Putinin əsl düşməni Qərb deyilmiş
11:45 11-10-2014
İQTİSADİYYAT
Putinin əsl düşməni Qərb deyilmiş
ABŞ-ın ən məşhur nəşrlərindən birinin ilginc iddiaları!
Rusiya prezidenti Vladimir Putin bu həftənin çərşənbə axşamında 62-ci ad gününü Sibir meşələrində silahdaşlarından uzaq bir yerdə qeyd etdi. Jurnalistlər Putinin öz ad gününü niyə bu şəkildə qeyd etdiyini soruşsalar da, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sullara cavab verməkdən imtina etdi.
publika.az-ın verdiyi xəbərə görə, ABŞ-ın dünyaca məşhur "Stratfor" nəşri qeyd edir ki, Putinin ad gününü bu şəkildə qeyd etməsi Rusiya prezidenti və onun hökumətin gələcəyi ətrafında yaranmış mürəkkəb bilməcənin tərkib hissəsidir.
Rusiya mükəmməl fırtınanın episentrindədir
Rusiya mükəmməl fırtınanın episentrindədir. Ukraynadakı silahlı qarşıdurma atəşkəslə əvəzlənib və Rusiya özü üçün kritik və əhəmiyyətli qonşu ölkədə strateji məğlubiyyətlə üzləşib. Bundan başqa, Ukraynadakı böhran Qərbi Rusiyaya qarşı sanksiyaları tətbiq etməyə, bu ölkə ilə çoxsaylı maliyyə və iqtisadi əlaqələri zəiflətməyə vadar etdi. Hazırda Kreml iqtisadi böhranla üz-üzədir və vəziyyət Ukraynadakı kimi kifayət qədər ciddidir. Son iki gün ərzində Rusiya Mərkəzi Bankı valyuta ehtiyatlarından 1,6 milyard dollar Rusiya rublunun dəyərinin saxlanılmasına xərcləyib. 2014-cü ilin əvvəlindən Rusiya Mərkəzi Bankı milli valyutanın məzənnənin saxlanılması üçün valyuta ehtiyatlarından 51 milyard dollar bazara çıxarıb. 2014-cü ildə Rusiya iqtisadiyyatını minimal yüksəliş gözləyir. Rusiyada xarici investisiyalar 50 faiz azalıb. Kreml məlum olduğu kimi 630 milyard dollar valyuta ehtiyatlarına malikdir. Ancaq bu vəsait yaranan çatların bağlanması üçün xərclənir.
Rusiyada maliyyə sabitliyi haqqında narahatlıq Kremldəki müxtəlif qruplaşmalar arasında ictimai döyüşlərin səbəbi olub. Rusiyanın maliyyə naziri Anton Siluanov çərşənbə axşamı Putini hərbi xərcləri azaltmağa çağırdı. Rusiya 2015-ci ildə yenidən silahlanma üzrə 10 illik proqramın reallaşdırmasına başlamaq niyyətindədir. Proqramın ümumi dəyəri 770 milyard dollar təşkil edir. Siluanov sentyabr ayında büdcə layihəsinin müzakirəsi zamanı bu plana qarşı çıxış etdi.
Rusiya liderlərinin düşməsi
Putin artıq 15 ildir ki, Rusiyanı mərkəzləşdirilmiş və avtokrat üsulla idarə edir. O, istənilən başqa lider kimi ölkənin daxilindəki müxtəlif fraksiyalar arasında balansı saxlamağa çalşır. Müxtəlif siyasi qəbilələrlə manipulyasiya etmək bacarığı da onu hakimiyyətə gətirib çıxardı. Belə bir qabiliyyətin olmamasının nəticəsi idi ki, Boris Yeltsin hakimiyyətdən getməli oldu. Yeltsin təhlükəsizlik orqanlarının nümayəndələri, iqtisadçıları, hətta özünün şəxsi tərəfdarlarını nəzarətdə saxlamaq bacarığına malik deyildi. Yelsin hakimiyyəti əlində saxlamaq üçün siyasətini qəti şəkildə dəyişdirdi və Federal Təhlükəsizlik Xidmətinin yenidən strukturlaşdırılmasına başlanıldı.
Boris Yeltsinin uğursuzluqları Putinin hakimiyyətə gəlişinə imkan yaradırdı. Putin anlayırdı ki, Rusiya lideri ölkəni yalnız bir-biri ilə rəqabət edən qruplaşmalar arasında balansı saxlamaqla idarə edə bilər. Putin Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş agentidir və onu təhlükəsizlik strukturlarındakı dairələrlə möhkəm tellər bağlayır. Putin hakimiyyətin ilk illərindən müxtəlif qruplaşmalar arasındakı balansı qoruya bildi.
Hazırda problem ondan ibarətdir ki, mövcud qəbilə sistemi dağılmağa başlayır. Ukraynadakı strateji müvəffəqiyyətsizliyə görə təhlükəsizlik xidmətinin nümayəndələri ittiham olunurlar. Halbuki liberal iqtisadi dairələr ağır iqtisadiyyatın vəziyyətə görə məsuliyyət daşıyırlar. Putin əvvəlki kimi müxtəlif qruplaşmalar arasında balansı saxlamağa çalışır. Bunu son həftələrdə liberallar və təhlükəsizlik xidmətlərinin nümayəndələrinin arasında keçirilən büdcə müzakirələri də göstərir. Ancaq qruplaşmalar arasında tarazlığın saxlanılması məhz Rusyanın 15 illik müvəffəqiyyətləri dövrünə təsadüf edirdi. Halbuki bu gün Rusiya prezidenti iqtisadi və siyasi vəziyyətin çətin olduğu bir dövrdə bunu etməyə çalışır.
