Avropa Parlamentindən Azərbaycana növbəti zərbə
01:18 18-10-2014
İQTİSADİYYAT
Avropa Parlamentindən Azərbaycana növbəti zərbə
Ermənilər Avropa Parlamentində "Qarabağla dostluq qrupu" yaratmağa nail oldular
Dağlıq Qarabağ problem ilə bağlı aparılan danışıqlara demək olar ki, əməlli-başlı inam yaranmışdı. Bir neçə görüşdən sonra yaxın vaxtlarda Fransada da Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır və iddia olunur ki, bu görüş hazır proqramın imzalanması ilə nəticələnəcək. Hətta Fransa tərəfi dəfələrlə bəyan edib ki, məsələnin həllinə çox yaxındılar və Fransa prezidenti Fransua Olland nəticə əldə edəcəyinə əmindir.
Ekspertlər son zamanlar Avropa ölkələrinin Dağlıq Qarabağla bağlı aktivləşməsini müsbət dəyərləndirsələr də başqa məqamların olduğu da iddia olunur. Bunlar nədir? Ekspertlər hesab edir ki, Avropa ölkələri ayrı-ayrılıqda Azərbaycana münasibətdə xoş mövqe sərgiləsələr də təmsil olunduqları beynəlxalq qurumlarda bunun tam əksini görürük. Məsələn, Azərbaycanın Fransa, İngiltərə,Pribaltika ölkələri ilə ayrı-ayrılıqda çox sıcaq münasibətləri var. Amma Avropa Şurasında, Avropa Parlamentində daima Azərbaycana qarşı təzyiqlər artırılır,bəzi məqamlarda isə xoşagəlməz qərarlar çıxarılır. Belə ki, "Ermənistanın Avropa dostları" təşkilatının dəstəyi ilə oktyabrın 15-də Avropa Parlamentində "Dağlıq Qarabağla dostluq qrupu" yaradılıb. Avropa Parlamentinin bir qrup deputatı qrupa üzv olmaq üçün müraciət edib. Avropa Xalq Fraksiyasının üzvü Frank Engel isə "Avropa Parlamenti-Dağlıq Qarabağ" dostluq qrupunun sədri olacaq. Məqsəd Avropa Birliyi rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında münasibətlərin qurulmasıdır. Bundan əlavə, dostluq qrupu Avropa Birliyinin rəsmi proqramlarında Dağlıq Qarabağın da təmsil olunmasına çalışacaq. Bundan əvvəl analoji qruplar Litva və Fransa parlamentlərində də yaradılıb. Maraqlıdır, bu qrupun yaradılması Azərbaycana hansı problemlər yarada bilər? Ekspertlər hesab edir ki, ilk növbədə Dağlıq Qarabağ adından separatçıların bu qurumda aktiv fəaliyyətinə imkan tanınacaq. Yəni yeni qrup təkliflərlə çıxış edə, dinləmələr təşkil edə və bununla da kifayət qədər ajiotajlı təbliğat qura bilərlər. Həmçinin yaradılan qrupun sıraları zaman-zaman genişləndiriləcək və erməni lobbisinin imkanları daha da artacaq. Müşahidəçilər qeyd edir ki, qarşıdan qondarma erməni soyqırımı gəlir və ermənilər bundan istifadə etməklə Dağlıq Qarabağ problemini öz xeyirlərinə ictimailəşdirəcəklər ki, bu da Azərbaycan üçün əlavə problemlər olacaq. Çünki Ermənistan faktiki çöküb və digər tərəfdən Dağlıq Qarabağla bağlı danışıqlarda Azərbaycan diplomatiyası güc gəlməyə başlayıb. Belə olan halda Ermənistan Dağlıq Qarabağ problemi ilə erməni "soyqırım"ı arasında bir bərabərlik qoymaqla ən azından status-kvonu olduğu kimi saxlamağa çalışacaqlar. Beynəlxalq təşkilatların bu məsələyə ikibaşlı yanaşmaları isə tək Ermənistana dəstəklə bağlı deyil, həmçinin Azərbaycanın yürütdüyü siyasətlə bağlıdır. Belə ki, Azərbaycan tərəfi açıq şəkildə bəyan edib ki, nə Gömrük İttifaqına qoşulacaq nə də Avropa İttifaqına. Buna görə Avropa Şurası, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağ faktorundan yararlanmaqla Azərbaycanı təzyiq altında saxlamağa çalışırlar. Ekspertlər hesab edir ki, beynəlxalq təşkilatlar onların azərbaycanda yaratdıqları kölgəli şəbəkənin çökməsinə görə də çox narahatdırlar. Söhbət Leyla Yunus başda olmaqla bir sıra QHT-lərin kölgəli fəaliyyətindən və onların ifşalarından gedir. Mütəxəssislər bildirir ki, Leyla Yunus şəbəkəsinin çöküşü Avropanın Azərbaycanın daxili işlərinə qarışmasının qarşısını alıb. Buna görə hazırda Xədicə İsmayıl və erməni lobbisi beynəlxalq miqyasda antiazərbaycan kompaniyasına start veriblər. Məqsəd isə Azərbaycan ətrafında daha çox ajiotaj yaratmaq və bununla beynəlxalq aləmdə Azərbaycana təzyiqi artırmaqdır. Söhbət yalnız insan haqlarından , demokratiyadan gedirsə, onda bu günlərdə Gürcüstanda eks-prezident Mixail Saakaşvilinin rəhbəri olduğu partiyaya qarşı cinayət işi açdılar buna da eyni reaksiya verilməli idi. Və yaxud, Saakaşvili dönəmində ən yüksək post tutan məmurların, nazirlərin xeyli hissəsi hazırda həbsdədirlər. Amma bir dəfədə olsa beynəlxalq təşkilatlardan buna reaksiya gəlməyib.
Bütün bunlar isə təsdiqləyir ki, söhbət sadəcə olaraq Azərbaycanın tutduğu mövqe ilə bağlıdır. Bütün bunları cəmləşdirərək deyə bilərik ki, Avropa Parlamentində belə bir qrupun yaradılması kifayət qədər təhlükəli oyunun başlanığıcıdır və buna qarşı əks həmlələr hazırlanmalıdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53