Qəndab Quliyeva:"Yeni rektor məni işdən çıxardı"
Nadir sənətkarlar var ki, illərlə gözdən uzaq olsalar belə, könüllərdən iraq düşmürlər.
Əksinə, tamaşaçı onları daha həsrətlə gözləyir. Təbii ki, bu, özü-özlüyündə böyük xoşbəxtlikdir. Milyonların sevgisini qazanmaq, sevilmək və illərlə bu sevgini itirməmək. Məncə, oxuduğunuz əvvəlki cümlələri tanınmış xanəndə, respublikanın xalq artisti Qəndab Quliyevaya şamil etsəm, ədalət hissi, obyektiv düşüncəsi olan kimsə məni qınamayacaq. Sənətkar müsahibəsində uzun illər efirlərdən uzaq düşməsindən, ona qarşı olunan haqsızlıqlardan danışıb. Özü də adlarla...
- Qəndab xanım, bəzi istisnaları çıxmaq şərti ilə nə efirlərdə varsınız, nə müsahibə verirsiniz. Sizi efirə çağırmırlar, yoxsa dəvətləri qəbul etmirsiniz?
- Olunan dəvəti məmnuniyyətlə qəbul edirəm. Dəvət olunmadığım halda, kiminsə qapısını döymək mənlik deyil. Efirlərə dəvət olunmuram. Bu yaxınlarda ANS-də "Evdəyik" verilişində qonaq oldum. Suallara cavab verdim, bir mahnı da oxudum.
- Həmin verilişdən sonra bir anlaşılmazlıq olmuşdu. Hətta bəziləri elə bilmişdilər ki, siz sənətdən uzaqlaşıb toxuculuqla məşğul olursunuz.
- Cavanlıq illərində Toxuculuq Kombinatında həm işləmişəm, həm də oxumuşam. Verilişdə təqaüddən söhbət düşdü. Soruşdular, nə qədər alırsan? Cavab verdim ki, 150 manat alıram. Ardınca dedilər ki, cənab prezident xalq artistlərinə ayda min manat pul verir, sizin bəsinizdir. Əvvəla, bunlar tam fərqli şeylərdir. Həmin min manat bizim əməyimizə verilən qiymətdir. 1973-cü ildən indiyə kimi işləmişəm, 150 manat pul verirlər. Bəlkə, heç prezident təqaüdü almayaydım, əl açıb dilənməliydim?
- Toylara gedirsiniz?
- Toylara gedirəm. Elə bu ayın 18-də Buzovnada toydayam. Özü də kişi toyudur. Şükür, birtəhər dolanırıq da. Olanımız budur.
- Qəndab xanım, necə oldu ki, birdən-birə sənətkarların böyük qismi səhnədən, sənətdən uzaq düşdü?
- Səsi işləməyən, səhhətində problem olan, qocalan, əldəndüşən kənara çəkilə bilər. Allaha şükür, səsim də əladır, səhhətim də əladır, bu dəqiqə canlı da oxuya bilərəm. Çağırmırlar da, indi cavanlar gündəmdədir, nə deyək? Durub nəsə desəm, deyəcəklər ki, paxıllıq edir. Ona görə də biz öyrəşmişik, yaxşıya pis, pisə yaxşı deyək. Kənardan baxıb deyirəm ki, kim nə edir, etsin.
- Hazırda sənət yoldaşlarınızdan, tay-tuşlarınızdan kimlərlə əlaqələriniz var?
- Xalq artistləri Ağaxan Abdullayevlə, Ağasəlim Abdullayevlə, Möhlət Müslümovla tez-tez danışırıq. Dünən zəng edib Firuz Əliyevi təbrik etmişəm. Cənab prezident sağ olsun, Firuza ev vermişdi. Səkinə İsmayılovanı bayramlarda təbrik edirəm. Bütün bayramlarda Arif Babayevi yada salıram, təbrik edirəm. Onlar etsələr də, etməsələr də, mən diqqət göstərirəm. Məsəl var, deyir, böyüklüyümü göstərirəm. Düzdür, özümü onlardan böyük hesab etməsəm də, hamısını sayıram. Kim sayır-saymır, özü bilər, Allahı bilər.
