhlil olunursa və ən nəhayət, bu adam barədə deyilənlərlə yazılanlar müxalifət təşkilatlarının müzakirələri səviyyəsindədirsə - deməli, Ermənistanda müxalifət bivec olmaqla yanaşı, cəmiyyət yaşananlardan heç bir dərs almayan, ötənləri unudaraq gələcəyi ciddi düşünməyən fərdlər yığnağıdır.
Bu cür yığnaqla Serj Sarkisyanın istefasına, onun dəstəsinin hakimiyyətdən kənarlaşdırılmasına, ölkədə demokratik cəmiyyətin qurulmasına nail olmaq mümkün deyil.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53