"Statoil" Azərbaycandan getdi
Məşhur Nrveç şirkəti "Şahdəniz"dəki payını niyə Malayziya şirkətinə satdı?
Norveçin "Statoil" şirkəti "Şahdəniz" layihəsindəki 15,5 faizlik iştirak payını və Cənubi Qafqaz qaz kəmərindəki eyni miqdarda payını Malayziyanın "Petronas" şirkətinə satıb. Sövdələşmənin dəyəri 2,25 milyard dollar təşkil edir.
Neft məsələləri üzrə ekspert İlham Şaban bu məsələni şərh edərək deyib ki, əslində Norveçin dövlətə məxsus neft və qaz şirkətinin belə bir qərara gələcəyi bir il əvvəl özünü büruzə verməyə başlamışdı: "2013-cü il oktyabrın sonunda "Statoil" və Fransanın "Total" şirkətlərindən Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) bildirmişdilər ki, TANAP layihəsinə qoşulmaqdan vaz keçirlər. Sonradan bunu "Statoil" nümayəndələri qeyri-rəsmi söhbətlərdə layihənin bahalığı ilə izah etməyə çalışırdılar. 2013-cü ilin dekabrında ARDNŞ və tərəfdaşları "Şahdəniz"in "Mərhələ-2" layihəsini sanksiyalaşdırmağa hazırlaşarkən Norveç şirkətindən gözlənilməz xəbər aldılar. Bu xəbərin məğzi ondan ibarət idi ki, "Statoil" faktiki olaraq Xəzər qazının Avropaya çatdırılması yönündə ən önəmli resurs bazası kimi ortada olan "Şahdəniz-2" layihəsinin bahalığını bəhanə gətirirdi, onun maliyyələşdirilməsində problemlərlə üzləşdiyini bildirirdi və layihənin operatoruna, o cümlədən layihəni təsdiq etməli olan Azərbaycan hökumətinə dolayısı ilə bəyan edirdi ki, payını satır. BP və ARDNŞ qısa zamanda "Statoil"in 10 faizini alaraq dekabrın 17-də "Mərhələ-2" layihəsinin nəzərdə tutulduğu vaxtda imzalanmasını həyata keçirə bildilər.
O zaman demişdim ki, "Statoil" Azərbaycanın infrastruktur layihələrini də tərk etməyə hazırlaşır. Proqnozum doğruldu. Oktyabrın 13-də "Statoil" rəsmən elan etdi ki, "Şahdəniz"dəki və Cənub-Qafqaz qaz kəməri layihəsindəki 15,5 faizlik payını, o cümlədən "Azerbaijan Gas Supply Company" şirkətindəki 12,4 faizini Malayziyanın "Petronas" şirkətinə 2,25 milyard dollara satıb.
Cəmi 1 il əvvəl "Statoil" "Şahdəniz"də BP ilə eyni paya malik idi. Həmçinin hüquqi baxımdan Azərbaycan qazının "Şahdəniz-1" layihəsində satıcısı kimi kommersiya operatoru olaraq qalırdı. Bütün bunlardan imtina etmək, məncə, kommersiya strategiyası və ya rentabelliyin azlığı ilə izah oluna bilməz. Layihənin kommersiya cəhətdən cəlbediciliyini o məqam vurğulayır ki, "Statoil" "Şahdəniz"dəki öz payını 1 il əvvəlkindən çox da olmasa, baha sata bildi. Əgər 2013-cü ilin dekabrında 10 faizlik payını 1,45 milyarda BP və ARDNŞ-yə satmışdısa, indi 15 faiz payını 2,25 milyard dollara satdı. Nəzərə alsaq ki, dollar bahalaşmağa doğru gedir, demək, "Şahdəniz"ə olan maraq böyükdür. Elə bu yaxınlarda TPAO-nun öz payını 9 faizdən 19 faizə yüksəltməsi buna real sübutdur. "Statoil"in "Şahdəniz"dən və infrastruktur layihələrindən getməsi heç də kommersiya maraqları ilə bağlı deyil".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53