- Bildiyimə görə, Mədəniyyət və İncəsənət Universitetində işləyirdiniz. Hazırda pedaqoji fəaliyyətlə məşğul olursunuzmu?
- Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdim. Bu ildən rektor Fərəh Əliyeva bildirdi ki, dərs saatı, tələbələr azdır, bu il az uşaq qəbul olunub. Mənim də bir tələbəm var idi, o da bu il məzun oldu. Dərs saatı adı ilə çox adam kənarlaşdırıldı, bəzilərinin də məvacibləri azaldıldı.
-Yəqin, işinizi itirməyiniz maddi durumunuza təsirsiz ötüşməz.
- Biz sənətkarıq da. Ağacın da dibinə su tökməyəndə, gündən-günə zəifləyir, quruyur. Sənətkar da sənətdən ayrı düşəndə pis olur. Əlibaba müəllimin 85 yaşı var, yenə sənətdədir. Buna çox sevinirəm. Amma həyatda çox mübariz qadınam. Düşmənlərim çox olanda bir az da fəallaşıram, daha da cavanlaşıram. Düşmənimin qarşısında əyilmək istəmirəm.
- İndi gənc ifaçıların qalmaqalları yaşlı sənətkarlar tərəfindən qınanılır. Doğrudanmı, sizin gənclik illərinizdə hər şey əla idi, hamı bir-biri ilə rahat yola gedirdi?
- Vallah, bizim dövrümüzdə bundan da pis idi.
- Məsələn, nələr baş verirdi?
- Biz yazıq cavanların yaxasından tutmuşuq, buraxmırıq. Lap dünyasını dəyişənlərdən götürək. Guya Sara Qədimovayla Şövkət Ələkbərova, Tükəzban İsmayılova bir-biri ilə rəfiqə olublar? Hamısı bir-biri ilə intriqa aparıblar. Belə şeylər olub, var, olacaq da.
- Amma həmin söz-söhmətlər, umu-küsülər bu qədər ictimailəşmirdi...
- Sadəcə, elə şeyləri efirdə göstərmirdilər. Bir də, həmin intriqalar daha abırlı olurdu. Öz aralarında küsülü də qalırdılar, barışırdılar da. Amma efirə çıxıb şou göstərmirdilər.
- Yəqin ki, sizin də yola getmədiyiniz həmkarlarınız olub.
- Əlbəttə, olub. Tamaşalarda bir-birimizlə anlaşılmazlıqlarımız, intriqalarımız olub.
- Konkret kimlərlə?
- Canəli Əkbərov, Arif Babayev, Mənsum İbrahimov, Mələkxanım Əyyubova ilə intriqalarımız olub. İndi olur da, ana ilə balanın da sözü çəp gəlir. Amma hər şey öz aramızda olub, efirə çıxarmamışıq. Mən heç kimlə küsülü qala bilmirəm. Nə olursa da, tez barışmağa çalışıram. Küsülü qalmağı da heç kimə məsləhət bilmirəm. İnsanın qəlbində kin oldusa, daxildən özünü yeyir. Ailədə də anlaşılmazlıqlar olur. Gərək ucuzluğa getməyəsən. Hər şeyin yaxşı tərəfini görmək lazımdır. Mənim qəlbim təmizdir, ruhum, ürəyim cavandır. Ona görə həmişə deyirlər ki, çox cavan görünürsən, yaş vermək olmur.
- Neçə yaşınız var ki?
- 64 yaşım var, amma heç kim öz yaşımı vermir...
- Gənc ifaçıları dinləyirsinizmi?
- Hamısına qulaq asıram. Heç birini fərqləndirmirəm. Deyir, hər gülün öz ətri var. Əgər o, yaxşı oxumasa, oxuya bilməsə, onu efirə niyə çıxarırlar?
- Son illər bir neçə muğam müsabiqəsi keçirilib. Amma heç birində münsiflər heyətində təmsil olunmamısınız. Bu məsələdə də sizə qarşı diqqətsizlik var, yoxsa münsiflik kimi ağır məsuliyyətin altına girmək istəməmisiniz?
