Hakimiyyəti devirmək istəyənlər və qəfil mənəvi quraqlıq
11:44 11-10-2014
İQTİSADİYYAT
Hakimiyyəti devirmək istəyənlər və qəfil mənəvi quraqlıq
Ermənistanın müxalifət qüvvələri hakimiyyəti devirmək və Serj Sarkisyanı iqtidardan uzaqlaşdırmaq üçün bitkin planlara malik olduqlarını deyirlər.
Sözlərə inansaq, Yerevanda rejimin dəyişdirilməsi üçün artıq münbit zəmin, əlverişli şərait yetişib və indi əsas məsələ geniş xalq kütlələrini aktivləşdirməkdir.
Yəni müxalifətçilərin söz yığınlarının arxasında gizlənmiş məqamları bir araya gətirsək, bəlli olar ki, Ermənistanın "demokratik qüvvələr düşərgəsi" özünə, gücünə və perspektivlərinə qətiyyən şübhə etmir.
Adamlar iradəli, savadlı, əxlaqlı, qətiyyətli və radikaldırlar. Həm də müdriklik edirlər, vaxtından əvvəl qərarlar qəbul etmirlər, tələskənliyə yol vermirlər və ilaxır.
O da söylənir ki, az sonra yüz minlərlə erməni küçələrə çıxaraq hakimiyyətin istefasını tələb edəcəklər. Bundan əvvəl isə kütlə ölkədə növbədənkənar seçkilərin keçirilməsini istəyəcək.
Bunlar, sadəcə, sözlərdir.
Gerçəklik isə odur ki, Ermənistan müxalifətinin "aparıcı qüvvələri" olduqlarını bəyan edən Erməni Milli Konqresi, İrs Partiyası və Erməni İnqilabi Federasiyası-Daşnaksütyunun yaratdıqları "Üçlük" vaxtından əvvəl seçkilərin keçirilməsi məsələsini gündəmə gətirmək niyyətində deyil.
Serj Sarkisyanın postundan kənarlaşması, hökumətin istefası, növbədənkənar seçkilər - bu tələblərin heç birini "Üçlük" yaxın perspektivdə reallaşdırmaq fikrində olmadığından Yerevanda keçiriləcəyi anons edilən mitinqin məqsədi, "qaynar payız" barədə aylardan bəri söylənənlərin mənası puç olur. Ümumiyyətlə, erməni müxalifətinin gündəmində hansısa məsələnin olması belə, şübhəli məqamdır.
Halbuki, Serj Sarkisyan rejimi Konstitusiyaya dəyişikliklərlə bağlı müzakirələri davam etdirir və görünən də odur ki, ölkənin əsas qanunu kriminal bandokratiyanın tələbləri, ölkəni idarə edən dəstənin şərtləri çərçivəsinə uyğunlaşdırmaq Ermənistan iqtidarının qarşısında duran əsas məsələlərdən biridir. Müxalifətçilər bütün diqqəti həmin problemə yönəldərək rejimin səylərini zərərsizləşdirmək əvəzinə sözdə aktivliyini, işdə isə süstlüyünü davam etdirir.
Fəqət, son günlərdə həbs etdiyimiz istiqamətdə müəyyən hərəkətlər müşahidə olunur.
Görünür, erməni müxalifətçiləri aralarındakı didişmələrin və mövqe düşmənçiliklərinin növbədənkənar seçkilər zamanı bütünlüklə aşkarlana biləcəyindən qorxaraq güclərini Konstitusiyaya dəyişikliklər müstəvisinə yönəltməyə üstünlük veriblər.
Serj Sarkisyanın istefası tələbi də xam xəyal təsiri bağışlayır. Çünki belə tələblər başqa, müxalifətçilərin səslənməsini istəmədikləri sualların verilməsinə səbəb olacaq. Həmin suallara sabiq prezident Levon Ter-Petrosyan və ya İrs Partiyasının sədri Raffi Hovannisyanın cavab vermək istəyinin olduğunu düşünmək isə yanlışdır.
Belə şəraitdə Serj Sarkisyanın konstitusion dəyişikliklərlə bağlı vurnuxmasının hədəfə alınması erməni müxalifətçiləri üçün ağır situasiyadan çıxış yolu, ən əlverişli və sərfəli variantdır ki, onun vasitəsilə qeyri-hökumət qüvvələri uzun müddət əməkdaşlıq görüntüsü yarada bilərlər.
Məsələn, ta 2015-ci ilin payızına qədər.
Təbii ki, Serj Sarkisyan çox istəsə də, Konstitusiyaya dəyişikliklər və əlavələr həmin vaxtdan tez referenduma çıxarılası deyil.
Ancaq belə variantda da müxalifətçilərin birləşmələri, real güc mərkəzi yaratması şərtdir. Ən azı ona görə ki, görüntü əldə olunmazsa, indiki liderlərin əksəriyyəti məğlubiyyətlərini etiraf etmək məcburiyyətində qalacaq, siyasi meyitə çevrilmək perspektivindən qurtula biləcəklər.
Erməni müxalifəti indi "yeni aktual məsələlər" aramağa çalışsa da, cəhdlər absurddur: kütləni Serj Sarkisyanın istefası və növbədənkənar seçkilər maraqlandırır.
Belə olan təqdirdə Yerevandakı müxalifət ya boğuşmaları və kuluar didişmələrini dayandıraraq hakimiyyətə qarşı, gerçəkdən də, vahid cəbhə formalaşdırmalı, ya da qısamüddətli strategiyanı hazırlaya bilmədiyini boynuna alaraq miskin durumu ilə barışmalıdır.
Üçüncü yol yoxdur.
Ermənistanın daxili siyasətində Dağlıq Qarabağ münaqişəsi ən önəmli ünsürlərdən biri kimi illərdən bəri aktuallığını itirmədiyindən müxalifətçilər yenə də şovinist, millətçi ritorikanı davam etdirsələr - uduzmaları qaçılmazdır. Çünki ifrat millətçilik yalnız qısa zaman kəsiyində kütləni aldatmağa imkan verir.
Siyasi fəaliyyətin hərəkətsiz qalacağı təqdirdə aşması labüd velosiped prinsipinə əsaslandığını unutmaq istəsələr də, yaddan çıxarmamış erməni müxalifətçiləri boşboğazlıqdan qurtulub Serj Sarkisyanın oliqarxik rejiminə qarşı effektiv mübarizəyə başlamasalar, onların siyasi məhvi qaçılmazdır.
Ermənistanda siyasi baxımdan "quraqlıq" başlaya bilər və həmin "mövsüm" 2015-ci ilədək çəkər. 2015-ci ildən sonra bambaşqa siyasi vəziyyət olacaq, tam yeni seçkiqabağı formatların yaradılmasına ehtiyac duyulacaq.
Müxalifətçilərin həmin vəziyyətdə nə edəcəklərini təxminləmək çətin deyil.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53