İŞİD bayrağını Vatikana sancdı
14:25 14-10-2014
İQTİSADİYYAT
İŞİD bayrağını Vatikana sancdı
Tükürpərdən açıqlama: "Terror təşkilatı döyüşçüləri 5 yaşlı qızları zorlayır"
İraq və Suriyada apardığı müharibə ilə dünya gündəmini qarışdıran İŞİD qüvvələri bu dəfə Roma Katolik Kilsəsinə sərt mesaj göndərib.
İŞİD üzvləri internet yayımı olan "Dabiq" adlı jurnalın üz qabığına "Xaç yürüşləri uğursuz oldu" başlığı ilə fotoşopla işlənmiş foto yerləşdiriblər.
Fotoda İŞİD bayrağının Müqəddəs Pyotr Kilsəsinin qülləsinə sancdığı aydın görünür.
İtaliya hökuməti və Vatikan məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.
Kürd lider Türkiyəni
tənqid etdi:
"Kobani üçün əlimizdən gələni etdik"
Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani İŞİD-in Şimali İraqa hücumu zamanı Türkiyədən daha böyük bir hərbi dəstək gözlədiyini açıqlayıb. Ərəb mediasına danışan Məsud Bərzani Türkiyənin Şimali İraqa yardım məsələsində təmkinli davrandığını bildirib.
Regional kürd rəhbərliyinin başçısı Kobaniyə hərbi yardımın göndəriləcəyi yeganə yolun da Türkiyədən keçdiyini qeyd edib. Məsud Bərzani Türkiyənin xarici hərbi gücün torpaqlarından Kobaniyə keçməsinə icazə verməyə hazır olmadığını ifadə edib. "Kobani üçün əlimizdən gələni etdik", - deyə kürd lider əlavə edib.
Türkiyə təxribata çəkilir
İŞİD ilə bağlı son proseslər və eləcə də Türkiyənin şərqində baş verən hadisələr yeni və olduqca mürəkkəb bir mənzərənin ortaya çıxmasına təkan verdi. Bəs görəsən Türkiyədə baş verən son olaylar nə ilə nəticələnəcək?
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu deyir ki, hazırda baş verən hadisələrin fonunda Türkiyə iki istiqamətdən həmləyə məruz qalır: "Xaricdən - Qərb vasitəsi ilə və daxildən - HDP və radikal sol qüvvələrin əli ilə. Bu zaman hər şey Türkiyə ilə İŞİD-i açıq şəkildə üz-üzə qoymağa hesablanır. Sadəcə hər iki tərəfin bu zaman istifadə etdiyi metodlar fərqlidir. NATO-nun timsalında Qərb Türkiyəyə "qorxma, mən səninləyəm", - nəğməsi ifa etməkdədir və bu zaman qabaqdakını qızışdıran, lakin arxada gizlənərək özünü qorumaq üçün təhlükəsiz yer seçmiş çığal uşağı xatırladır". Təşkilat rəhbəri bildirib ki, Birləşmiş Ştatların və ya Avropa güclərinin endirdiyi hava zərbələrinin effekti sıfırdır: "Nə coğrafi şərait, nə də İŞİD-in taktiki gedişləri bu zərbələrdən maksimal nəticə almağa imkan verir. Hesab edirəm ki, konkret irimiqyaslı quru əməliyyatları aparılmalıdır". Vüqar Zifəroğlunun sözlərinə görə, İŞİD-ın İraq demarşı yeni start götürdüyü zamanlarda nə bölgədəki etnik yapı-yəni, kürdlər və ərəblər, nə də ki, bölgədəki güclər- Birləşmiş Ştatlar, Qərb, ərəb ölkələri- Türkiyənin təkbaşına həyəcan siqnalına adekvat reaksiya verməmişdilər. İŞİD-ə qarşı da ən mütəşəkkil müqaviməti türkmənlər təşkil etmişdilər. Sonrakı proseslər isə gedişatı dəyişdi. Artıq hədəfdə zəngin neft yataqları ilə bol olan əraziləri nəzarət altında saxlayan kürd peşmərgələrdir. Türkiyənin isə İŞİD məsələsində ilk əvvəllər olduğu kimi aktiv mövqe sərgiləməməsi, hətta rəsmi Ankaranın İŞİD-ə qarşı qurulan koalisiya məsələsində passiv mövqe tutması, türk diplomatlarının azad edilməsi ilə nəticələndi". Mərkəz rəhbəri qeyd edir ki, Türkiyənin belə bir mövqe yolu tutması təbii və anlaşılandır: "İŞİD-lə birbaşa, özü də tək halda üz-üzə gəlmək heç bir şəkildə maraqlara cavab vermir. Lakin indi Ankaranı