Putinin nə qədər möhkəm olduğunu Kreml divarlarından xaricdə qiymətləndirmək çox çətindir. Yeni liderlərlə bağlı qərarlar məhz Kreml daxilində qəbul edilir, ölkə sakinləri tərəfindən deyil. Əvvəlki Rusiya liderləri, Nikita Xruşov və Leonid Brejnevdən tutmuş Boris Yeltsinə qədər hamısı öz postlarından hakimiyyətdəki ən yaxını silahdaşları tərəfindən uzaqlaşdırılıb. O, halda Kremldən və tərəfdarlarından tamamilə uzaqda ad gününü qeyd edən Rusiya liderinin qərarına tamamilə bəraət qazandırmaq olar.
"Saray çevrilişi"
xəbərdarlıqları
Qeyd etməyə dəyər ki, Putin müxtəlif yollarla hakimiyyətdən uzaqlaşdırılacağı barədə iddialar son vaxtlar tez-tez səslənməyə başlayıb. Kremldə hakimiyyət çevrilişi ilə bağlı siqnalların Qərb mətbuatında artmasının ardınca Rusiya özündə də ekspertlər səviyyəsində eyni fikirlər səslənməyə başlayıb.
Həmin fikirlərdən birini xatırlatmaq kifayət edər. "Sotnik TV" nəşrinin banisi, Kreml hakimiyyətinin aktiv tənqidçisi Aleksandr Sotnikə hesab edir ki, Rusiyada saray çevrilişi ideyasının aktuallığı görünməmiş sürətlə yetişir. O, fikrini əsaslandırmaq üçün qeyd edir ki, 1991-ci ildə "qəflətən" dağılan SSRİ-nin davamlılıq ehtiyatı indiki Rusiyadan daha güclü idi. "Birincisi, istehsal dağıdılmamışdı, ikincisi xalqın əksəriyyəti SSRİ-nin saxlanılması üçün mübarizə aparırdı. Sadəcə "materialın yorğunluğu" öz sözünü dedi. Müqavimət göstərə bilməyən körpü qəflətən uçdu. Həm də unutmaq lazım deyil ki, SSRİ-nin dağılması ərəfəsindəki "düşkünlük" səviyyəsini indiki ilə müqayisə etmək olmaz. Putin yalnız ölkəni dalana aparmadı, o, həm də Rusiyanl iqtisadi və siyasi baxımdan öldürdü. Onun gedişi hazırda qaçılmaz görüşür. Saray çevrilişi ideyasının aktuallığı görünməmiş sürətlə yetişir. Rublun sürətlə dəyərini itirməsi ilə ilə ən yaxın həftələrdə iş yerlərinin ümumi ixtisarları və ölkənin "iqisadi sabitliyinə" inamın itkisi qaçılmazdır. Əhalinin üst-üstə gələn yorğunluqdan gözlərini "qəflətən" açması ilə hakimiyyətin yuxarı eşelonlarında müflis olmuş "milli dilerin" yerdəyişilməsi haqqında plan mütləq yetişəcək", - deyə o, Putin hakimiyyətini yaxşı ssenarilərin gözləmədiyini dilə gətirib.
Putini saray çevrilişinin hədələdiyindən əmin olan digər bir şəxs rusiyalı politoloqu Stanislav Belkovskidir. Onun sözlərinə görə, Kreml başçısı bunu bilir: "Gözlənilən prosesin qarşısını almaq üçün Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin nəzdində artıq Milli Qvardiyanın formalaşması prosesi başlayıb. Hesab olunur ki, Putin onun üçün ən çətin vaxtda Milli Qvardiyaya söykənə biləcək".
"Gündəlikdə saray çevrilişi var. Sui-qəsd ehtimalı da böyükdür. Belə bir atmosfer var. Bu isə indiyədək görünməmiş səviyyədə repressiyalara açır", - deyə S.Belkovski xəbərdarlıq edir.
Rusiyalı politoloqun sözlərinə görə, Krımın zəbt edilməsinə qarşı olanların hamısı hazırda düşmən və xainlər hesab edilir: "Hansı ki, onları Rusiya Federasiyasının Cinayət Məcəlləsi üzrə cəzalandırmaq mümkündür. Yaranmış vəziyyətdə demokratik cəmiyyət üçün tipik siyasi rəqabət haqqında danışmaq yersizdir".
Kreml ideoloqu və imperialist fikirlər müəllifi kimi tanınan Aleksandr Duqinin də saray çevrilişi barədə xəbərdarlıq etməsi iddiaların əsassız olmadığını göstərir. Donbas hövzəsindəki rusmeyilli separatçıların əsas ideoloqu, "Beynəlxalq Avrasiya Hərəkatı"nın başçısı iki gün əvvəl "facebook" səhifəsində yazıb ki, saray çevrilişi mümkündür. O hətta Putinin qətlini də istisna etməyib.
Ömər Dağlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53