Məmmədovlar üçün sonun başlanğıcı
11:08 27-09-2014
İQTİSADİYYAT
Məmmədovlar üçün sonun başlanğıcı
Məhkəmə nazir oğlunun iddiasını təmin etmədi
Xəbər verildiyi kimi, dünən Xətai Rayon Məhkəməsində nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verməsi ilə bağlı proses keçirilib.
Məhkəmə iclasında R.Arifoğlunun hüquqlarını vəkil Elçin Sadıqov və Vaqif Hüseyn təmsil edib. Onlar məhkəmə heyətindən A.Məmmədovun şikayətinin təmin edilməməsini tələb ediblər. Hər iki tərəfin nümayəndələrinin çıxışından sonra hakim Habil Məmmədov müşavirəyə gedib. Hakim müşavirədən qayıtdıqdan sonra nəqliyyat nazirinin oğlunun şikayətinin təmin edilmədiyini bildirib. Əsas da budur ki, iddiaçı məhkəməyə göndərdiyi ərizəni özü imzalamalı olduğu halda, bir başqası imzalayıb. Bu da məhkəmə qanunvericiliyi ilə birbaşa qanun pozuntusudur.
Qəzetin hüquqşünası Vaqif Hüseyn deyib ki, məhkəmədə "Yeni Müsavat"ın vəkilləri Cavad Cavadlı və Elçin Sadıqov çox peşəkar və təsirli çıxış ediblər. Qarşı tərəfin vəkilləri isə özlərini qeyr-peşəkar kimi nümayiş etdiriblər. V.Hüseyn onu bildirib ki, hakimin bu qərarı qanunidir və Cinayət Prossesual Məcəllənin 293.3.7-ci maddəsinə əsaslanır. Bu maddədə birbaşa göstərilir ki, xüsusi ittiham qaydasında şikayət bu şikayəti verən şəxsin özü tərəfindən imzalanmalıdır. Anar Məmmədovun Rauf Arifoğluna qarşı iddia ərizəsi isə onun nümayəndəsi Ruslan Məmmədov tərəfindən imzalanıb. Heç bir hakim bu cür tərtib olunmuş şikayət ərizəsini qəbul edə bilməz, bu, mümkünsüzdür.
Əslində, məhkəmənin nazir oğlunun iddiasının təmin olunmayacağı bəlli idi. "Unikal" qəzeti olaraq, son dövrlər nəqliyyat naziri Ziya Məmmədov və yaxın ətrafı barədə dəfələrlə təkzibedilməz faktlardan ibarət yazılar dərc etmişik. Nazir və yaxın ətrafının milyonlarla manat dəyərində olan villalarının, obyektlərinin fotolarını da oxucularımızın diqqətinə çatdırmışıq. Bu mənada, Anar Məmmədovun etirazına səbəb olan "Məmmədovlar terrorist bir klana çevrilir" qiymətləndirici ifadəsini də qəzetin vəkilləri faktlarla darmadağın ediblər. Belə ki, bu iddanı sübut edən yüzlərlə qəzet məqaləsi, video-reportajlar, təhlillər var. Və onların heç biri indiyə qədər Məmmədovlar tərəfindən təkzib edilməyib. Vəkillər həmin məqalələrin və video reportajların surətlərini proses iştirakçılarına, o cümlədən də qarşı tərəfin vəkillərinə təqdim ediblər. Oradakı başlıqların təqdimatı bəs edir ki, hər bir Azərbaycan vətəndaşı Məmmədovların terrorist klan olduğu qənaətinə gəlsin.Yəni, bu gün istənilən orta statistik Azərbaycan vətəndaşından soruşsan Ziya Məmmədovun böyük bir klana sahib olduğunu və milyonlarla dövlət vəsitini mənimsəmək hesabına həddindən artıq varlandığını deyər.
Məhkəmə də ictimai rəyi nəzərə alaraq, Anar Məmmədovun Rauf Arifoğluna qarşı iddiasını təmin etməyib. Çünki ölkə başçısı söz və mətbuat azadlığının qarantı kimi bu məsələdə iradəsini açıq şəkildə ortaya qoyub. Amma Ziya Məmmədov və yaxın ətrafı əllərində inzibati resurslar hesabına özbaşınalığı tavana qalxan məmurları tənqid edən mətbuatı susdurmağa çalışır.
Qeyd edək ki iddia ərizəsində A.Məmmədov R.Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edirdi. Şikayət ərizəsinə 8 sentyabr 2014-cü il tarixində, saat 11.45-ə Xətai rayon Məhkəməsinin hazırlıq iclasında baxılacağı nəzərdə tutulsa da, baş yazara bu barədə sənədlər sentyabrın 11-də, məhkəmədən 4 gün sonra çatdırılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Xətai rayon məhkəməsinin bu qərarı Məmmədovlar klanı üçün sonun başlanğıcıdır. Bu barədə bizi bilgiləndirən səhihliyinə şübhə etmədiyimiz mənbənin sözlərinə görə, Ziya Məmmədovla bağlı hakim komandadan dışlanmaq qərarı verib: "Əslində, Ziya Məmmədovla bağlı məsələ uzun müddətdən bəri gündəmdədir. Sadəcə olaraq, nazir mümkün qədər əleyhdarlarını zərərsizləşdirə bilirdi. Onun son illər Bakının və bölgələrin yol-nəqliyyat infrastrukturundan mənimsədiyi milyonlarla bağlı faktlar mətbuata sızandan sonra Ziya Məmmədov mətbuata qarşı səlib yürüşünə başladı. Bu da nazirin üzərində "qara bulud"ların toplaşmasına səbəb oldu. "Yeni Müsavat" qəzetinin əməkdaşının döyülməsi, Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədov və oğlunun da bu prosesə cəlb olunması problemin əhatə dairəsini daha da genişləndirdi. Belə baxanda, Ziya Məmmədov həmişə mətbuata qarşı aqressiv olub. Demək olar ki, mətbuatı məhkəməyə verən ən çox nazirlərdən biri elə odur. Amma göründüyü kimi, haqsız olduğu üçün məhkəmə nazir oğlunun əleyhinə qərar çıxardı".
Diqqətli oxucular xatırlayır ki, Ziya Məmmədov bir müddət öncə "Unikal" qəzetinə eksklüziv müsahibə vermişdi. Gündəmə bomba kimi düşən həmin müsahibədən sonra ona qarşı münasibət dəyişdi. Belə ki, onun müsahibə zamanı hakimiyyətin başqa bir qanadını ittiham etməsi xoş qarşılanmamışdı. Bu səbəbdən də onun qələminin qırılması prosesi daha da sürətlənməyə başladı.
Son məhkəmə prosesi bir daha onu göstərdi ki, Məmmədovlar klanının sonu yaxınlaşır. Anar Məmmədovun iddiasının təmin edilməməsi həmin sonun başlanğıcıdır. "Unikal"ın məlumatına görə, Ziya Məmmədov və yaxın ətrafına vurulan bu zərbənin davamı olacaq. Onu da nəzərə çatdıraq ki, bundan sonra gələn zərbələr daha sarsıdıcı olacaq. Belə demək mümkündürsə, Məmmədovların xanimanının tamamilə dağıdılması planı var və bunu asta bir planla həyata keçirəcəklər.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53