bu qarşıdurmaya sürükləyirlər… Birmənalı şəkildə vurğulanmalıdır ki, Səlahəddin Dəmirtaşın açıqlaması Türkiyə hökümətini və ictimaiyyətini şantaj etməkdən başqa bir şey deyil. Kobani ilə Azərbaycanın müqayisə edilməsini başqa cür qiymətləndirmək olmaz. Dünəndən başlayaraq Türkiyənin güney-doğusunda baş verən hadisələr bir daha onu sübut etdi ki, heç bir açılım layihəsi kürd sorununun həll edilməsi üçün yetərli olmayacaq. Bu sadəcə münasibətləri hər iki tərəfə sərf edəcək şəkildə müvəqqəti dondurmağa xidmət etsə də, ilk qığılcımdaca təkrar yeni qarşıdurmalara səbəb olacaq. Necə ki, Tuncelidə biz bunun şahidi olduq. Əslində Türkiyənin İŞİD-PYD qarşıdurmasında kürdlərə dəstək verməməsinin səbəbləri çoxdur. Və İŞİD-lə meydanda təkbaşına savaşmağın heç bir maraq çərçivəsinə sığmaması bunlardan yalnız biridir. Məsələ ondadır ki, PYD - terror təşkilatı PKK-nın rəsmi Suriya qoludur və Ankaranın hər hansı bir dəstəyi nəticə etibarı ilə Türkiyənin öz daxilində haqlı və çox ciddi narazılıqlara təkan verə bilər. Zatən bu "kürd açılımı" macərası türk ictimaiyyəti tərəfindən birmənalı qəbul edilmir. Qarşıdan isə parlament seçkiləri gəlir. Və bu seçkilər AKP iqtidarı üçün olduqca vacibdir. Başqa bir səbəb isə Əsəd iqtidarına münasibətdir. Türkiyənin Suriya içindəki qarşıduran qüvvələr arasında özünə yaxın bildiyi müxaliflər - Azad Suriya Ordusudur. PYD isə həm PKK uzantısıdır və digər tərəfdən də rəsmi Ankaranın Suriya iqtidarına münasibəti ilə ciddi fikir ayrılığı var. Suriyadakı kürdlər Əsəd rejimini ciddi şəkildə müdafiə edirlər. Türkiyənin isə bu məsələdəki prinsipial mövqeyi bəllidir". Vüqar Zifəroğlunun sözlərinə görə, hazırkı situasiyada Türkiynin hədəfi Əsədin getməsidir: "Birləşmiş Ştatlar isə dövlət katibinin mətbuat attaşesi Jen Psakinin dili ilə artıq Əsəddən daha qabaq İŞİD probleminin həllində maraqlı olduqlarını bildirib. Ankaranın fikrincə isə, problemin qaynağı - Əsəddir, İŞİD- sadəcə simptomdur. Və beləlikə Ankara Əsədi istəmir və Azad Suriya Ordusunu dəstəkləyir. ABŞ ilk növbədə İŞİD-ı istəmir və buna görə də Əsədlə müttəfiq olan PYD-ə hava zərbələri ilə dəstək verir. PYD Əsədi istəyir, İŞİD-ı istəmir, lakin Türkiyədən də dəstək umur. İŞİD isə bunların heç birini istəmir".
İŞİD-çilər haqqında müdhiş iddia
İraqda İŞİD tərəfindən qaçırılaraq qul kimi satılan 15 yaşlı yezidi qız başına gələn müsibətlər haqda danışıb. Türkiyəyə qaçan, ailə üzvlərinin terrorçuların əsirliyində olduğu üçün adını gizli saxlayan yezidi qız "Assoşeyted Press" ə müsahibəsində İraqın şimal-qərbində Sincar dağlarında yaşayarkən İŞİD tərəfindən girov götürüldüyünü bildirib: "Məni qaçırandan sonra Mosula gətirərək fələstinli kişiyə satdılar. Həmin adamı vurub qaçmaq istəyərkən İŞİD-in döyüşçüləri məni tutdu. Bundan sonra, yenə məni min dollara Səudiyyə Ərəbistanından olan bir kişiyə satıdılar".
Səudiyyə Ərəbistanından olan kişinin çayına dərman atıb xilas olduğunu söyləyən 15 yaşlı qız Türkiyəyə gələn bir nəfərin köməkliyi ilə xilas olduğunu qeyd edib: "Yüzlərlə qadın İŞİD-in əlindədir. Onlar qul kimi satılır. İraqdan qaçırılan qızları Suriyada satırlar. İŞİD-in döyüşçüləri 5 yaşlı, hətta 5 yaşından aşağı qız uşaqlarını zorlayır. İki az yaşlı bacım terrorçuların əlindədir. Atamın, qardaşımın aqibətindən xəbərsizəm".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53