Oqtay Şirəliyevə "Misir Mərdanov siqnalı"
12:48 16-09-2014
İQTİSADİYYAT
Oqtay Şirəliyevə "Misir Mərdanov siqnalı"
Səhiyyə sistemində gözlənilən dəyişikliklər nazir əvəzlənməsi ilə başlaya bilər
Azərbaycanda icbari tibbi sığortaya keçidlə əlaqədar olaraq səhiyyə sisteminin idarə olunması da dəyişəcək. Bu barədə baş nazirin müavini Əli Əhmədov bildirib. Həmin dəyişikliyin nədən ibarət olacağına bir qədər sonra aydınlıq gətirəcəyik.
Hələliksə onu qeyd edək ki, baş nazir müavininin açıqlamalarında kifayət qədər maraqlı məqamlar var. Məsələn, Əli Əhmədovun sözlərinə görə, səhiyyə müəssisəsinin dövlət hesabına indiki formada maliyyələşməsi daha yaxşı xidmət təklif etməyə, vəsaitlərdən səmərəli istifadə etməyə həvəsləndirmir: "Təqdim olunan xidmətin keyfiyyətindən asılı olmayaraq səhiyyə müəssisəsi ayrılan dövlət vəsaitini alır, həkimlərin və tibb personalının məvacibləri isə vaxtlı-vaxtında ödənilir. Nəticədə səhiyyə müəssisəsində bir növ, arxayınçılıq ab-havası yaranır".
İcbari tibbi sığortaya keçid isə vəziyyəti dəyişəcək: "İcbari tibbi sığortaya keçid bu ab-havanı birdəfəlik sındırır, çünki səhiyyə müəssisəsi göstərdiyi xidmətin kəmiyyətinə və keyfiyyətinə müvafiq olaraq maliyyələşəcək. İndi artıq hər manatı qazanmaq lazım gələcək".
Bu proses xəstəxanaların idarə edilməsi prinsipini də dəyişəcək. Baş nazirin müavini bildirib ki, xəstəxana rəhbəri yalnız büdcədən ayrılan vəsaiti bölüşdürməklə öz işini bitmiş hesab edə bilməyəcək, əksinə, müəssisənin saxlanılması və məvaciblərin verilməsi üçün vəsait qazanmaq qayğısı ilə yaşamalı olacaq. Ənənəvi "baş həkim" rolu "menecer baş həkim" rolu ilə əvəzlənəcək.
Ə. Əhmədov bildirib ki, hökumət xəstəxanaları özəlləşdirmək niyyətində deyil. Onun sözlərinə görə, bəzi ölkələr icbari tibbi sığortaya keçidlə bağlı xəstəxanaları özəlləşdiriblər, amma bizdə belə olmayacaq: "Hesab edirəm ki, Azərbaycanda dövlətin böyük qayğısı nəticəsində səhiyyənin infrastrukturu əsaslı surətdə yeniləşib, müasirləşib, bu səbəbdən də onların özəlləşməsinə ciddi ehtiyac yoxdur. Yaxın gələcəkdə belə bir ehtiyacın yaranacağı da inandırıcı görünmür". Lakin dövlət səhiyyə müəssisələrinin hüquqi mənsubiyyətini dəyişdirmədən onların idarə edilməsində köklü dəyişiklik edilməlidir. Xəstəxanalar özünü maliyyələşdirən hüquqi şəxs kimi fəaliyyət göstərməlidir.
Səhiyyə sistemində digər dəyişiklik buradakı inzibatçılıqla bağlı olacaq. Ə.Əhmədovun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə inzibatçılığı sadələşməlidir: "İcbari tibbi sığorta bir sıra inzibatı vəsilələri və mənasız inzibati xərcləri lüzumsuz edəcək. Düşünürəm ki, təhsilin regional idarəçiliyində həyata keçirilən islahat və yaradılan idarəçilik modeli tamamilə səhiyyə sahəsinə də tətbiq edilə bilər".
Bu isə o deməkdir ki, Oqtay Şirəliyevin nazirliyinin rayon idarələri ləğv olunacaq, onların əsasında isə regional idarələr yaradılacaq.
Bəzi ekspertlər isə hökumətin səhiyyə sahəsində ciddi islahatlar aparılması istəyini təqdir edir, eyni zamanda bu sahənin idarə olunmasındakı problemlərə diqqət çəkərkən kadr reformlarını diqqətdən qaçırmamağı məsləhət görürlər. Söhbət xüsusilə Səhiyyə Nazirliyi daxilində kadr islahatları aparılması zərurətindən gedir.
Bəzi iddialara görə isə hökumətin səhiyyə sistemində köklü islahat səyləri hətta səhiyyə naziri Oqtay Şirəliyevin əvəzlənməsi ilə də müşahidə oluna bilər. Çünki baş nazir müavini Əli Əhmədovun nümunə kimi göstərdiyi təhsil sahəsində islahatlar təhsil nazirinin əvəzlənməsi ilə start götürmüş, Misir Mərdanovun yerinə Mikayıl Cabbarovun gətirilməsi ilə sözügedən reformlar başlamışdı.
İndi səhiyyə sahəsində də oxşar islahatların aparılması zərurətindən danışılırsa istisna deyil ki, bu reformlar da səhiyyə naziri Oqtay Şirəliyevin başqa bir kadrla əvəzlənməsindən sonra start götürəcək.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53