Qudurğan hakimiyyəti istefaya necə göndərməli?
11:25 21-10-2014
İQTİSADİYYAT
Qudurğan hakimiyyəti
istefaya necə göndərməli?
Ermənistanda prezident Serj Sarkisyanın istefasını tələb edənlərin sayının çox olduğu düşünülə bilər. Müxalifət partiyaları, qeyri-hökumət təşkilatları, "müstəqil" olduqlarını deyən siyasətçilər, mimikriya etmiş media, ictimai xadimlər, əsgər anaları - siyahını yetərincə uzatmaq olar.
Onlar "Serj Sarkisyan istefa verməlidir!" söyləməyi çox sevirlər. Fəqət, Ermənistandakı cinayətkar rejimin gerçəkdən də hakimiyyətdən kənarlaşdırılmasını istəyənlərin real sayı nə qədərdir?
İstefa istəyənlər tələblərində nə qədər səmimidirlər?
Suallar cavabsızdır, çünki dəqiq heç nə bəlli deyil.
İş o yerə çatıb ki, "İstefa" bağırtıları arasında Serj Sarkisyanın ən yaxın əlaltılarının göstərişi ilə hərəkət edənlər az deyil.
Onlar aldıqları əmrlər əsasında hərəkət edirlər və zahirən inanılmaz təsir bağışlasa da, müxalifət qüvvələri ilə eyni cəbhədə çıxış etdiklərini göstərməyə çalışırlar.
Situasiya paradoks təsiri bağışlasa da, sadədir və həmin primitivliyi anlatmaq müşkül iş deyil.
Erməni Milli Konqresi, İrs Partiyası və Erməni İnqilabi Federasiyası-Daşnaksutyun əyalətlərdə mitinqlər seriyasına başlayaraq Yerevanda keçirməyi düşündükləri, genişmiqyaslı olacağını dedikləri etiraz aksiyalarına bünövrə, zəmin hazırladıqlarını bəyan edirlər.
Bu siyasi təşkilatların rəhbərləri çıxışlarında və bəyanatlarında ölkədə hakimiyyət dəyişikliyinin qaçılmaz, vacib olduğunu söyləyir, təkrarlayır və həmin yeniliklərin labüdlüyü ilə bağlı arqumentlər səsləndirməyə can atırlar.
Hakimiyyət dəyişikliyi və sistem yeniliklərinin vacibliyi ilə bağlı hamı həmfikirdir. Amma belə həmrəylikdən savayı, prosesin reallaşdırılması yollarının müxtəlif formalarından danışılmır.
Bir qüvvə "Serjik, rədd ol!" şüarını bəyənir, digəri "Tam hakimiyyət dəyişikliyi!" bağırır, üçüncü qüvvə isə "Biz hakimiyyətin dayaqlarının səbatlandırılmasına yönəlmiş konstitusion dəyişikliklərlə əlavələrə qarşıyıq, müxalifət qüvvələrinin 12 tələbinin yerinə yetirilməsini tələb edirik" söyləyir.
Məzmun baxımından tələblərin hamısı ümumən identikdir. Yalnız formal baxımdan müəyyən fərqlərə malikdir.
Olsun, əsas məsələ məzmundur.
Maraqlıdır ki, Erməni Milli Konqresi, İrs Partiyası və Erməni İnqilabi Federasiyası-Daşnaksutyuna qarşı əks-təbliğatda Sarkisyan iqtidarı məzmunla yanaşı, zahirə də xüsusi fikir verərək radikal addımlar atmağa başlayıb.
Məmurlar hətta "Çiçəklənən Ermənistan" Partiyasının (ÇEP) lideri Qagik Sarukyanı "hakimiyyətə işləmək və Serj Sarkisyanın istefasını tələb etməmək"də suçlamağa başlayıblar.
Təbii, belə ittihamlar aşkar səslənmir: məmurlar nəzarətlərindəki "müstəqil media"dan istifadə edirlər.
Hədəf ÇEP-lə yanaşı, bu partiyanın banisi və faktiki sahibi, sabiq prezident Robert Köçəryandır.
Köçəryanın ötən ay böyük siyasətə qayıdış ehtimalının çox real olması ilə bağlı açıqlamasından və prezident seçkilərinə qatılmaq barədə düşündüyünü etiraf etməsindən sonra Yerevandakı rejim narahatlıq keçirməyə başlayıb.
ÇEP sədrinin də müxalifət düşərgəsinə keçməsi və Serj Sarkisyana qarşı siyasi rəqabətə başlamasını bəyan etməsindən sonra ondan aktiv hərəkətlər gözlənilirdi.
Fəqət, Qagik Sarukyan siyasi fəaliyyətlə məşğul olduğunu bilir, amma biznes maraqlarını da unutmur. ÇEP sədri partiya rəhbəri olmaqla yanaşı, süni inhisarlardan birinə rəhbərlik etdiyini "qəflətən" xatırlayaraq prezident Serj Sarkisyanın istefasını tələb etmək və bununla da özünü birmənalı olaraq qatı müxalifətçilər cərgəsinə könüllü "transfer" etmək fikrindən vaz keçdi.
ÇEP lideri ehtiyatlı davranmağa çalışsa da, onun davranışı və bu əməllərin perspektivlərinin yarada biləcəyi fəsadlar hakimiyyətin nəzərindən qaçmadı.
İndi məqsəd ÇEP liderini potensial elektoratın nəzərində, habelə müxalifət düşərgəsində rüsvay etmək, onu zəiflətmək, manevr imkanlarını azaltmaqdır.
Əsas hədəf Qagik Sarukyan yox, ÇEP vasitəsilə siyasi qayıdışını reallaşdırmağa can atan Robert Köçəryandır.
Sarkisyan iqtidarının ideoloqlarının məramları yetərincə primitivdir: ÇEP zəifləyərsə, Qagik Sarukyanın hərəkət imkanları azalacaq və deməli, Robert Köçəryanın da prezident seçkilərində aktiv iştirakını təmin edəcək nəsnələr passivləşəcək.
Ermənistanın daxili siyasət arenasındakı boğucu mühit belə formalaşır, Sarkisyanın ssenarilərindəki mizan-səhnələrdəki aktyorlara tapşırılmış rollar oynanır və tamaşaçılar da baş verənləri laqeydliklə seyr edirlər.
Faktiki olaraq belə çıxır ki, Serj Sarkisyanın istefasını tələb edənlər müxalifət liderləri yox, Yerevanın Baqramyan küçəsi, 26 ünvanda yerləşən binada çalışanlar, yəni prezident administrasiyasının funksionerləridir.
Hakimiyyət bu minvalla cəmiyyətin beyninə yeritmək istəyir ki, ÇEP sədri Qagik Sarukyan prezident Serj Sarkisyanın istefasını tələb etmək cəsarətində deyil, bunu etmir, qorxur və ona görə də Yerevanda keçiriləcək mitinqlərə qatılmağa dəyməz. Sarkisyanın adamları Sarkisyanı qorumaq üçün nəzarətlərindəki kütləvi informasiya vasitələrində müxtəlif "cib" siyasətçiləri və siyasi marionetkalar vasitəsilə elə Serj Sarkisyanın istefasını istəyirlər.
Halbuki Ermənistanda vətəndaşların total əksəriyyətinin nifrət etdiyi Serj Sarkisyanı istefaya vadar etmək çətin deyil.
Bunun üçün passiv fərd yox, normal vətəndaş olmaq yetər.
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53