Azərbaycanlı həkimlərin orqan mafiyası ilə əlaqələrinə dair sensasion təfərrüatlar
11:35 22-10-2014
İQTİSADİYYAT
Azərbaycanlı həkimlərin orqan mafiyası ilə əlaqələrinə dair sensasion təfərrüatlar
Şok! 25 qanunsuz orqan transplantasiyası əməliyyatından 15-ni bizim həkimlər aparıblarmış
Azərbaycan həkimlərinin orqan mafiyası ilə ilişkilərinə dair yeni və sensasion təfərrüatlar məlum olub. Belə ki, Ukrayna Milli Təhlükəsizlik Xidməti milislə birlikdə Kiyevdə insan orqanlarının satışı üzrə ixtisaslaşan beynəlxalq qruplaşmanın iki üzvünü saxlayıb.
Ukrayna mətbuatının verdiyi məlumata görə, cinayətkarlar aztəminatlı ailələrin üzvlərini aldadaraq qanunsuz orqan əməliyyatlarının keçirilməsi üçün Asiya və Cənubi Amerika ölkələrinə göndəriblər.
Məlum olub ki, cinayətkarlar 4 il (2010-2014) ərzində xaricə təxminən 50 insanı göndərə bilib. Bunlar yalnız Ukrayna deyil, həm də Azərbaycan, Ermənistan, Litva və Rusiya Federasiyası vətəndaşlarıdır. Xəbərdə bildirilir ki, Ukraynada donor olaraq yalnız yaxın qohumlar çıxış edə bilərlər.
İstintaqın məlumatına görə, 25 qanunsuz əməliyyatlardan 15-i Azərbaycanda yerli həkimlər tərəfindən, digərləri isə Ekvador və Kosovoda keçirilib.
Xəbərdə xatırladılır ki, 2010-cu ildə Kiyevdəki A.Şalimova adına İnstitutun üç transplantoloq həkimi saxlanılıb. İki əməliyyat institutun özündə edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həkimlər cinayətkar qruplaşmanın tərkibinə daxil idilər. 2013-cü ildə paytaxtın Obolonski rayon məhkəməsi "qara transplantasiya" işini bağlayıb.
Cinayətkar qruplaşmanın rəhbərinin tibbi təhsili olmayan İsrail vətəndaşının olduğu bildirilir.
Tutulan şəxslər barəsində Ukrayna Cinayət Məcəlləsinin 149-cu maddəsi üzrə cinayət işi başlayıb.
"Unikal" olaraq qeyd edək ki, Azərbaycanda orqan mafiyasının izləri ilə bağlı hələ dörd il əvvəl ilginc məlumatlar yayılmışdı. Həmin vaxt İnsan orqanlarının "qara transplantasiya"sı ilə bağlı araşdırma aparmaq məqsədilə Ukrayna Daxili İşlər Nazirliyinin əməliyyat qrupu Bakıya gəlmişdi. O zaman Ukrayna Daxili İşlər Nazirliyi Kibercinayətkarlıq və İnsan Alveri ilə Mübarizə Departamentinin rəisi Yuri Kuçer bildirmişdi ki, əməliyyat qrupu Azərbaycan daxili işlər orqanları ilə birgə Bakıda çox ciddi araşdırmalar aparıblar və bu sahədə nəticələr əldə ediblər. Sitat: "Araşdırmalar hələlik davam edir. Əməliyyat qrupunun gördüyü işlərin nəticəsi də var. Lakin işlər hələ tam başa çatmadığı üçün bu barədə açıqlama verə bilmərəm. Araşdırmaların sonunda mətbuata ətraflı məlumat veriləcək".
Bildirilirdi ki, Ukrayna DİN-in əməliyyatçıları orqan mafiyası ilə bağlı Azərbaycanın tibb müəssisələrində yoxlamalar aparmış, həkimlərin ifadələrini almışdılar. Çox keçmədən Azərbaycanın baş prokuroru Zakir Qaralov mətbuata açıqlamasında Ukrayna Daxili İşlər Nazirliyinin orqan mafiyası ilə bağlı Baş Prokurorluğa müraciət etdiyini bildirmişdi: "Ukrayna daxili işlər orqanları Azərbaycan mətbuatına açıqlama verərək onların əlində insan orqanlarının "qara transplantasiyası" ilə bağlı əməliyyat məlumatlarının olduğunu bildirib. Biz qarşılıqlı hüquqi anlaşma əsasında Ukrayna tərəfi ilə bu məsələləri araşdıracağıq. Əgər Azərbaycan həkimlərinin bu cinayət hadisəsində əlaqəsi üzə çıxarsa, həmin şəxslər məsuliyyətə cəlb olunacaqlar. Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən bizə müraciətlər daxil olub. Biz həmin müraciəti dəyərləndirəcəyik və müvafiq qərarlar qəbul olunacaq".
İndi isə Ukraynadan gələn xəbərlərdə Azərbaycan həkimlərinin orqan mafiyası ilə əlaqələri təsbitlənir. Məlum olur ki, orqan alveri ilə bağlı 25 qanunsuz əməliyyatdan 15-i Azərbaycanda yerli həkimlər tərəfindən həyata keçirilib. Bu olduqca tükürpədici faktdır və ölkəmizdə orqan mafiyasının miqyasının qorxunc hədd aldığını göstərir.
Xatırladaq ki, Azərbaycanda orqan mafiyasının əməlləri hətta ATƏT-in xüsusi hesabatında da əksini tapmışdı. Həmin hesabatda da bildirilirdi ki, 2009-2010-cu illərdə orqan mafiyası Azərbaycanda, Ekvadorda və Kosovoda əməliyyatlar keçirib.
Orqan mafiyası Azərbaycanda bir neçə özəl klinikadan, o cümlədən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin sahibi olduğu "ABU Klinika"da aparılmışdı. Sonradan E.Abdullayev Fransadan Azərbaycan hakimiyyətinə qarşı videokompromat hücumu başladanda "ABU Klinika"da aparılan böyrək köçürmə əməliyyatlarından ona qarşı istifadə olundu. Baş prokuror Zakir Qaralov bildirdi ki, 2010-cu ildə insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı Ukrayna hüquq-mühafizə orqanları tərəfindən qaldırılmış cinayət işinin istintaqı zamanı ABU-nun tabeçiliyində olan klinikada belə faktlar müəyyən edilib.
Qeyd edək ki, qanunsuz orqan transplantasiyası Bakıdakı daha iki özəl klinikada həyata keçirilib. Azərbaycanla bağları olan beynəlxalq orqan mafiyasının başında duranlardan biri də İsrail ordusunun istefada olan generalı olmuşdu.
İndi ortaya çıxan yeni iddialara isə bizim aidiyyatı qurumların, hüquq-mühafizə orqanlarının, eyni zamanda Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin hansı reaksiya verəcəyi maraq doğurur.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53