Bahalı parkomatların arxasındakı "gizli əl" - Hacıbala Abutalıbov
13:17 24-10-2014
İQTİSADİYYAT
Bahalı parkomatların arxasındakı "gizli əl" - Hacıbala Abutalıbov
Bakıda quraşdırılan müasir dayanacaqlardakı ödənişlərlə bağlı ilginc iddialar
Son günlər Bakıda quraşdırılan yeni dayanacaqlar - parkomatlarla bağlı çoxsaylı narazılıqlar, şikayətlər səslənməkdədir. KİV-lər, müstəqil ekspertlər parkomatların fəaliyyəti ilə bağlı müxtəlif neqativ məqamlar barədə tez-tez danışırlar.
Ən diqqətçəkən məqam isə parkomatlarda qiymətlərin həddən artıq yüksək olmasıdır. Məsələn, hələ bir müddət əvvəl Müstəqil Nəqliyyatçılar Birliyinin sədri Natiq Ələkbərov bildirmişdi ki, parkomatlarda qiymətlər hamının cibinə uyğun şəkilə salınmalıdır: "Bu, hər şeydən əvvəl sosial məsələdir. Ona görə də qiymətlər tənzimlənməlidir. Hamının istifadə edə biləcəyi bir ölçüdə qiymətlər qoyulmalıdır. Bunlar hər hansı marağa xidmət etməkdən əlavə, insanların rahat dayanacaq yeri əldə etməsinə, eyni zamanda ondan istifadə edənlərin ödəmə qabiliyyətinə uyğun olmalıdır. Qiymətin uyğun olması hamını kütləvi şəkildə o xidmətdən istifadə etməyə istiqamətləndirəcək. Hesab edirik ki, ilkin vaxtda qiymətlər elə olmalıdır ki, hamını o xidmətə alışdırmağa kömək etsin. Yuxarı qiymətlər heç kimin diqqətini çəkmir. Ona görə də, aidiyyatı qurumlar mövcud qiymətlərə yenidən baxmalıdır".
"Azərbaycanda maşınların park edilməsi, bu zaman ödənişlə bağlı qanunvericilikdə heç bir şey yoxdur". Bunu isə bir neçə gün əvvəl nəqliyyat eksperti Ərşad Hüseynov Azərbaycanda maşınların park edilməsi məsələsinə aydınlıq gətirərkən deyib.
O qeyd edib ki, dünyanın bütün ölkələrində maşın dayanacaqları ödənişli deyil. Bəzi ölkələrdə parkomantlar pullu ola bilər, lakin bizdəki kimi park edilməyə görə o qədər pul almırlar: "Dayanacaqlarda ilk 15-20 dəqiqə üçün güzəştlər olur. Bəzi ölkələrdə park edilmə müəyyən şərtlərlə pulludur. Məsələn, 4 saat saxlayandan sonra gəlib maşınını götürməlisən. Hətta ən inkişaf etmiş ölkə olan Fransada belə, axşam 8-dən, səhər 8-ə qədər dayanacaqlar pulsuzdur. Bundan başqa, bayram günləri, həftə sonları parkomantlar pulsuz olur".
Ərşad Hüseynov bu məsələyə Azərbaycanda aydınlıq gətirilmədiyini deyib, bu fəaliyyəti hansısa məmurun öz istəyi ilə tənzimlədiyini vurğulayıb.
Əslində burada gizlətməli bir şey yoxdur: parkomatlar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırıldığından bu müasir dayanacaqlarla bağlı neqativ məqamların da məhz paytaxt rəhbəri Hacıbala Abutalıbovun ayağına yazılması təbiidir.
Hələ bir neçə ay əvvəl məlumat verildi ki, Bakıda Abutalıbovun rəhbərlik etdiyi meriya tərəfindən şəhərin mərkəzi hissəsində müvəqqətı parketmə üçün 288 yer müəyyən edilib. İlin sonunadək xaricdən 1000 parkomatın gətirilib quraşdırılacağı deyilir. Vətəndaş şəxsi avtomobilini bu parkomatların quraşdırıldığı yerlərdə park etmək istəyirsə, o zaman 30 dəqiqə üçün 50 qəpik, 1 saat üçün 1 manat, 2 saat üçün isə 2 manat pul ödəyəcək. Əgər yaşadığınız ünvanın yaxınlığında bu cür parkomatlar quraşdırılıbsa, o zaman siz aylıq abunədə ola bilərsiniz. Quraşdırılan parkomatlar tam sistem şəkilində birləşdikdən sonra nəqliyyatın intelektual idarə etmə mərkəzi tərəfindən də izləniləcək. Narazılıq doğuran əsas məqam isə yuxarıda da vurğulandığı kimi nəinki Azərbaycan, hətta bir çox xarici ölkələrlə müqayisədə hədsiz yüksək olan qiymətlərdir.
İndiyə qədər sürücülərin 20-30 qəpiyə istifadə etdikləri xidmət yüksək səviyyədə təşkil edilib. Lakin "yüksək səviyyə" xidmətdə deyil, yalnız qiymətdə özünü göstərir. 1 dəqiqədən 1 saata qədər 50 qəpik və növbəti hər saat üçün əlavə 50 qəpik heç də pis iştahadan xəbər vermir.
Deməli, qısa dayanmalar zamanı 20 qəpik əvəzinə 50 qəpik vermək lazım gəlirsə, evinin, iş yerinin yaxınlığındakı sahələrdə uzun müddətə avtomobilini park edən şəxslər hər gün 3-4 manat ödəməlidirlər.
Üstəlik, bəzi ekspertlərin qeyd etdiyi kimi, qanunvericilikdəki boşluqlar da parkomatlardan yığılan pulların sonrakı taleyi ilə bağlı narahatlıq yaradır.
Hər bir halda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun cəmiyyətin müxtəlif təbəqələrindən gələn giley-güzar səslərinə qulaq verməsi və məlum parketmə yerləri üçün müəyyənləşdirilmiş qiymətlərə yenidən baxması lazımdır. Bu ilk növbədə həmin vətəndaşların həmin parkomatlara "isinişməsini" təmin edərdi.
Digər tərəfdən, ekspertlərin parkomatlarda ödənişlə bağlı qanunvericilikdə boşluqlar olması ilə bağlı iradlarına da diqqətlə yanaşılmalı, bu məsələyə də aydınlıq gətirilməlidir.
Hər halda Bakının müasir Avropa şəhərləri standartlarına yaxınlaşmasına yardım edəcək parkomatlarla bağlı narazılıqlar və narahatlıqlara dırnaqarası münasibət xoşagələn deyil. Çünki bu təqdirəlayiq bir layihə ətrafında gərəksiz müzakirələrə "yaşıl işıq" yandırır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00