- Əlbəttə, mənə qarşı diqqətsizlik var. O müsabiqələrin münsiflər heyətini ölkənin rəhbərliyi seçmir ki. Kimin kiminlə arası yaxşıdırsa, onu da münsif edirlər. Münsiflər heyətini də dostluqla, qohumluqla, yerlibazlıqla seçirlər. Onlar artıq öz yerlərini tutublar. Canəli Əkbərov çox istədi ki, münsiflər heyətində təmsil olunsun, onu da yaxın buraxmadılar. Mən də istərdim ki, orada olum, həm gənc xanəndələrə məsləhətlərimi verim, həm də ayda 1500-2000 manat pul qazanım. Oradakı jürilərə 1500-2000 manat pul verirlər. Kim gəlirindən qalmaq istəyər ki? Dəvət etmirlər, etməsinlər də. Mən dəvəsi ölmüş ərəbəm, dözərəm.
- Sizcə, münsiflər düzgün qiymət verir, yoxsa kimlərisə haqsız olaraq sıxışdırırlar?
- Əlbəttə, sıxışdırırlar. Hərə öz tələbəsinə yaxşı qiymət verir. Siz jurnalistsiniz və bunları məndən də yaxşı bilirsiniz. Sadəcə, mənim dilimdən eşitmək istəyirsiniz.
- Hər halda, siz sənətkarsınız və fikirləriniz önəmlidir.
- Mən heç kimdən qorxmuram, çəkinmirəm və sözümü də deyirəm. Bəli, hamı öz tələbəsinə qiymət verir. Qıraqdan gələn bədbəxt də qıraqda qalır.
- Sizin tələbələrdən həmin müsabiqələrdə iştirak edənlər olub?
- (Gülür) Mənim tələbəmi heç ora yaxın qoymayıblar. Bir tələbəm var, adı Valehdir. O oxuyanda Yaqub Məmmədov yada düşür. Universitetdə tələbəm idi. Fərəh xanım sağ olsun, məni işdən çıxartmaqla böyük iş gördü, Qarabağı geri qaytardı. İstəyirdim ki, heç olmasa, o uşağı axıradək mən yetişdirim... Kim pislik edirsə, özünə edir. İnsan gərək yaxşılıq eləsin ki, qarşısına yaxşılıq çıxsın, Allaha xoş getsin. Allaha naxoş gedən iş görən insan Allah qarşısında cavab verəcək.
- Unudulmaqdan qorxursunuz?
- Hərdən Yaqub Məmmədovun, Hacıbaba Hüseynovun, Hacı Mailin, Əlibaba Məmmədovun yubileylərində oxuduqlarımı efirə verirlər. Hər yerdən mənə zənglər gəlir. Halbuki, 15-20 ilin lent yazılarıdır. Mən elə Qəndabam, Qəndab kimi gəlmişəm, Qəndab kimi də gedəcəyəm. Bu yaxınlarda bir nəfər məni toya çağırdı. Soruşdum ki, kimlər olacaq. Dedi ki, filankəslər. Dedim, istəyirsən virtuoz, ən öndə gedən oxuyanınız gəlsin bura, mikrofonsuz oxuyaq.
- Kimlər idi?
- Adlarını demək istəmirəm. Onsuz da, başım bəlalıdır. Baxın sözümü necə səhv başa düşüblər. Guya mən toxucu işləyirəm. Bir gün sizi də götürüb, aparacağam vaxtilə işlədiyim toxuculuq kombinatına... O vaxt gəldim həm Asəf Zeynallı adına musiqi texnikumunu bitirdim, həm də pul qazandım. Toxuculuğa cavan qızlar lazımdır. Mən müəlliməm, kim savadlanmaq istəyirsə, gəlsin yanıma. Mən xalq çox istəyir, kim nə deyir-desin.
Digər Xəbərlər
2024-12-25 11:01:00
2024-12-25 00:10:59
2024-12-24 21:20:55
2024-12-24 20:31:08
2024-12-24 19:39:46
2024-12-24 15:39:20
2024-12-24 14:50:27
2024-12-24 12:31:51
2024-12-24 00:09:55
2024-12-23 23:34:42
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38